İstanbulun iki nəhəngi “Qalatasaray” və “Fənərbaxça”nın vacib futbolçularına maraqlı təkliflər gəlib.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Əhli” Kərəm Aktürkoğlu üçün “Fənər”ə 30 milyon avroluq rəsmi təklif irəli sürüb! Bu xəbəri “Bein Sports” yayıb.
Müqavilədə 5 milyon avroluq bonuslar da mövcuddu. Ancaq yeni mövsümdə tətbiq olunacaq “10+4” limiti üzündən hazırda səviyyəli yerli futbolçu klublar üçün qızıl dəyərindədi. Ona görə də “Fənər” əsas oyunçularından birini qətiyyən satmağı planlaşdırmır. Elə Aktürkoğlu özü də ayrılmaq istəmir. Ata olmağa hazırlaşan 27 yaşlı futbolçu karyerasını və həyatını vətənində davam etdirmək niyyətindədi. Ancaq xəbərdə qeyd olunub ki, ərəblər təklifi artıracağı təqdirdə rəhbərliyin fikri dəyişə bilər. “Fənər”ə 40-45 milyon avroluq astronomik təklif gələcəyi halda rəhbərlik Kərəmin satışına razılıq verə bilər.
“Sarı-lacivərdlilər”lə hələ üçillik müqaviləsi olan “Qalatasaray”ın sabiq futbolçusu ötən mövsüm 44 rəsmi oyunda iştirak edərək hesabına 15 qol, 10 məhsuldar ötürmə yazıb.
“Qalatasaray”dan söz düşmüşkən, son çempionun aparıcı müdafiəçisi Davinson Sançesə İtaliyadan təklif gəlib. Burda vəziyyət bir qədər fərqlidi. Kərəmdən fərqli Sançes təklifə ciddi maraq göstərir. Hətta iddialara inansaq, o, rəhbərliyə ayrılmaq istədiyini bildirib!
Kolumbiyalını belə desək, yoldan çıxaran klub isə “Komo”du. Ötən mövsümü A seriyasında 4-cü pillədə başa vuran bu kollektiv, bilindiyi kimi, tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq.
Jurnalist Ərdəm Açıkgözün xəbərinə görə, “Komo” Sançesə illik 5 milyon avro maaş və 1,5 milyon avro bonus təklif edib. Son mundialda özünü yaxşı tərəfdən göstərən və Kolumbiya ilə 1/8 finala qədər irəliləyən Sançes bu şərtləri qəbul edib. Amma məsələ burasındadı ki, “Qalatasaray”ın tələbi ilə “Komo”nun təklifi arasında hələ də fərq böyükdü. Baxmayaraq ki, italyanlar 20 milyon avroluq təklifi 25 milyon avroya (və bonuslara) qədər yüksəldib. Amma “Cim-Bom” 30 milyon avrodan aşağı olan təkliflərin heç birini qəbul etmək niyyətində deyil.
Komandanın Sançesə bu dərəcədə dəyər verməsi başadüşüləndi. Təcrübəli futbolçu son iki mövsümdə Əbdülkərim Bardakcı ilə birlikdə müdafiənin dirəyi sayılır və qazanılan uğurlarda onun payı heç də az deyil. Yəni Sançes əldən çıxsa, “Qalatasaray” yenə səviyyəli mərkəz müdafiəçisi axtarışına başlamalı olacaq. Ancaq iddialara inansaq, rəhbərliyin tələbi ilə menecerlər hər ehtimala qarşı “Qalatasaray” üçün müdafiəçi axtarışına başlayıblar. Bu da onu göstərir ki, Sançesin bu yay ayrılması ehtimalı heç də az deyil.