Məlum olduğu kimi, 2020-ci ildə Bərdənin bombalanmasından sonra sosial şəbəkə hesabında ermənilərlə bağlı paylaşım edən “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov UEFA tərəfindən sərt cəzaya məruz qalıb. O, qurumun qərarı ilə futbolla bağlı bütün fəaliyyətlərdən ömürlük uzaqlaşdırılıb, bu səbəbdən tutduğu vəzifədən də kənarlaşdırılıb.
Hadisənin üzərindən artıq altı il keçib. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşıb, sülh müqaviləsi imzalamaq ərəfəsindəyik. Bəs belə durum Nurlanın futbola dönüşünə yardım edə bilərmi?
Səbəbkar “Football-plus.az”a bu haqda danışdı:
“Hazırda fərdi şəkildə idman, xüsusilə də futbol tədbirlərinin təşkili istiqamətində fəaliyyət göstərirəm. Azərbaycanda bəzi klublarla əməkdaşlıq edirəm. Bu əməkdaşlıq davamlı və əsaslı olmasa da, müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Fəaliyyətim əsasən bundan ibarətdi. Cəzaya gəlincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması, ümumiyyətlə, dövlətlər arasında əlaqələrin normallaşması sevindirici haldı. Mən də həmişə qan tökülməsinin əleyhinə olmuşam və sülhün tərəfdarıyam.
Cəzanın aradan qaldırılması mənim fərdi şəkildə edə biləcəyim məsələ deyil. Bu qərarı futbol qurumu verib və yalnız müvafiq qurumların atacağı addımlarla həll oluna bilər. Hesab edirəm ki, cəza verilən zaman bu, daha çox siyasi motivli qərar idi, hüquqi əsası yox idi. Buna görə də mənim bu məsələdə birbaşa müdaxilə imkanım yoxdu. Lakin aidiyyatı qurumlar hüquqi prosedurlar çərçivəsində bu məsələyə yenidən baxa bilər”.
İSRAYIL XEYRULLAYEV