O, ötən yay “Fortuna” ilə beşillik müqavilə imzalamışdı. 37 yaşlı hücumçunun ilk iki ildə kluba futbolçu kimi fayda verəcəyi, sonrakı 3 ildə isə akademiyada işləyərək məşqçi kimi çalışacağı gözlənilirdi. Əslində Burakın bu klubdakı karyerası o qədər də pis keçmirdi. “Fortuna” türkiyəli iş adamı Işıtan Günün komandasıdı. Burda Doğan Ərdoğan, Oğuzhan Özyakup kimi başqa türkiyəli futbolçular da top qovur. Burak bu komandada indiyə qədər 26 rəsmi oyunda 9 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib. Amma son turda “Qroningen”lə ev oyununun ardından qəribə olay yaşandı. “Fortuna”nın 3:1 hesabıyla qalib gəldiyi və Burakın qol vurmadığı qarşılaşmadan bir müddət sonra məşhur futbolçu “instaqram” hesabının hekayə bölümündə sürpriz bir paylaşım edərək bunları yazdı: “Sevgili “Fortuna” ailəsi və fanatları, sizin üçün oynamaq mənim üçün böyük fəxr idi. Hər şeyə görə təşəkkür edirəm. Sizə gələcəkdə uğurlar arzulayıram”. Futbolçunun bu paylaşımı nəinki futbolsevərləri, hətta klubun özünü də şoka saldı. “Fortuna”nın rəsmisi və baş skautu Syurd Ars məsələ ilə bağlı bunları dedi:
“Biz də təəccübləndik. Son matçda vacib qələbə qazandıq. Bəlkə də fikirlərini düzgün ifadə edə bilməyib. Çünki ingilis dilində tam aydın danışa bilmir. Ya da klubda kiminləsə problemi var. Bunun səbəbini tam bilmirik. Özü ilə görüşüb hər şeyə aydınlıq gətirəcəyik”.
Müxtəlif mənbələrin ortaya atdığı versiyalardan ortaya çıxan mənzərə budu ki, Burak “Qroningen”lə oyunda yaxşı təsir bağışlamayıb. Hətta yerli fanatlar bəzi epizodlarda onu fitə basıblar. Oyunun sonlarına yaxın isə baş məşqçi Xulio Velaskes onu əvəzləmək istəyərkən Yılmaz meydanı tərk etməkdən boyun qaçırıb! Bu addımından sonra “Fortuna” rəhbərliyi matçın ardından Burakı qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırmaq qərarına gəlib. Futbolçu da hadisələrin belə axarından sonra klubdan ayrılıb.
Növbəti sayımıza qədər, çox güman, bütün suallara aydınlıq gələcək.



