Braziliya yığması son ilyarımda iki ciddi zərbə aldı: əvvəlcə 2021-ci ilin iyulunda evdə keçirilən Amerika Kubokunun finalında əzəli rəqib Argentinaya (0:1), sonra isə ötən ilin dekabrında dünya çempionatının 1/4 finalında Xorvatiyaya (1:1, p. – 2:4) məğlub oldu.
Football-plus.az xəbər verir ki, Qətərdə baş tutan mundialdakı uğursuzluq Titeni baş məşqçi vəzifəsindən getməyə vadar etdi. Beşqat dünya çempionu indiyədək başsız qalıb.
İnqilaba hələ çox var
Cənubi Amerikanın ən böyük ölkəsində dövlət çevrilişinə cəhd Braziliya futbolunun adi gününü şəkilləndirir. Sabiq prezident Jair Bolsonarunun milli bayraqlara bürünən fanatları son seçkidə Luis İnasio Lula da Silvanın qələbəsini təsdiqləyən Ali Məhkəmənin binasına hücum çəkiblər. Prezident Sarayını və parlamentin binasını da tutmağa çalışıblar. Maraqlıdı ki, hakimiyyət uğrunda son gülləsinə qədər mübarizə aparacağına söz verən Bolsonaru bu məqamda ABŞ-nin Florida ştatında istirahətdə olub, burger geyib qazlı su içirmiş...
67 yaşlı siyasətçi korrupsiyada ittiham olunur. Yəqin ki, vəkillərinin arxasında gizlənib. Onun fanatlarının dövlət əhəmiyyətli məkanlara hücumu uğursuzluqla nəticələnib. Aksiyalarda iştirak edənlərin müxtəlif cəzalara məhkum olunacaqları aydın məsələdi. Ölkənin 300-dən çox vətəndaşı həbs olunub. İctimai-siyasi sahədəki belə “çevriliş” yerli futbolla həmahəng təşkil edir.
Bolsonarunun tərəfdarları üçün populist şüarlar səsləndirmək nə qədər asandısa, ölkənin futbol yığmasının oyunçuları üçün ictimaiyyətin diqqətini böyük pulları sağa-sola xərcləmək, kefcil və hətta pozğun həyat sürmək, ehtiraslı oyunlara və alkoqollu içkilərə qurşanmaq kimi səfehlik və ağılsızlıqlardan yayındırmaq bir o qədər çətin deyil. Yeni Kazemiroların sayı azdı. Bütün klublar “yeni Neymar”ın axtarışındadı. Kəmiyyətin keyfiyyəti üstələməsi üçün isə bir neçə il əvvəl uşaq və yeniyetmə futbolunda inqilab etmək vacib idi. Braziliya futbolunda bu planda problem var. Hərçənd şou yaratmağı bacarırlar. Bu fikri dövlət binalarına hücuma və yaşıl meydanlara aid etmək olar. Ancaq hadisə yerinə gələn polis asayişin təmini üçün üzərinə düşən vəzifələri yerinə yetirdi. Dünya çempionatında bir xorvat futbolçu (Bruno Petkoviç) əlavə vaxtın sonuna yaxın hesabı bərabərləşdirdi, digər xorvat futbolçu (Dominik Livakoviç) isə penalti seriyasında Rodriqonun zərbəsini dəf etdi. Markinyos topu dirəyə vurunca beşqat dünya çempionunun mundialdakı qələbə həsrətinin azı 24 il çəkəcəyi məlum oldu. Bolsonarunun fanatlarının infantilliyi milli komandanın oyunçularıyla məşqçilərinin infantilliyi ilə uyğunluq təşkil edir.
Bu yerdə bir xatırlatmaya ehtiyac var. Unutmamısınızsa, ilyarım əvvəl braziliyalı futbolçular dövlət rəsmilərini ardıcıl ikinci dəfə Amerika Kubokunu təşkil etməməyə çağırmışdılar. Səbəb Braziliyada koronavirus əleyhinə vaksinasiya prosesinin uğursuzluqla nəticələnməsi, minlərlə vətəndaşın ölməsi ilə bağlı idi. Onda Kazemiro başda olmaqla “selesao”nun bir çox aparıcı oyunçusu hökuməti təşkilatçılıq hüququnu üzərinə götürmək qərarından çəkindirmək üçün cəhdlərə əl atdılar. Argentina və Kolumbiya təşkilatçılıq hüququndan məhrum edilmişdi. KONMEBOL-un bu qərarına səbəb kimi hər iki ölkədə koronovirusa yoluxmanın geniş yayılması, üstəlik Kolumbiyada vergi dərəcələrinin artırılmasına qarşı aprelin 28-dən başlayan etiraz aksiyalarının səngiməməsi göstərildi. KONMEBOL-un rəhbərliyi tələm-tələsik yarışa evsahibliyi etmək hüququnu Braziliyaya verdi. Futbol qurumunun bəxtindən Cənubi Amerikanın ən böyük ölkəsinin prezidenti Bolsonaru təşkilatçılığı öz üzərinə götürməyi hakimiyyətini möhkəmləndirmək üçün böyük fürsət kimi dəyərləndirdi. Lakin onun təkbaşına qərar verməsi ölkəsində heç də birmənalı qarşılanmadı. Bütün etirazlara baxmayaraq, turnir Braziliyada baş tutdu və ev sahibləri finalda titulu əldən verdilər.
Yerli məşqçi tələb olunsa da...
Nəticədə indi Braziliya yığması üçün 2016-cı ildən sonra ilk dəfə yeni məşqçi axtarılır. 61 yaşlı Titenin yerinin indiyədək boş qalması problemin getdikcə mürəkkəb axar almasıyla bağlıdı. Əlbəttə, futbol ictimaiyyəti milli komandanı yerli mütəxəssisin çalışdırmalı olduğunu düşünür. Doğrudu, Braziliyaya ilk dünya çempionluğunu qazandıran Visente Feola milliyyətcə italiyalı olub. Amma müasir fanatların böyük ölçüdə bundan xəbəri yoxdu. Feola isə San Pauluda dünyaya gəldiyi üçün braziliyalı sayılırdı. Qısası, milli komandada uzun illərdi əcnəbi məşqçiyə ehtiyac duyulmur.
Ancaq ölkə futbolunun əfsanəvi oyunçularından olmuş Rivaldo yerli mütəxəssisə etimad göstərilməsi üçün tutarlı dəlil göstərilməsini də vacib sayır. Əks halda Ali Məhkəmənin məlum qərarına etiraz edənlərin düşdüyü vəziyyət yada düşəcək. Axı onlar nə istədiklərini aydın şəkildə anlamır və vandalizmə niyə əl atdıqlarını dərk etmirdilər.
Ölkənin əsas komandasını ciddi titulu olmayan məşqçiyə tapşırmaq braziliyalı futbol nəslinin və milyonlarla futbolsevərin ümidlərini tar-mar etmək olardı. Vakant posta eləsi təyin olunmalıdı ki, Neymarda 2026-cı ilə təyin olunan mundialda oynamaq eşqi oyada bilsin, onda yaxın zamanda beynəlxalq karyerasını başa vurmaq fikrini oyatmasın. “Selesao”da futbol məmurlarına yanlış addımlarına görə etiraz etmək cəsarəti olan mütəxəssisə ehtiyac duyulur. Çox uzağa getməyib Noel Le Qrenin bir neçə gün əvvəl özünü necə çətin vəziyyətə saldığını xatırladaq. Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidanın yığmanın baş məşqçi vəzifəsinə görə ona zəng etmədiyini, etsəydi belə, zənginə cavab verməyəcəyini bildirmişdi. Son günlər bu açıqlamaya görə Le Qreyə qarşı etiraz dalğası durmadan artır. Kilian Mbappe başda olmaqla bir sıra futbol adamları və Zidanın sonuncu iş yeri olan “Real” rəhbərliyi bu məsələdə DÇ-1998-in qalibini müdafiə edib. Bu, Zidanın futbol ictimaiyyətində böyük hörmətə sahib olduğunu bir daha təsdiqləyir.
Ortaya təbii sual çıxır: indi hansı braziliyalı məşqçi belə nüfuza malikdi? Titedən başqa ağla heç kim gəlmir. Yığmanı 2002-ci ildə sonuncu dünya çempionluğuna daşıyan Luis Felipe Skolari ötən ilin noyabrında karyerasını başa vurub. İctimaiyyət 74 yaşlı çalışdırıcını fikrindən daşındırmağa elə də meyilli deyil. Buna əsas kimi Skolarinin bundan sonra komandada keyfiyyət dəyişikliyinə nail ola bilməyəcəyi iddia edilir. “Fluminense”ni çalışdıran 48 yaşlı Fernando Dinis futbolçuların rəğbətini qazansa da, Braziliya Futbol Konfederasiyasında (BFK) o qədər də dəstəklənmir.
Avropalılar Braziliyada işləmək istəmirlər
Görünən odu ki, BFK rəhbərliyi əcnəbi çalışdırıcının xidmətində maraqlıdı. Artıq Zidan, Joze Mourinyo və Karlo Ançelottiyə təklif olunub. Amma hər üçündən mənfi cavab alınıb. Daha bir avropalı dünya şöhrətli məşqçi Xosep Qvardiola da yaxın gələcəkdə “Mançester Siti”dən ayrılmağı düşünmür. İspaniya yığmasından qovulan Luis Enrike Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan klublardan birinin təklifini gözləyir. Argentinalı Xorxe Sampaoli ilə portuqaliyalı Jorje Jezus bəlkə də Braziliya millisində işləməyə razılaşarlar. Amma BFK-nın başbilənləri onların komandaya nə verə biləcəyini yaxşıca götür-qoy etməlidilər. Ən yaxşı namizədlər isə artıq təklifləri geri çeviriblər.
Dünya şöhrətli məşqçi olduğunuzu təsəvvür edin. Braziliyalılara nəsə öyrətməyə çalışardız? Çətin ki. 50 yaşlı Zidan klublar və ya ölkəsinin komandasıyla işləmək istəyir. Fransalılar DÇ-2026-ya daha təcrübəli olacaq Mbappe və bir çox yüksək səviyyəli futbolçu ilə yollanacaqlar. İngiltərə, İspaniya və Portuqaliya da həmin turnir ərəfəsində iddialı olacaq. Almaniya son iki mundialdakı fiaskonun əvəzini artıqlamasıyla çıxmağa çalışacaq. Braziliya DÇ-2022-yə bukmekerlərin əsas favoriti kimi yollanmışdı, lakin reallıq bu komandada düşüncə çevrilişinə ehtiyac duyulduğunu göstərdi.
Xorvatiya ilə penalti seriyasından sonra haqlı olaraq bu fikir səsləndi: komandanın ən yaxşı bombardirləri seriyada ilk zərbələri vurmağa cəhd etmədilər, halbuki məhz bunun əksi baş verməliydi. Tite 6 illik fəaliyyəti ərzində Braziliyanın daha güclü görünməsinə nail oldu. Yığma hələ də FİFA-nın reytinq cədvəlində liderliyini qoruyur. Amma fakt budu ki, avropanın sanballı mütəxəssisləri hələ ki okeanın o biri tayına keçmək istəmirlər. Ola bilsər ki, kimsə bir neçə aydan sonra fikrini dəyişsin. Deyilənə görə, BFK bunun üçün hətta yaya qədər gözləməyə də hazırdı. Amma bu bir gerçəkdi ki, Daniel Alveş kimi usta futbolçu artıq dünya çempionu ola bilməyəcək.
Təəssüf, amma həyat belədi. Artıq DÇ-2022 də braziliyalılar üçün ümidlərin puç olduğu mundiallar sırasına düşüb. Qətərdə hazırkı ifaçıların 2002-ci ildə zəfər qazanan futbolçular qədər yüksək səviyyəli olmadığı əyani göründü. Həmin çempionluqdan 20 il ötəndən sonra milli formada dahi Pelenin qol rekordunu (77) təkrarlayan 30 yaşlı Neymar göz yaşı axıdırdı. Doğrudan da, maraqlıdı: Braziliyanın titul həsrətinə hansı məşqçi son qoyacaq?..