Braziliyada keçirilən prezident seçkisində Neymarın adı da hallanır.
Onun, təbii ki, dövlət başçısı olmaq imkanı yoxdu. Amma...
Prezidentliyə namizəd olan Luis İnasio Lula da Silva PSJ-nin braziliyalı hücumçusu haqda sensasiyalı açıqlama verib. Siyasətçi ulduz futbolçunun onun prezidet seçilməsindən qorxduğunu deyib:
“Mən əsəbi deyiləm. Neymar prezident seçmək hüququna malikdi. Fikrimcə, o, seçkidə mənim qalib gəlməyimdən qorxur. Çünki Bolsonarunun (Braziliyanın hazırkı prezidenti - red.) onu dövlətə olan gəlir vergisi borcuna görə bağışladığını aşkara çıxaracağam. Mənə elə gəlir ki, Neymar məndən qorxur. Aydındı ki, Bolsonaru Neymarın atası ilə sövdələşib”.
Neymar seçkinin ilk turu zamanı hazırkı prezident Jair Bolsonaruya təşəkkür etməsi ilə bağlı video paylaşmışdı. Buna səbəb isə dövlət başçısının onun Santosdakı futbol akademiyasını ziyarət etməsi olmuşdu. Maraq üçün seçkinin oktyabrın 2-də keçirilən ilk turunda Bolsonarunun səslərin 36, Lula da Silvanın isə 49 faizini topladığını və onların ayın 30-na təyin olunan ikinci tura vəsiqə qazandıqlarını da əlavə edək.