Futzal üzrə Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" yer aldığı 5-ci qrupda uğursuzluqla üzləşdi.
"Football-plus.az" xəbər verir ki, bütün oyunlarda uduzan son illərin dəyişməz çempionu azarkeşləri xəyal qırıqlığına uğratdı. Fiaskonun səbəbləri ilə bağlı vaxtilə "Araz-Naxçıvan"ın və millinin şərəfini qoruyan Rəcəb Fərəczadə ilə əlaqə saxladıq:
"Nə deyim, bilmirəm. Mən 15 il "Araz-Naxçıvan"da oynamışam, amma belə bərbad çıxışımız olmayıb. Yerli futzalçılarla çıxış edəndə müntəzəm pley-offa qədər irəliləmişik. Ən pis halda qrupda mübariz oyun göstərib 3-4 xal qazanmışıq. Yerli futzalçılarla irəli gedib, 10 braziliyalı ilə 1 xal belə qazanmadan qrupun dibində qalırıqsa, bunun fiaskodan başqa adı yoxdu... Rövşən Hüseynlinin məsələsinə gəlincə, işin içində deyiləm. Ona görə deyə bilmərəm, niyə komandadan göndərilib? Amma bunun oyunuyla bağlı olmadığına əminəm. Baş məşqçi ilə futbolçu arasında intriqa, soyuq münasibətlər ola bilər, amma bu, oyunlara sirayət etməməlidi. Baş məşqçi problem yaşadığı əsas qapıçını komandadan göndərirsə, böyük risk edir. Mütləq onun yoxluğunu hiss etdirməmək üçün təcrübəli, güclü qolkiper gətirməlidi. Alesio Rövşənin əvəzinə braziliyalı qapıçı gətirir, buna rəğmən, matçlarda hazırlıqsız, gənc yerli qapıçıya şans verir. Yerli qapıçıya güvənəcəkdinsə, əcnəbini niyə gətirirdin? Yaxud sərəncamında olan hər iki qolkiper ümidləri doğrultmadısa, Rövşən Hüseynlini niyə yolladın? Ən azı bu oyunlardan sonra yolları ayırmaq olardı. Baş məşqçi əsasən braziliyalılara üstünlük verir. Amma yerli uşaqlara da şans vermək lazımdı. Ən əsası, onsuz da rüsvayçı çıxışla diqqəti çəkiriksə, bu qədər əcnəbiyə şans verməyin adı nədi? Bu gün heyətdə yer alan 10 braziliyalıdan 8-i bir neçə il sonra çıxıb gedəcək. Ona görə yerli futzalçılara şans tanımalıdı. "Araz-Naxçıvan" belə çıxış etməməlidi, uduzduğumuz komandalardan İsveç təmsilçisini çıxsaq, qalanları rahat keçiləcək rəqiblər idi. Belə çıxışın bir adı var: fiasko!"
ABDULLA İSMAYILOĞLU