Bir müddət öncə sürpriz şəkildə karyerasını başa vurduğunu açıqlayan türkiyəli yarımmüdafiəçi Oğuzhan Özyakup Niderlandın ESPN kanalına diqqət çəkən açıqlamalar verib.
Onun 32 yaşı yalnız sentyabrın 23-də tamam olacaq. Niderlandda doğulan və “Arsenal”ın akademiyasında yetişən Oğuzhan “Beşiktaş”dakı çıxışı ilə populyarlıq qazanmışdı. O, 10 illik “Beşiktaş” macərası zamanı 3-ü çempionluq olmaqla 5 titul qazanmışdı. 2022-dən bəri isə Oğuzhan Niderland təmsilçisi “Fortuna”nın şərəfini qoruyurdu. Karyerasını bitirməyin səbəbləri barədə danışan Özyakup bunları deyib:
“Əslində “Fortuna” rəhbərliyi ilə yeni müqavilə haqda danışıqlarımız olmuşdu. Amma mən artıq beynimdə futbola davam etmək istəmədiyimə qərar vermişdim. Özümdən ən yaxşı şəkildə yararlanmaq üçün hər gün özümə əlimdən gələn hər şeyi etmək istəyib-istəmədiyimi soruşurdum. Elə bir gün gəldi ki, artıq yeni müqaviləyə imza atmağımın həm özümə, həm fanatlara, həm də komandaya qarşı haqsızlıq olacağına qərar verdim. Düzdü, “Fortuna” ilə müqaviləm başa çatmışdı və Türkiyəyə qayıtmaq variantı da var idi. Çoxlu təklif almışdım. Amma bunu da istəmədiyimi çox tez anladım. İndiyə qədər heç vaxt mətbuata açıqlamadığım bir mövzu haqda da danışmaq istəyirəm. Bu, məndə 2015-ci ildə hələ “Beşiktaş”da oynadığım dönəmdə başladı. “Panik atak”ları nəzərdə tuturam. Bunun üzərində çox çalışdım. Amma durumum yaxşılaşmaq əvəzinə daha da pisləşirdi. Sonra öyrəndim ki, bir çox futbolçu bundan əziyyət çəkirmiş. Hər kəsə, xüsusilə də gənclərə bu mövzuda məsləhətim budu ki, “panik atak”dan əziyyət çəkərkən bununla təkbaşına mübarizə aparmağa çalışmasınlar. Ətrafdakı insanlarla söhbət etsinlər. Özlərini yalqız hiss etməsinlər. Mənə bacımın çox köməyi dəydi. Daha sonra bir neçə həftə psixoloq yanına getməli oldum. Onun da məsləhətləri çox faydalı oldu. Türkiyədəki həyat mənə uyğun deyil. Çünki orda təzyiq yaşamamaq üçün hər dəfə ən yüksək performans sərgiləməlisən. Bu, ciddi məqamdı. Həm də böyük komandanın oyunçuları daim diqqət mərkəzində olur. Məsələn, Niderlandda “Ayaks”ın futbolçusu oyundan bir gün sonra çox rahat şəkildə Amsterdamda istədiyi məkana gedərək yemək yeyə bilir. Burda insanlar sizi çox da narahat etmir. Türkiyədə isə belə şey mümkün deyil. Ona görə də keçmişə boylandıqda xarakterimin Türkiyədəki həyata uyğun olmadığını görürəm”.