Joze Alesio futzal yığmamızdan göndəriləndə, əvəzinə uzun illər vitrində olan Vitali Borisov gətiriləndə bəziləri ümidliydi ki, idmanın bu növündə əvvəlki qüdrətimiz bərpa olunacaq. Amma dəyişən heç nə yoxdu. Necə deyərlər, köhnə hamam, köhnə tas.
Ötən həftə DÇ-2024-ün elit mərhələsində Qazaxıstanı qəbul edən yığmamız hesabı açsa da, sonda 2:4 hesabıyla məğlub oldu. Təkcə hesabda yox, oyun planında da qazaxlar bizi üstələyirdi. Diqqəti çəkən məqamlardan biri də odu ki, heyətimizdə 7 braziliyalı yer aldığı halda, rəqibdə cəmi 5 əcnəbi vardı. Sözüm o ki, SSRİ-dəki mütəfiqimizin futzal yığması “sambaçı” baş məşqçiyə güvənsə də, heyətində yerli oyunçuları şans verməklə bizi üstələdi. İstər böyük futbolda, istərsə də futzalda hələ də legionerlərə bu qədər ehtiyac duymağımızın səbəbi nədi? Bir halda ki gəlmələrin “gətirdiyi” nəticələri yerli uşaqlarla da qazanmaq mümkündü onda legionerlərə bu qədər şans tanımağın, tolerant münasibətin adı nədi? Yerli futzalçıların potensialına hamıdan yaxşı bələd olan Vitali Borisov niyə braziliyalı sələfinin yolunu davam etdirir? Razıyam ki, gənc, yerli futzalçılarla qısa zaman kəsiyində böyük uğurlar qazanmaq xülyadı, amma ən azı müəyyən vaxt keçəndən sonra həmin gənclərin futzal seçməmizi yüksəklərə qaldırmaq ehtimalı yüksəkdi. Bir zaman futzalımızı dünya reytinqində irəli daşıyan Ağatahir Əzimov, Rizvan Fərzəliyev, Marat Salyanski, Tofiq Mikayılov, elə Vitali Borisov özü deyildimi?!
İllər boyunca yad məşqçilərə, oyunçulara pullar ona görə xərclənildi və bu ənənə hələ də davam edir ki, doğma meydanda Qazaxıstana yenilib, 4 komandalı qrupda güclə 3-cü yerdə qərarlaşaq?! Hesab edirəm ki, futzal rəhbərliyi papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidi. Azərbaycanın futzal yığması hazırkı vəziyyətə layiq deyil. Mənim faşist, irqçi, ultramillətçi iddiam, niyyətim yoxdu. Amma hər yoldan keçən gəlməyə açıq qapı, yaşıl işıq, ayaqları altına xalça salınması ənənəsinə son qoyulmalıdı. Baxın, Qazaxıstan Azərbaycanla müqayisədə daha polietnik dövlətdi. Ölkədə qazaxlardan sonda ən böyük etnik qrup ruslardı, sayı 2 milyona yaxındı. Rusların futbola marağının daha yüksək olduğunu nəzərə alsaq, gərək Qazaxıstan futzal yığmasında yarıdan çoxu etnir ruslar olaydı. Hələ alman, ukraynalı, özbək kimi ölkədə çoxluq təşkil edən xalqları nəzərə alsaq, onlara da yer verilməliydi. Amma Qazaxıstanın heyətində cəmi 1 alman, 1 rus, 3 braziliyalı yer alır. Onların da ilk ikisi Qazaxıstan doğumludu, “sambaçılar” da “milliləşdirmə” prosesini uğurla keçiblər, yerli oyunçulardan üstün keyfiyyətə sahibdilər. Zatən hazırda Qazaxıstanda legioner həyatı yaşayan qapıçı Rövşən Hüseynli də qəzetimizə verdiyi müsahibə və açıqlamalarında Qazaxıstanın futzal çempionatında güclü rəqabət yaşandığını, qazaxlar arasında perspektivli gənclərin olduğunu vurğulayıb. Bəs bizdə?!
Çempionatda böyük uçurum var. 10, 15, hətta 20 top fərqiylə qələbələr qeydə alınır. Bura turnirin ortasında hansısa komandanın fəaliyyətini dayandırmasını, kobud intizam pozuntularına görə tez-tez texniki məğlubiyyətlərin verilməsini də nəzərə alsaq, futzal çempionatı yox, fors-major liqa izləyirik. Təbii ki, belə çempionatı olan yığma irəli yox, geri gedəcək. Odu ki, bu cür futzal çempionatına sanballı legionerlər gəlmir. Ya da İrandan, Braziliyada heç kimə lazım olmayan oyunçular gəlir. Bunun da nəticəsi klubların və yığmanın beynəlxalq oyunlarında görünür.
Xülasə əvvəlcə çempionatı səviyyəsinin qaldırılması üçün yeni qayda-qanun, limit tətbiq olunmalıdı. Yerli futzalçılardan ən azı 2 baş üstün olmayan və “milliləşdirmə” prosesin keçməyən əcnəbilərin yığmaya doluşdurulmasına imkan verilməməlidi.
ABDULLA İSMAYILOĞLU