“Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfans Liqasının 2-ci təsnifat mərhələsinin "Dinamo-Minsk" ilə cavab oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ukraynalı mütəxəssis ilk görüşdə rəqibə 2:4 hesabı ilə uduzduqlarına görə azarkeşlərdən üzr istəyib. O, sona qədər mübarizə aparacaqlarını bildirib:
"Xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budu ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdı, mənim səlahiyyətimdədi.
İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”.
"Dinamo-Minsk" - "Neftçi" matçı iyulun 30-da Bolqarıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.