"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev yeni əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra keçirilən brifinqdə klubun hədəfləri və gələcək planları barədə danışıb.
"Football-plus.az" xəbər verir ki, Ehtiram Quliyev öz açıqlamasında bir sıra məqamlara toxunub:
“Azərbaycan futbolu inkişaf edir. Əvvəllər şirkətləri futbola cəlb etməkdə çətinlik yaşayırdıq. İndi isə maliyyə dəstəyimiz artır. Bugünkü nümunə bunun təsdiqidir. Xüsusilə sponsorluq məbləğinin gizli saxlanılmamasını özümüz istədik. Bu, digər şirkətlər üçün də motivasiya olacaq, klublar isə sponsor cəlb etməyin mümkün olduğunu görəcəklər. Hesab edirəm ki, bu gün önəmli gündür və bu münasibətlə bizimlə birlikdə olduğunuz üçün hər kəsə təşəkkür edirəm.
Bəzi futbolçularla planlarımız və danışıqlarımız var idi. Lakin məlum hadisələrə görə planlarımızı dəyişməli olduq. Bildiyiniz kimi, avrokuboklarda iştirak futbolçular üçün əlavə motivasiyadı. Təəssüf ki, bu baş tutmadı. Buna baxmayaraq, ən azı daha iki transfer etməyi planlaşdırırıq”.
UEFA-nın klubu avrokuboklardan kənarlaşdırmasına toxunan Quliyev keçmişi geridə qoyduqlarını vurğulayıb:
“Keçmişdən danışmayaq. Biz yalnız irəli baxırıq. Yeni mövsümə yeni güc və yüksək əhval-ruhiyyə ilə başlayırıq. Hamıya bəyan edirəm: məqsədimiz çempionluqdu. Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz”.
Quliyev "Fənərbaxça" rəhbərliyi ilə keçirilən görüş barədə də danışıb:
“Fənərbaxça" təklifimizə müsbət cavab verdi. Oyunun Tovuzda keçirilməsini çox istərdik. Ancaq Azərbaycanda "Fənərbaxça"nın çoxsaylı azarkeşləri və stadionumuzun kiçik olması səbəbindən görüşün Bakıda keçirilməsi variantı müzakirə olundu. Razılığa gəldik ki, matç 20 sentyabr – 10 oktyabr tarixləri arasında keçiriləcək. İstərdik ki, oyun Şəhidlərin Anım Gününə təsadüf etsin və əldə olunan gəlir xeyriyyə fondlarına bağışlansın”.