Dünən “Dalğa Arena”da AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, toplantıdan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və İK üzvləri “Dalğa Arena”da yığmanın məşqini izləyib. Rövnəq Abdullayev Estoniya ilə oyunda komandaya uğurlar arzulayıb. Həmçinin doğum günü münasibətilə yığmanın baş məşqçisi Canni de Byazini təbrik edib, ona Azərbaycan milli komandasının xatirə formasını təqdim edib.
İK-nın iclasında aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2023/24 mövsümündə birinci divizion 10 komandanın iştirakı ilə keçirilsin: 1. “Şamaxı”, 2. “Qaradağ Lökbatan”, 3. MOİK, 4. “Mingəçevir”, 5. “Zaqatala”, 6. “İrəvan”, 7. “İmişli”, 8. “Difai Ağsu”, 9. “Araz Saatlı”, 10. “Karvan”.
2. 2023/24 mövsümündən etibarən yarıpeşəkar statuslu ikinci divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə keçirilsin: 1. “Füzuli”, 2. “Göygöl”, 3. “Ağdaş”, 4. “Sportinq Baku”, 5. “Qusar”, 6. “Marxal Şəki”, 7. “Şəfa Baku”, 8. “Cəbrayıl”, 9. “Lerik”, 10. “Kürmük Qax”, 11. “Şəmkir”, 12. “Kür-Araz”.
Qeyd: birinci və ikinci divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.
3. Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişikliklər təsdiq olunsun.
4. Premyer-liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayın hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılsın.
5. Premyer-liqa və Azərbaycan kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmasın.
6. 2023/24 mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmasın. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün rüsum tələb olunmasın.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunsun:
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10000 (on min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50000 (əlli min) manat
1 futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb olunmasın.
Qeyd: yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer- liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi legioner futbolçuların sayı da daxildi. Birinci divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunsun.
7. Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar tərəfindən yeni layihə hazırlanaraq AFFA və PFL-ə təqdim olunsun.
8. Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Baş məşqçinin müqavilə müddəti 1+1 sistemi üzrə müəyyənləşdirilsin.
Qərarlara münasibət bildirməmiş iclasdan sonra tragikomik hadisənin yaşandığını qeyd etmək lazımdı. Deməli, toplantını tərk edən sabiq xarişi işlər naziri, İK üzvü Elmar Məmmədyarov jurnalistlərin əhatəsinə düşüb. Elmar bəy “növbəti mövsümdə premyer-liqa neçə komanda olacaq” sualına “12 komanda çıxış edəcək. “Zaqatala” və “Araz Naxçıvan” elitaya gətirildi” kimi açıqlama verib. Onun bu sözləri bir neçə dəqiqədən sonra gündəmi zəbt etsə də, sonradan AFFA-nın baş katibi Sərxan Hacıyev Elmar bəyin səhvə yol verdiyini bildirib. Sabiq xarici işlər nazirinin səhvi sosial şəbəkələrdə, mətbuatda gülüş mənbəyinə çevrilib.
Rəsmiləşən say artımı...
Göründüyü kimi, dünən keçirilən iclasda 8 qərar qəbul olunub. Hələ toplantıdan bir neçə gün öncə aşağı divizionlar haqda məlumat verərkən birinci diviziona gələcək 4 komandadan üçünün – “Karvan”, “İrəvan” və “Araz Saatlı” olacağını bildirmişdik. Əslində Ağsu təmsilçisinin də şansının olduğunu vurğulamışdıq. Ancaq ötən mövsüm Region Liqasında çıxış edən “Difai”nin qeydiyyat ünvanını dəyişərək “Difai Ağsu” olması bir qədər gözlənilməz oldu.
Yarıpeşəkar status daşıyacaq ikinci divizionun yaradılmasını ilk gündən alqışlamışıq. İK-nın bu qərarı ölkə futbolunun coğrafiyasının genişlənməsinə xidmət edir. Maraqlı məqam ondan ibarətdi ki, əvvəlcədən ikinci divizionda da 10 komandanın yarışacağı deyilsə də, müraciətlərin çoxluğu AFFA rəhbərliyini, İK üzvlərini say artımına getməyə vadar edib.
Yeri gəlmişkən, 1-ci divizionda mübarizə aparacaq klublara ötən mövsüm olduğu kimi, dövlər tərəfindən 300 min, yeni yaranan 2-ci divizionda çıxış edənlərə isə illik 50 min manat) yardım ediləcək. Birinci divizon klubları artıq bu təcrübədən yararlanıblar və AFFA ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsinə nəzarət edir. İkinci divizionda çıxış edəcək kollektivlər isə ilk dəfə dövlətin yardım paketindən istifadə edəcək.
İndi əsas məsələ ayrılan vəsaitin lazimi istiqamətdə xərclənməsinə nəzarət etməkdi. Yəqin ki, AFFA bu yöndə də nəsə fikirləşib, maliyyənin kimin və ya kimlərinsə ciblərinə getməsinin qarşısını almaq üçün nəzarət mexanizmi düşünüb. Əks halda ortaya qoyulan yeni layihə özünü doğrultmayacaq, futbolun inkişafı əvəzinə kimlərinsə şəxsi büdcəsinin artımına xidmət edəcək.
Baş məşqçilərin işinə yarayacaq 5-ci bənd
Dünən qəbuyl edilən qərarlar arasında 5-ci bəndə diqqət yetirmək yerinə düşər. Qərarda göstərilib ki, premyer-liqa və Azərbaycan kuboku oyunlarında meydana əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət qoyulmasın. Xatırladaq ki, ötən mövsüm oyun vaxtı 5 əvəzetmənin mütləq üçü yerli, ikisi isə legioner olmalı idi. Artıq yeni mövsümdən beş legioneri eyni vaxtda oyuna daxil etmək olacaq.
Bu düzgün, yoxsa yanlış addımdı? Fikrimizcə, bu qərar ilk növbədə baş məşqçilərin işinə yarayacaq. Ötən mövsüm limit məsələsi onlara manevr imkanı vermirdi. Ancaq indi nəticəni düşünən mütəxəssislər legionerlərin köməyindən istədiyi kimi istifadə edəcək. Bu həm də komandalara oyun planında səviyyəni artırmağa yardımçı olacaq. Ancaq etiraf edək ki, 5-ci bənd gənc yerli oyunçuların inmkişafına hardasa mane olacaq. Heç bir baş məşqçi bir ətək pul verib dəvət etdiyi legioneri qoyub nə qədər perspektivli olsa belə, təcrübəsiz yerli oyunçuya özünü göstərməyə şans verməyəcək və ya bundan çəkinəcək. Çünki Azərbaycanda hamı nəticə tələb edir, heç bir sponsor sabahı, gələcəyi düşünmür.
Diqqətdən kənarda qalan futzal
Hələ ötən ay Futzal Federasiyasının prezidenti Zaur Axundov “Futbol+”ə geniş müsahibəsində İcraiyyə Komitəsinin iclasında böyük futbolda olduğu kimi, futzal klublarına dövlət tərəfindən maliyyə ayrılmasını təklif edəcəyini bildirmişdi. Zaur bəy hətta məbləği səsləndirməyi də unutmamış, yüksək liqa təmsilçilərinə 200 min manat ayrılmasını istəyəcəyini söyləmişdi. Göründüyü kimi, Zaur bəyin təklifi İK-nın dünənki iclasının gündəliyində yer almayıb. Sadəcə, Vitali Borisovun yığmanın baş məşqçisi olması təsdiqlənib ki, bu da əvvəlcədən məlum idi.
Məsələ ilə bağlı Futzal Federasiyasının prezidentindən münasibət öyrənməyi lazım bildik. Zaur bəy qısa açıqlama ilə kifayətləndi: