Son mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparsa da, 6-cı yerlə kifayətlənən “Araz-Naxçıvan” yay “transfer pəncərəsi”nin ən fəal komandalarından biridi.
“Futbol ili”nin ortasında Elmar Baxşıyevlə, sonunda xələfi Andrey Demçenkoyla vidalaşan “qırmızı-ağlar”ı hazırda gənc mütəxəssis Cavid Hüseynov çalışdırır. Kollektiv yay hazırlığına iyulun 10-da start verib və Bakıda məşq edir. Yeni futbolçularla müqavilə elanları isə bir-birini sıralayır. Öz aramızdı, görünür, ötən ayın son günlərində kluba yeni prezident təyin olunan Ceyhun Sultanov ya kisənin ağzını açıb, ya da böyük maliyyə dayaqları tapıb. Axı “qırmızı ağlar” ötən “futbol ili”ndə məlum səbəblər üzündən ciddi maddi sıxıntılarla üzləşmişdi.
Hər halda, komandanın 6-sı legioner olmaqla 8 oyunçu ilə güclənməsi başqa cür mümkün ola bilməz. Heyətə yeni cəlb olunanların qiyməti heç də ucuz deyil. Azı ona görə ki, “Transfermarkt”a görə, Luka Dumançiç 200, Alberto Qarsia 375, Artur Auqusto 200, Mara Mohamed 350, Abdallah Sudi 125 min avro bazar dəyərindədi. Düzdü, adı çəkilən portalda Alexandro Erreranın qiyməti qeyd edilməyib. Lakin yuxarıdakı oyunçuların cəmi bazar dəyəri belə 1 milyon avrodan çoxdu!
Belədə ağla gələn sual, təbii ki, belədi: bu dəyirmanın suyu hardan gəlir? Həmçinin, klub heyətin komplektləşdirilməsi prosesini sona çatdırıb, yoxsa hələ başqa futbolçular da alınacaq?
Bu suallarla “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Klub rəsmisinin cavabını dinləyək:
“İyunun 15-dən iş başındayıq. Hər mövsümün əvvəlində olduğu kimi, bu dəfə də büdcəmiz müəyyənləşib və çalışmalara start vermişik. “Araz-Naxçıvan”ın nə vaxt maliyyə problemi olub?! Hazırda yeni büdcə var və işlər həmin vəsaitə uyğun görülür. Heyətlə bağlı çalışmaların 90 faizini həll etmişik. Hazırda dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi mövqeləri üçün futbolçu axtarışı davam edir”.
Bilindiyi kimi, bugünlərdə yayılan informasiyaya əsasən, “Sabah” Masazırdan köçəcək! Son çempion ev oyunlarını Mərdəkanda – “Liv Bona Dea Arena”da keçirəcək. Klub artıq bu idman qurğusunu 12 milyon manat qarşılığında AFFA-dan satın alıb. “Bayquşlar” stadionda təmir işləri aparandan sonra orda məskunlaşacaq. Bəs, bu barədə “Araz-Naxçıvan”a məlumat verilibmi? Axı “qırmızı-ağlar” ev oyunlarını məhz həmin arenada keçirir. Eldəniz bəyin cavabını eşidək:
“Bəli, bu barədə bizə məlumat verilib. Rəhbərlik hazırda yeni stadion axtarışındadı. Ev oyunlarımızı bölgələrdən birində, yoxsa Bakıda keçirəcəyimiz bilinmir. Bu barədə konkret bilgi olacağı təqdirdə ictimaiyyətə məlumat verəcəyik”.
Klub rəsmisindən heyətdəki radikal dəyişliklərin səbəbi və yeni formalaşdırılmaqda olan komandanın qarşısına qoyulan hədəf haqda da məlumat aldıq. Həmçinin maliyyə durumu yaxşıdısa, toplanışın başqa ölkələrdən birində keçirilməsinə nəyin mane olduğunu soruşduq:
“Araz-Naxçıvan” həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Gələn mövsüm də avrokuboklara vəsiqə qazanmaq üçün çalışacağıq. Bunun üçün təcrübə, potensial var. Dəyişikliklərə gəlincə, yeni baş məşqçi Cavid Hüseynov komanda haqda ətraflı bilgi toplayandan sonra komandada kimi görmək istədiyini və istəmədiyini bizə dedi. Biz də mütəxəssisin qərarları əsasında addım atdıq. Ayrılıqların əsas səbəbi maliyyə çətinliyi ilə bağlı deyil. Qərarlarımızda komandanın ötən mövsüm qarşıya qoyulan hədəfə çata bilməməsi də rol oynadı. Toplanış barədə onu deyə bilərəm ki, Qəbələ variantı var idi. Ancaq sonda Bakıda qaldıq. Çünki heyət hələ tam komplektləşdirilməmişdi. Legionerlərin bizə qoşulması çətin olacaqdı. Bütün futbolçuların iştirak etmədiyi toplanış bizə fayda verməyəcəkdi. Bu üzdən ən məqbul seçim paytaxt idi”.
KƏNAN BAHADIR