“Zenit”dən “Zirə”yə qədər

1.07.2026 23:12 82
Yazarlar / Manşet
Azərbaycan çempionatında legioner limiti ləğv ediləndə bu qərarın ideya müəlliflərinin əsas bir şüarı vardı. Deyirdilər ki, legioner limiti yerli futbolçuların rahatlaşması üçün bəhanə verir, onlar limitə görə yerlərinin təmin olunduğunu düşünürlər. Bu düşüncə də onlarda tənbəllik yaradır, evin içində rahar pullarını qazanırlar, legioner həyatı yaşamaq istəmirlər. Artıq bu qərarın verilməsinin üzərindən xeyli müddət keçib. Legioner axını çoxalıb, onlara xərclənən pulların da məbləğı yüksəlib. Bəli, ola bilsin ki, legionerlərin sayəsində premyer-liqada gərginlik artdı, rəqabət yüksəldi. Amma bu rəqabətin armasının bizə nə xeyri oldu? Tezliklə avrokubok mövsümünə start veriləcək, klublarımızın güclənib-güclənmədiyini orda dəqiq biləcəyik.

Avrokubok mövsümü başlamadan dəqiq bildiyimiz bir həqiqət var. Həmin həqiqət də ondan ibarətdi ki, yerli futbolçuların sonuncu nəsli də itib-batır, yerlilər kölgədə qalır. Uşaq akademiyalarına maraq azılıb, heç kim futbolçu yetişdirmək üçün pul xərcləmək fikrində deyil. Zaman keçdikcə biz limitin Azərbaycan futboluna vurduğu zərbənin ağırlığını daha çox hiss edəcəyik. Milli komandalara çağırmağa ayağı top tutan azərbaycanlı futbolçu tapılmayacaq. Onda məcbur qalıb üzümüzü Dağıstana, Ukraynaya, Türkiyəyə, Almaniyaya tutacağır. Kimlər üçünsə pul qazanmaq fürsəti olacaq, kimlərsə baxacaq və ürəyində şiddətli ağrılar qopacaq.

Limitin aradan qaldırılması dəstəkləyənlərin iddiasına görə, əncəbilərin kütləvi gəlişi azərbaycanlı futbolçular xaricə axınını stimullaşdırmalı idi. Bizimkilər öz klublarımızdan üz döndərib, Avropanın dörd bir yanına səpələnəcəkdilər. Lap elə gürcülər kimi. Deyir sən saydığını say, gör bizim futbolçularımız nə sayır... Bəli, bu acı həqiqəti qəbul etməliyik ki, bizim futbolçuların səviyyəsi Avropa klublarında oynamağa yetərli deyil. Lakin onların səviyyəsi də öz-özünə arta bilməz, bunun üçün uşaq yaşlarından düzgün məşqlər keçilməlidi. Onu kim təşkil etməlidi? Uşağın valideynləri, yoxsa bu ölkədən futbolun inkişafına cavabdeh olan qurum, yəni AFFA?! AFFA isə yaxasını kənara çəkib, legioner limitini də ləğv edib ki, transfer bazarı şıdırğı olsun.

Tipik bir azərbaycanlı futbolçu nümunəsinə baxaq. Ayxan Hüseynov 2022-ci ildə “Turan Tovuz”a “Zenit”in yetirməsi kimi transfer olunmuşdu. Məntiqlə Hüseynov Tovuz klubunda oynaya-oynaya “artırmalı” və daha yüksək səviyyəyə çatmalıydı. Həmin vaxt 23 yaşı olan futbolçu ilə bir mövsümlük müqavilə imzalanmışdı. Hadisələrin sonrakı axarı göstərdi ki, futbolçu klubdan, klub da futbolçudan razı qalıb. Müqavilə müddəti bir neçə dəfə uzadılan Ayxan Hüseynov 2025/26-cı il mövsümünü də “Turan Tovuz”un heyətində keçirdi. Ötən həftə futbolçu “Futbol+”ə müsahibə vermişdi və “Turan Tovuz”dan ayrılacağının siqnalını vermişdi.

Sitat:
“Hazırda danışıq apardığımız klublar var. Bunlardan üçü xarici klubdu - biri Almaniya, biri Türkiyə, digəri isə ərəb ölkəsi çempionatında çıxış edir. Almaniya və Türkiyədən olan klublar aşağı liqa təmsilçiləridi”.

Sonrasının necə olduğunu siz də bilirsiz. Ayxan Hüseynov qəzetimizə verdiyi müsahibənin üzərindən heç bir həftə keçməmiş “Zirə” ilə müqavilə bağladı və artıq qəsəbə təmsilçinin futbolçusudu. “Zirə” Ayxan Hüseynovla ikiillik müqavilə imzalayıb. Sağlıq olsun, 28 yaşına qədər “Zirə”də forma geyəcək Hüseynov çətin ki, ondan sonra legioner həyatı yaşamağa meyl göstərsin. Beləcə “Zenit”də böyük ümidlərlə başlayan futbolçu karyerası “Zirə”də qürub etməyə başlayacaq. Ondan sonra sırada “İmişli”, “Sumqayıt”, yaxud da “Şəfa” olacaq. Bu yerdə klub adlarının şərti olduğunu da qeyd edim.

Sözümün canı bir azərbaycanlı futbolçunun taleyinin təsviridi. Yavaş-yavaş üzdə olan futbolçuların da sayı azalacaq, onların da yerini əcnəbilər tutacaq. Nə xaricdə bizi uğurla təmsil edən legionerimiz olacaq, nə də millini böyük hədəflərə öz çiynində aparanlar. Təəssüf ki, hadisələrin axarı bunu göstərir.

AMAL