Qadınlardan ibarət şahmat yığmamızın Monteneqroda gümüş medal qazanması ilə bağlı yazdığımız məqalənin sonunda kişilərdən ibarət yığmanın çıxışına yalnız bir cümlə ilə toxunduq:“Kişilərdən ibarət yığma komandamızın AÇ-da çıxışı isə tam ayrı söhbətin mövzusudu....”
Bəli, bu çıxış - çıxış adlandırmaq mümkündüsə - tam ayrı mövzudu. Kişilər qitə birinciliyində o qədər bərbad nəticə göstərdilər ki, onların nəticəsini qızlarımızın tarixi uğuru ilə bağlı yazılan eyni xəbərdə yazmağa belə adamın əli gəlmir. Təbii ki, həmişəki kimi onları bu dəfə də müdafiə edənlər tapılacaq. Deyəcəklər ki, bəs idmandı, idmanda bəzən uğursuzluqlar da olur və s. Xüsusilə həmin adamlara aiddi - yaxın əyləşin və bu yazını yaxşı oxuyun. Səhv bir fikirlə rastlaşsaz, tənqidlərə açığıq, buyurun yazın.
Yığmamızın Monteneqroda göstərdiyi oyun və nəticələr uğursuzluq deyil. Bu tam bir fiaskodur, bu tam bir biabırçılıqdı! Və bu fiaskonu bizə yaşadan şahmatçılar əaslində bunun üçün yetərincə uzun yol keçiblər.
Biabırçılığın təməli hələ bu yay Bakıda keçirilən Dünya kubokunda qoyulub. İstər kişi, istərsə də qadın şahmatçılarımız onlardan gözlənilən nəticələrin xeyli altında çıxış etməklə işlərin qaydasında getmədiyinin ilk siqnallarını vermişdilər. Onları sərt tənqidlərdən Nicat Abbasovun gözlənilməz uğuru qurtardı. Bütün mətbuatın və şahmat ictimaiyyətinin başı Nicata elə qarışdı ki, Şəhriyarın, Teymurun, Günayın və digər şahmatçıların uğursuzluğu unudulub getdi. Görünən odu ki, Günay Məmmədzadə ölkənin 1 nömrəli qadın şahmatçısı olmaq məsuliyyətini dərk edib, digər qızlarımız da Dünya kubokundakı uğursuz nəticələrdən lazımi nəticə çıxara, toparlana biliblər. Nəticə isə hamıya məlumdu. Həmin o uğursuzluqdan cəmi 3 ay sonra qadınlardan ibarət yığmamız Avropa ikincisi oldu. Amma təəsüf ki, eyni sözləri kişi şahmatçılarımıza aid etmək olmaz. Onlar elə Monteneqroya da Bakıdakı hava ilə getdilər.
Avropa çempionatına reytinq favoriti qismində yollanan Azərbaycan komandası sonda 38 ölkə arasında 18-ci oldu. Belə inanılmaz enişlərə şahmat aləmində çox nadir hallarda rast gəlinir, xüsusilə də komanda yarışlarında. Bəs görəsən, bu niyə baş verdi? Kimdi günakar? Federasiya?
Əvvəl daha rahat idi. Kiminsə hardasa bir probelmi olan kimi və ya işi düz getməyən kimi çıxıb bir status yazırdı ki, bəs federasiya belədi-elədi və düşdüyü vəziyyətdən az da olsa,, çıxırdı. Düzdü, o vaxtkı federasiyanın fəaliyyəti də belə “fəndlər” üçün kifayət qədər uyğun idi. Şahmatçılar və şahmat ictimaiyyəti ilə düzgün şəkildə qurulmayan münasibətlər, başqa məsələlər, qurumu daimi tənqidə açıq vəziyətdə qoymuşdu. Bundan da istifadə edənlər az olmayıb.
Amma indi vəziyət elə deyil. Hər şey çox dəyişib. Federasiyada rəhbər dəyişikliyindən sonra sözügedən boşluqlar aradan qaldırılıb, qurumda həmişə çatışmayan effektivlik artırılıb və hazırda qurumun işi göz oxşayır. Müxtəlif yarışlarda qazanılan böyük qələbələr isə bu işin məntiqi davamı kimi federasiyanın doğru yolda olmasının təsdiqidi. Bundan əlavə, bizdə olan məlumata görə, hazırda federasiyanın xüsusilə də yığma üzvləri olan şahmatçılarla münasibətləri heç vaxt olmadığı kimi ən yüksək səviyyədə qurulub. Bir sözlə, federasiya özündə tənqid yeri qoymayıb. Deməli, bu fiaskonu federasiyanın ayağına yazmaq düzgün olmaz.
Onda cəmi bir variant qalır. Bəli, fərdi uğursuzluq. Yəni problem komandada və ya federasiyada deyil, problem o komandada oynayan şahmatçılardadı.
Başlayaq elə əsas günahkar Teymur Rəcəbovdan. Düzdü, Teymur azərbaycanlı şahmatsevərlərə indiyədək ən böyük sevinc yaşadan şahmatçımızdı. 2019-cu ildə karyerasının və Azərbaycan şahmat tarixinin ən böyük uğuruna imza ataraq, Dünya kubokunun qalibi olub. Bundan başqa, Teymur son İddiaçılar turnirində də fantastik oyun göstərərək, sonda 3-cü yeri tutub. Yəni Teymur Rəcəbovun necə bir güclü şahmatçı olduğu hamıya məlumdu.
Teymurun yalnız bir zəif yeri var, o da yığma komandadı. Artıq bir neçə ildir ki, Rəcəbov yığmaya gəlməkdən ya boyun qaçırır, ya da gəlib könülsüz çıxış edir. Hətta ötən il belə bir xəbər də yayılmışdı ki, Rəcəbov Azərbaycan yığmasının heyətində çıxışdan imtina etməyə hazırlaşır. Yalnız o vaxt həmin söhbət rəsmi şəkildə təsdiqini tapmadığından, elə şayiə səviyyəsində qaldı. Amma necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz!
Elə həmin tüstünün nəticəsidi ki, Teymur Azərbaycan yığmasının heyətində Avropa çempionatına yollanır və orda keçirdiyi yeddi oyunda bir qələbə belə qazanmadan cəmi 2,5 xal toplayır. Bu yerdə adama sual verərlər: niyə getmişdin? Yığmada oynamaq istəmirsənsə, çıx açıq şəkildə imtina et. Federasiya da, azarkeş də, hamı bilsin ki, bu adam artıq bu ölkənin yığmasında oynamaq istəmir. Amma bunu etməyib gedirsənsə, zəhmət çək adına layiq şəkildə oyna və orda təkcə özünü yox, Azərbaycanı da təmsil etdiyini də bir an belə unutma.
Təsəvvür edin ki, Teymur Rəcəbov fərdi hesabda 1-ci taxta şahmatçılar arasında xal sayına görə 30 nəfər arasında 30-cu, reytinq performansına görə isə 29-cu yeri tutub!!! O, reytinq performansına görə yalnız Finlandiya şahmatçısı Toivo Keynaneni qabaqlaya bilib. Təsəvür edirsiz?
Bu nəticə adamı dəhşətə gətirməyə bilməz. Belə çıxır ki, Rəcəbov Monteneqroya yalnız federasiya hesabına gəzintiyə gedib. Buna başqa ad qoymaq olmaz. Bu səviyədə şahmatçı nə qədər zəif oynasa da, nə qədər formadan uzaq olsa da, belə bərbad nəticə göstərməsi mümkünsüzdü. Amma Rəcəbov bunu bacardı!!! Teymurun Avropa çempionatındakı çıxışının yekunu kimi söyləmək olar ki, sössüz, məhz o yığmanın belə uğursuzluğunun əsas və baş səbəkarıdı.
Problem təkcə Teymurda olsaydı, nə var idi ki. Şəhriyar Məmmədyarov da bərbad çıxış etdi. Şah bu dəfə oyunların böyük əksəriyyətini 2-ci taxtada keçirib və bu ona əlavə üstünlük qazandırmalı idi.
Bəli, idi... Amma qazandırmadı.
Alışdığı 1-ci taxtadakından nisbətən zəif rəqiblərlə qarşılaşan Məmmədyarov reytinq performansına görə 2-ci taxta şahmatçıları arasında yalnız 14-cü oldu!!! Məmmədyarov 7 oyuna cəmi 4 xal toplayaraq yığmanın bu uğursuzluğuna öz payını da qatmış oldu.
Məmmədyarov kimi şahmatçı 2446 reytinqə malik olan moldovalı beynəlxalq usta (İM) Andrey Makovey üzərində belə qələbə qazana bilməyib.
Yeri gəlmişkən, məhz həmin oyunu yığmamızın AÇ-da ən uğursuz matçı adlandırmaq olar. Yığmamız özündən həm heyətinə, həm də reytinqə görə xeyli zəif olan Moldova yığmasına 1:3 hesabı ilə uduzdu. Moldovaya qarşı matçda Rəcəbov və Məmmədyarov öz partiyalarının heç-heçə, Rauf Məmmədovla Vasif Durarbəyli isə məğlubiyyətlə başa vurdurlar. Onu da xatırladaq ki, 7-ci turdakı bu qarşılaşmadan öncə komandamız daha bir nisbətən zəif rəqib olan Yunanıstana məğlub olmuşdu. Açıq görünür ki, 6-7-ci turlar komandamız üçün qırılma anı oldu. Bəlkə də Çernoqoriyaya yığmamızın kapitanı qismində yollanan Qədir Hüseynov həmin oyunlara daha düzgün taktika və heyət seçsəydi, indi hər şey daha fərqli idi. Amma nə etmək olar? Olan oldu!
Təəsüf ki, yığmamızın faciəsi yalnız Rəcəbov və Məmmədyarovun bərbad çıxışı ilə də bitmir.
Daha bir faciəni bizlərə gənc ümidimiz olan Nicat Abbasov yaşatdı. Nicat yayda Bakıda keçirilən Dünya kubokunda dördüncülük qazandıqdan sonra, qatıldığı elə ilk ciddi sınaqdan üzü ağ çıxa bilmədi.
Abbasov AÇ-də keçirdiyi yeddi oyunda cəmi 3 xal toplaya bilib. Onu da xüsusi qeyd edək ki, Nicat bütün oyunlarını 3-4-cü taxtalarda keçirib. Dünya kubokunun dördüncüsü olmuş birinə AÇ-də 3 və 4-cü taxtalarda oynadığı yeddi partiyada yalnız 3 xal qazanmaq heç yaraşmadı.
Təsəvvür edin, Nicat turnirin gedişində 2472 reytinqə sahib olan slovak beynəlxalq usta Yuray Druşka və hətta FİDE ustası olan 2322 reytinqli belçikalı Lenert Lenertsı məğlub edə bilməmişdi. Hər iki partiya bərabərliklə nəticələnmişdi.
Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, Nicatı gələn il böyük ehtimalla İddiaçılar turnirində iştirak gözləyir. Avropa çempionatında 3-cü taxtada uğur qazana bilməyən bir şahmatçının İddiaçılar turnirində işlə məşqul olacağı çox maraqlıdır. Nicata bu oyunu ilə ona nəinki nəyəsə ümid etmək, həmin turnirdə, ümumiyyətlə, biabır olmaq da çətin olmayacaq. Nicat Avropa çempionatındakı çıxışını ciddi şəkildə təhlil edib, İddiaçılar turnirinə tam başqa şahmatçı cildində getməlidi.
Qitə biriniciliyində yalnız Rauf Məmmədovla Vasif Durarbəylini nəticələrini nisbətən kafi qiymətləndirmək olar. Kafi deyəndə, onların çıxışının qənaətbəxş olması anlamına gəlmir. Sadəcə, Teymur, Şəhriyar və Nicatdan fərqli onlara beşballıq şkala ilə yağlı “2” yox, hardasa “3” yazmaq olar. Onların da çıxışı idealdan uzaq olsa da (Rauf 8 oyundan 5,5, Vasif isə 7 oyundan 4,5 xal), “Teymur və onun komandası” qədər biabırçı da olmadı.
Bizim şahmatın “flaqmanlarının” karyeralarının qürub çağında belə məsuliyyətsiz çıxışı, sözsüz, federasiya üçün də ciddi siqnal oldu.
Ümid edək ki, növbəti Avropa və dünya çempionatlarında Azərbaycan yığması daha gənc və istəkli şahmatçılarla yollanacaq. İstək olan yerdə isə nəticə də olacaq.
Chess.az saytı