Niderland təmsilçisi “Fortuna” da Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım kampaniyasında yaxından iştirak edən klublardandı.
Bu da təsadüfi deyil. “Fortuna”nın prezideenti türkiyəli iş adamı, “Qalatasaray”ın sabiq yönəticisi İşıtan Gündü. Sittard şəhərini təmsil edən bu klubda həm də əslən Türkiyədən olan 5 futbolçu çıxış edir. Onların arasında Burak Yılmaz və Oğuzhan Özyakup kimi tanınmış oyunçular da var. İşıtan Gün zəlzələ və planlaşdırdıqları dəstək haqda danışaraq bunları deyib: “Millətimizə keçmiş olsun. Biz də hamı kimi üzgünük və psixoloji cəhətdən çökmüş vəziyyətdəyik. Əlimizdən nə gəlirsə, edəcəyik. Həftəsonu çempionat oyunundan əldə edəcəyimiz gəlirin hamısını yardım kampaniyasına göndərəcəyik. Bundan başqa martda yığma pəncərəsində bir boşluq yaranacaq. Həmin vaxt adlı-sanlı bir rəqiblə yoldaşlıq oyunu keçirməyi planlaşdırırırq. Bu, ya bundesliqa, ya da Belçika təmsilçisi olacaq. 60 minlik bir stadionda, dolu tribunalar önündə oynamaq istəyirik. Danışıqlarımız davam edir. Təbii ki, gəlirin hamısı zəlzələnin qurbanlarına göndəriləcək. Burak Yılmaz və Oğuzhan Özyakupla tez-tez toplantılar keçirirəm. Başqa cür yardımlar da həyata keçirmək istəyirik”. 20 turdan sonra 23 xalla 11-ci pillədə qərarlaşan “Fortuna” eredivizayada növbəti oyununu bu gün səfərdə “Emmen”ə qarşı keçirəcək. Komandanın bu qarşılaşmaya xüsusi forma ilə çıxacağı gözlənilir. Formanın üzrəində rəsmi sponsorun emblemi yox, SMS yolu ilə pul toplamaq üçün yardım kampaniyası olan “GİRO 555”in emblemi yer alacaq. Bunun üçün yerli federasiyanın xüsus icazəsi alınıb. “Fortuna” bu kampaniyadan Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlər üçün samballı bir məbləğ toplamağı planlaşdırır. Bundan başqa qarşılaşmanın dərhal ardından bu görüşdə geyilən bütün formalar “MatchWornShirts” saytında fevralın 19-na qədər hərraca çıxarılacaq. “Fortuna”nın yardım üçün başqa işlər görəcəyi də gözlənilir.
Yeri gəlmişkən onu da bildirək ki, fevralın 16-da Konfrans Liqasının pley-offu çərçivəsində baş tutacaq “Trabzonspor” – “Bazel” matçından əldə olunacaq gəlir də yardım kampaniyalarına köçürüləcək. Bu matçın keçirilməsi bir qədər şübhə altında idi. Amma UEFA rəsmiləri Trabzon klubunun rəhbərliyi ilə əlaqə saxlayaraq şəhərdəki vəziyyətlə maraqlanıblar. Trabzonda zəlzələ demək olar hiss edilmədiyindən şəhərdə həyat normal axarda davam edir. Bu üzdən oyunun təxirə salınması və ya başqa şəhərə keçirilməsi üçün səbəb yoxdu. Bunu trabzonluların başqanı Ahmet Ağaoğlu bildirib. O, qeyd edib ki, səfərdəki cavab matçından sonra da isveçrəlilərin eyni cür addım atacağına və gəliri yardım kampaniyasına bağışlayacaqlarına inanır.