Süni işıqlandırma sistemi olmayan idman qurğularından biri də Şamaxı şəhər stadionudu. Maraqlıdı, "Şamaxı"nın stadionunu projektorla təchiz etmək fikri varmı? Yoxsa yeni tələb səbəbindən ortaya çıxan çətinliklərlə razılaşacaqlar? Axı "şirlər" ilk turda "Qarabağ"ı qəbul etməli olsalar da, səfərə yollanmalıdılar. Üstəlik komandanın 5-ci tur matçı da səfərdə - "Sumqayıt"ın meydanında olacaq.
Bu məqamlarla bağlı mövqeyini öyrənmək üçün klubun baş meneceri Kamran İsmayılova müraciət etdik:
"Düzdü, PFL-in tətbiq etdiyi yeni qaydaya görə ilk 5 turda evdə oynaya bilməyəcəyik. Yeni mövsümdə Şamaxıda ilk matçımızı 6-cı turda "Araz-Naxçıvan"a qarşı keçirəcəyik. Bəli, PFL stadionlarda projektorların olmasını tövsiyə edir. Biz də klub olaraq, süni işıqlandırma sistemi quraşdırmaq niyyətindəyik. Çünki belədə axşam saatlarında da Şamaxıda meydana çıxa biləcəyik. Detalları açıqlamaq istəmirəm, amma bu yöndə plan var və müəyyən addımlar atırıq. Ümid edirik ki, proses qısa müddətdə başa çatacaq və quraşdırma işlərinə başlayacağıq".
Fürsətdən istifadə edib, Kamran bəydən heyətin komplektləşdirilməsinin başa çatıb-çatmadığını da soruşduq. Axı "şirlər" mövsümlərarası fasilədə 18 futbolçu ilə yolları ayırıbsa, 13 yeni oyunçuyla anlaşıb:
"Transfer pəncərəsi" hələ bağlanmayıb. Qarşıdakı günlərdə yeni futbolçular almaq ehtimalımız var. Hər şey həm maddi imkanlardan, həm də hansı mövqelərdə boşluqların olmasından asılıdı. Vəziyyətə uyğun addım atacağıq. Onu deyə bilərəm ki, komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb".
KƏNAN BAHADIR





