Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı qəbul edəcək Danimarka "Orhus"unun baş məşqçisi Yakob Poulsen oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, mütəxəssis komandasının rəqibi ciddi təhlil etdiyini bildirib:
"Yaxşı hazırlaşmışıq və bizi nəyin gözlədiyini bilirik. "Sabah" çox yaxşı komandadı. Ötən mövsüm Azərbaycan çempionatında ölkənin ən güclü komandalarından hesab olunan və Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq inamlı şəkildə çempion oldular. Deməli, bizi güclü rəqib gözləyir".
O, "Sabah"ın həm müdafiədə intizamlı oynadığını, həm də hücum xəttində təhlükəli futbolçulara sahib olduğunu vurğulayıb:
"Sabah" nizam-intizamlı komandadı. Hücumda sərbəst hərəkət edən dörd futbolçu və məhsuldar mərkəz hücumçusu var. Eyni zamanda möhkəm müdafiə xəttinə sahibdirlər və rəqiblərin qol vəziyyəti yaratmasını çətinləşdirirlər. Adətən qarşılaşdığımız komandalardan fərqli rəqiblə oynamaq maraqlıdı. Həm komanda, həm də fərdi baxımdan futbolçular üçün yeni çağırışdı".
“Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək və saat 20.00-da start götürəcək.