Yanvarın 6-dan etibarən İspaniyanın Marbelya şəhərində toplanışda olan Dortmund ''Borussiya''sı srağagün yeni ildə ilk oyununu keçirdi.
''Arılar'' 2-ci bundesliqa təmsilçisi Düsseldorf ''Fortuna''sına qarşı yoxlama matçından 5:1 hesabı inamlı qələbə ilə ayrıldılar. 74-cü dəqiqədə hər iki klubun fanatlarını ayağa qalxaraq alqışlamağa vadar edən bir hadisə yaşandı. Ötən ilin iyulunda xaya xərçəngi diaqnozu qoyulan, o vaxtdan bəri 4 dəfə kimya terapiyası kursu keçən və 2 dəfə əməliyyat olunan Sebastyan Alle, nəhayət, meydana çıxdı. Bu, onun ''Borussiya''nın heyətində debüt oyunu oldu. Çünki yayda 30 milyon funt sterlinqə ''Ayaks''dan transfer olunandan bir neçə gün sonra onda bu xəstəlik aşkarlanmışdı. ''Fortuna'' ilə matçdan bir gün öncə 28 yaşlı fransızəsilli kot d`İvuarlı forvard Almaniyanın ''Sport Bild'' nəşrinə müsahibə verdi.
- Sizə xərçəng xəstəliyi ilə bağlı diaqnoz qoyulanda ilk reaksiyanız necə oldu? Ağladızmı?
- Xeyr! Diaqnozu eşitdikdən sonra düşündüyüm birinci fikir bu oldu: ''İndi və bu bu çətinlikdən keçmək məcburiyyətindəyəm. Bunun öhdəsindən mütləq gələcəm''. Başqa çıxış yolum yox idi.
- Belə vəziyyətdə pozitiv qalmağı necə bacarırdız?
- Dediyim kimi, dərhal başa düşdüm ki, seçim imkanım yoxdu. Bu vəziyyətdə ya əllərini yana salıb taleyinlə barışmalı, ya da mübarizə aparmalısan. Depressiyaya düşmək çıxış yolu deyil! Bu vəziyyətdə depressiya hər şeyi daha da pisləşdirir. Ona görə də pozitiv olmağa, vaxtımı məni sevən insanlar – ailəm və dostlarım ilə keçirməyə çalışdım. Bilirdim ki, mən tək deyiləm. Onlarla birlikdə bu çətin sınaqdan keçdim.
- Ölüm barədə düşünürdüz?
- Qətiyyən!
- Bu aylar ərzində sizə ən çox təsir edən hərəkət və ya xəbər hansı oldu?
- İlk dəfə xəstəxanadan çıxıb evə yollananda həyat yoldaşım mənə gözəl sürpriz hazırlamışdı. Bir neçə kiçik poster düzəltmişdi və onların hər birində ailə üzvlərimin mənə ünvanladığı ürək sözləri qeyd olunmuşdu. Anam, atam, bacım, qardaşım… Həqiqətən də çox emosional anlar yaşamışdım. Amma futbol dünyasından da xoş sözlər, ümidləndirici mesajlar almışdım. Hətta o dərəcədə çox idi ki, adlarını sadalamaqla bitməz. Kot d'İvuar prezidentindən tutmuş bir çox sabiq və indiki komanda yoldaşlarıma qədər. Ad açıqlamağa ehtiyac görmürəm. Hətta ''Ayntraxt''da bizim mükəmməl “üçlüy”ümüzün digər üzvləri – Luka Yoviçlə Ante Rebiç də yazmışdı ki, onların mesajları da məni çox sevindirdi.
- O günlərdə mental məşqçinizə güvənirdizmi?
- O qədər də yox. Ümumiyyətlə, mən insanlarla ünsiyyət qurmağı sevən və bacaranlardanam. Bunun sayəsində yaranmış vəziyyəti təhlil və ya müqayisə etməyi bacarıram. Fikrimcə, həyatımboyu topladığım təcrübə, saysız-hesabsız səyahətlər, idman dünyasında olan başqa insanlarla ünsiyyət sayəsində həyata daha da pozitiv baxmağı öyrənmişəm. Mən həyata vacib bir oyun və ya böyük bir çağırış kimi baxıram. Məsələn, kimsə bu oyunda öz ayaqqabısını itirə bilər. Hər şey həmin insanın bunun öhdəsindən necə gəlməsindən asılı olacaq. Bəlkə də bir qədər kobud müqayisə oldu. Amma burda söhbət işə pozitiv yanaşma tərzindən gedir.
- 3 uşağınız var. Onlara xəstəliyinizi başa salmaq nə dərəcədə çətin oldu?
- Əvvəlcə bu məsələni həyat yoldaşımla müzakirə etdik. Ən yaxşı variantı seçməyə çalışdıq. Bunun üçün internetdə məsləhətləri oxuduq, eləcə də başqalarının fikirlərini öyrəndik. Nəhayət, ortaq məxrəcə gəlib bir video vasitəsi ilə uşaqlara məsələni başa salmağa çalışdıq. İşin ən çətin tərəfi mənim kənardan sağlam görünməyimə baxmayaraq, əslində xəstə olduğumu və əməliyyata ehtiyac duyduğumu, üstəlik bunun bir neçə ay davam edə biləcəyini onlara anlatmaq idi. Onlarla mümkün qədər səmimi olmağa çalışdıq. Uşaqlarımız ağıllı və dərrakəlidi. Bu üzdən onlardan nəyisə gizlətməyə ehtiyac görmədik. Onlar bunu yaxşı qarşıladılar. Evdə onlarla olanda üzüm gülürdü və vaxtımı çox yaxşı keçirirdim. Düzdü, xəstəxanadan evə qayıdandan sonra ilk günlər bir az çətin oldu. Böyük oğlum əvvəlki vaxtlardakı kimi tez-tez üstümə atılmaq istəyirdi. Belə anlarda ''hələ bunu etmək olmaz'' deyirdim. Amma indi hər şey qaydasındadı.
- Qayıtmağa sizə ən çox hansı məqam kömək etdi?
- İlk növbədə ailəmlə keçirdiyim anlar. Bundan başqa, fizioterapevtimin də böyük əməyi oldu. Tək fiziki yox, psixoloji cəhətdən də. Hər an yardım əlini uzatmağa, məni əvvəlki insana çevirməyə hazır idi. Kiminsə mənim özümü yaxşı hiss etməyim və fiziki formamı qaytarmağım üçün ürəkdən səy göstərdiyini görmək xoş idi. O bu qədər əziyyət çəkdiyi üçün mən ''gəlin, bugünkü seansı təxirə salaq'' deyə bilmirdim. Bu, onun əməyinə hörmətsizlik olardı. Eyni zamanda yaxşı və düzgün qidalanmağa da ehtiyacım var idi.
- Məşqə ''Apple watch'' ilə çıxdığınızı gördük. Bu, nə üçündü?
- Bu, 6 aydan çoxdu, yəni ilk gündən qolumdadı. Orda mənim bütün məlumatlarım qeyd olunub. Bunun sayəsində orqanizmimin son durumunu öyrənirəm və bədənimdə hazırda nə baş verdiyini anlayıram.
- Neçə kimya terapiyası kursu keçməli olduz?
- Dörd. Üstəgəl iki əməliyyat. Hər dəfə xəstəxanada və çarpayıda bir neçə gün keçirməli olurdum. Simptomlar bəzən narahatlıq doğururdu. Hər dəfə çoxlu maye itirirdim. Ona görə də çəkim getdikcə azalırdı. Məni tez-tez hıçqırıq tuturdu. Qarnımda ağrılar olurdu. Bir müddət heç nəyin dadını hiss etmirdim.
- Hər futbolçuya tez-tez uroloji müayinədən keçməyi məsləhət görürsüz?
- Nəinki futbolçulara, ümumiyyətlə, bütün insanlara vaxtaşırı belə müayinə olunmağı məsləhət görürəm. Klublara da məsuliyyət düşür. Onlar da tez-tez oyunçularını müayinədən keçirməlidi. Çünki heç də həmişə xərçəng xəstəliyini üzə çıxarmağa imkan verən dəqiq simptomlar olmur. Qan analizi vermək çox vacibdi. Orda əldə olunan informasiyada da şübhələr varsa, konkret xərçəng xəstəliyinin olub-olmadığını öyrənməyə imkan verən testdən istifadə etmək olar. Hamıya bunları məsləhət görürəm. Çünki bunlar vaxtında edilsə, bir çox insanın həyatını xilas etmək mümkün olar.