Bu gün “professor” ləqəbli Mahmud Qurbanovun 49 yaşı tamam olur.
“Football-plus.az” saytı “Neftçi-2”nin baş məşqçisinin geniş müsahibəsini diqqətinizə çatdırır.
- Doğum gününüzü necə keçirəcəkiz?
- Ad günümü sadə keçirəcəm. Elə bir fikir də yoxdu ki, harasa gedim, hardasa qeyd edim. Ümumiyyətlə, ad günü qeyd eləməyi xoşlamıram. Ailə üzvlərimlə birgə qeyd edəcəm.
- Doğum gününü qeyd etməyi xoşlamadığınızı bildirdiz. Belə çıxır ki, yaşlaşmaqdan qorxursuz...
- Yox, yaşlanmaqdan da qorxmuram. Həyat davam edir. Cavan olmuşuqsa, yaşlanan vaxtımız da var.
- Bu günə kimi yaddaqalan doğum gününüzü harda qeyd etmisiz?
- Açığı, mayın 10-u həmişə futbol mövsümünün axırlarına düşür. Futbol oynadığım dönəmdə elə vaxtlar olub ki, mayın 10-da meydana çıxmışıq. Elə vaxt da olub ki, məşq gününə düşüb. İndi də məşqçi kimi çalışıram. Məşqçi kimi də ad günümün oyun gününə düşən vaxtı olub. Bizim üçün elə meydanda olmaq ən yaddaqalan doğum günüdü. Yalnız bir dəfə, İranda Rəşad Sadıqovla bir komandada oynadığım vaxt doğum günümü ölkə xaricində qeyd etmişəm.
- Futbolçu üçün legioner həyatı yaşamaq nə deməkdi?
- Legioner həyatı futbolçu üçün çox yaxşı şeydi. Həm insan kimi formalaşırsan, həm də karyera baxımından inkişaf edirsən. Başqa mühitə, adət-ənənələri olan bir ölkəyə gedirsən. Dünyagörüşün artır, futbolçu kimi daha da püxtələşirsən, təcrübə yığırsan. İranda və Ukraynada oynamışam və bu sözləri təcrübəmə əsaslanaraq deyirəm.
- Çalışdırmaq istədiyiniz klub?
- Çalışdırmaq istədiyim klub… Həmişə demişəm və yenə təkrarlayıram: seçim bizim əlimizdə deyil. Bizim seçimimiz başqa cür ola bilər. Amma reallığa baxmalıyıq. Ona görə çalışdırmaq istədiyimiz klub seçimi bizim əlimizdə deyil.
- Azarkeşlik etdiyiniz klub?
- “Real”. Madrid klubunun oyunlarına baxanda zövq alıram.
- “Turan-Tovuz”la “Kəpəz” arasında keçirilən Qərb, yoxsa “Neftçi” – Qarabağ” arasında baş tutan Azərbaycan derbisi?
- “Kəpəz” – “Turan” oyunu qərb derbisi adlandırılmaqla yanaşı, həmişə prinsipiallığı ilə seçilib. Bu oyunlara daim xüsusi diqqət göstərilib. İstər Gəncə, istərsə də Tovuz olsun, stadion həmişə azarkeşlərlə dolu olur. “Kəpəz”də oynadığım dövrlər gözümün qabağına gəlir. O oyunlar gərgin keçirdi, maraqlı olurdu. Həm “Turan”ın, həm də “Kəpəz”in güclü vaxtları idi, Təsadüfi deyil ki, “Kəpəz” 3, Tovuz klubu isə bir dəfə ölkə çempionu olub.
- Suala daha konkret cavab versəz, yaxşı olar…
- “Neftçi” – “Qarabağ” oyunu da prinsipiallığı ilə seçilir. Bu oyunlara da azarkeşlərin xüsusi marağı var. Belə deyim, stadionun dolmağından bilinir ki, bu matça əhəmiyyət verirlər, derbiləri bir-birindən ayırmazdım.
- Ən çox xoşladınız yemək?
- Plov.
- Gəncə, yoxsa Bakı?
- Azərbaycanı bölgələrə bölmək istəməzdim. Həm Gəncə, həm də Bakı mənim üçün doğmadı.
- Ən çox bəyəndiyiniz film?
- Köhnə filmlərimiz. Adam onlara baxdıqca baxmaq istəyir. Bundan başqa, boş vaxtım olanda tarixi mövzuda kinolara baxıram.
- Ən çox bəyəndiyiniz aktyor?
- Uşaq vaxtı Van Dammın, Arnold Şvartseneggerin filmlərinə baxırdıq. Ümumilikdə kumirim olan aktyor yoxdu.
- Bəyəndiyiniz maşın markası?
- Konkret olaraq xoşladığım maşın markası yoxdu. Mənim üçün maşın nəqliyyat vasitəsidi. Ona görə də maşının markasının mənim üçün heç bir önəmi yoxdu.
- Daim zövqlə geyinənlərdən olmusuz. Xüsusi üstünlük verdiyiniz firma var, yoxsa buna fikir vermədən nə yaraşır, onu alırsız?
- İlk dəfə sizdən eşidirəm ki, zövqlü geyinirəm (gülür). Mənim üçün ən rahatı idman formasında olmaqdı. Çalışıram çox vaxt idman geyiminə üstünlük verim. Amma elə yerlər var ki, idman formasında getmək olmur. Bəyəndiyim firma yoxdu, geyimə də ancaq geyim kimi fikir verirəm, yəni bəzək üçün yox. Tanıyanlar da bilirlər ki, nə yaraşırsa, onu geyinməyə çalışıram. Amma xoşladığım bir firma da yoxdu. İdman firması var, paltar isə yox. Qiymətindən asılı olmayaraq, qarşıma nə çıxırsa, nə yaraşırsa, onu da geyinirəm.
- Sonda demək istədiyiniz söz?
- Bu gün həm də ulu öndər Heydər Əliyevin anadan olduğu gündü. İlham Əliyev kimi, mərhum ölkə başçısı da idmana xüsusi fikir ayırıb, idmançılara xüsusi hörmət bəsləyib. Məhz onun hakimiyyəti dönəmində idmançılarımız mötəbər turnirlərdə qazandıqları uğurların qarşılığını gördülər ki, bu gün də həmin kurs İlham Əliyev tərəfindən davam etdirilir. Bəzən diplomatiyanın bacarmadığı işləri idmanla həyata keçirmək olur. 30 ilə yaxın “Qarabağ” bütün dünyaya Qarabağın Azərbaycan torpaqları olduğunu göstərdi. Arzum budu ki, bundan sonra da bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanısın, ulu öndərin və hazırkı ölkə başçısının yürütdüyü siyasət bəhrə versin.
RƏŞAD