Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun 75 illik yubileyidi.
O, 1948-ci il yanvarın 9-da Ağdamda dünyaya gəlib. Uşaqlıqdan jurnalistikaya böyük həvəsi olub. Artıq 17 yaşından "Ağdam" qəzetində fotomüxbir, sonra isə müxbir işləyib. 1968-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. 1979-da Azərbaycan Televiziyası və Radiosunun Dağlıq Qarabağ və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib. Qarabağ savaşının qızğın çağlarında ən qaynar nöqtələrdən operativ məlumatlar çatdırıb. Müharibə veteranıdı. 1995-ci ildən təsisçisi olduğu AİJA-nın prezidentidi. Rəhbərlik etdiyi qurum 1997-dən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və Avropa İdman Mətbuatı İttifaqının (AİPS EUROPE) ölkəmizdəki yeganə rəsmi, tamhüquqlu üzvüdü.
Eldar İsmayılov Azərbaycan mətbuatı tarixində nüfuzlu beynəlxalq media təşkilatının rəhbərliyinə seçilən ilk jurnalistdi. O, 2010-cu ildə gizli səsberməylə Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin 12 üzvündən biri seçilib, 2017-dək bu postda fəaliyyət göstərib. Onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda dəfələrlə beynəlxalq media tədbirləri, o cümlədən 2014-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci Ümumdünya Konqresi keçirilib. Bu konqresdə 112 ölkədən 250-dən artıq nümayəndə iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin mərkəzi iqamətgahı Londonda yerləşən və dünya idmanının "Oskar"ı kimi tanınan "LAUREUS" Dünya İdman Mükafatları təşkilatının həmtəsisçisidi. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olan İsmayılov bu qurumun 20 illik yubileyi münasibətilə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 2012-ci il noyabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Amma onun parlaq ömrü 1991-ci il yanvarın 9-da yarımçıq dayana bilərmiş. Özü bu haqda belə deyir: “Jurnalist ömrü bunsuz mümkün deyil. Real ölümlə də üzləşdiyim anlar olub. Salatın Əslərova şəhid olanda, mən də Laçındaydım. Onunla bir maşında gəlməliydik. Təsadüf nəticəsində ləngidim... Müharibə illərimi afişa etməyi xoşlamıram. Çünki nə etmişəmsə, borcumdu”.
Eldar İsmayılov 1991-də rekord sayda - 30 min tirajla çap edilən, müəllifi olduğu "Uğur olsun, "Qarabağ" kitabında yazıb: “Şəksiz, "Qarabağ" hələ ki nə "Santos"du, nə "Milan", nə də "Real". "Qarabağ" hələ heç "Neftçi" də deyil. Onun şöhrət radiusu Azərbaycan çevrəsindən çıxmayıb. Amma biz inanmaq istərdik ki, nə vaxtsa bu komanda da bütün ölkədə, lap elə dünyada tanınacaq. Və bu niyyətlə də "Qarabağ"ın arxasınca atılan bir dolça su bilin bu kitabı. Qoy bu kitab "Qarabağ"ın yoluna işıq salsın, uğurlarının ilk qaranquşu olsun”. İndi Eldar müəllimin 32 il əvvəlki arzuları çin olub. Artıq "Qarabağ" Azərbaycan hüdudlarından kənarda da tanınır və ölkəmizi qitəmiqyaslı turnirlərdə layiqincə təmsil edir. İsmayılov çox ünsiyyətcildi. Buna görə də ölkəmizin əksər yaradıcı insanları ilə mehriban münasibətləri olub, möhtəşəm fotoarxivində onlarla saysız-hesabsız nadir kadrlar var.
Yubileyi ərəfəsində onunla əlaqə saxlayaraq bəzi suallara cavab tapmağa çalışdıq.
- İki gündən sonra 75 yaşınızı qeyd edəcəksiz. Geriyə boylananda ən çox nəyi xatırlayırsız?
- Həyatım daim mübarizədə keçib. Heç vaxt da məğlub olmamışam. Əziyyət çəkdiyim günlər çox olub. Məhz həmin çətin günlər məni möhkəmləndirib. 57 ildi mətbuatdayam və bir çox uğurlara imza atmışam. 1964-cü ildə - 17 yaşımda Moskvada dərc olunan “Pionerskaya Pravda”qəzetinə məktub ünvanlamışdım. Orda qeyd etmişdim ki, bütün dərslərdən yüksək qiymət alsam da, imlada “ana” sözünü cümlənin ortasında və sonunda böyük hərflə yazdığımdan müəllimə mənə aşağı qiymət yazıb. Olar, məsələ qaldırasız ki, bu müqəddəs ad hər yerdə böyük hərflə yazılsın. Məktubum xoşlarına gəlmişdi. Onu qəzetin birinci səhifəsində vermişdilər. Bu hadisəni heç vaxt unutmuram. Jurnalistikada olduğum illərdə yaddaqalan çox hadisə olub ki, onlar da heç vaxt unudulmur. Azərbaycan mətbuatının atası sayılan Nurəddin Babayev, Mircəlal Paşayev, Nəsir İmamquliyev kimi daha simalar mənə dərs deyib. 1975-ci ildə mən artıq SSRİ Jurnalstlər İttifaqının üzvü idim. Həmin dönəmdə çox hörmətli təşkilat idi.
- Siz həm də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərisiz. Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Avropa İdman Mətbuatı İttifaqının Azərbaycanda yeganə rəsmi təmsilçisi olsaz da, Gənclər və İdman Nazirliyinin sizə münasibəti heç də birmənalı deyil. Hətta sizə qarşı alternativ qurum da yaradılıb. Bu nədən qaynaqlanır?
- Yaxşı olar ki, bu sualı cənab nazir Fərid Qayıbova ünvanlayasız. Onun birbaşa vəzifəsidi ki, bizim təşkilata, o cümlədən də mənə normal münasibət göstərsin. Bunun səbəbi var. 2004-cü ildə - həmin vaxt Fərid Qayıbov Gimnastika Federasiyasının mətbuat xidmətində çalışırdı – bizim təşkilata üzv olmaq üçün müraciət etmişdi. Orda özü də qeyd edib ki, AİJA-nın Nizamnaməsi ilə tanışam. Həmişə, hər yerdə AİJA-nın tərəfini saxlayacam, onun imicinin yüksəldilməsinə çalışacam. 18 il əvvəl imzası ilə bunu təsdiq edib. İndi nazir kimi bizə belə münasibət göstərməsi çox qəribədi. Alternativ qurumu rəhmətlik Azad Rəhimov yatratmışdı. Onunla münasibətimiz çox yaxşı idi. Hətta özündən əvvəl babası ilə dost idim. Bəzi olaylardan sonra Qabil Mehdiyevlə nazirliyin sabiq mətbuat katibi Səmayə Məmmədova birləşərək Azad müəllimin qulağını dolduraraq alternativ qurum yaratdılar. O da əhlikef adam, bunları başından etmək üçün xeyir-dua vermişdi. Görün neçə ildi təşkilat yaradıblar. Hansı işlə ortaya çıxıblar? İdman jurnalistlərinin respublika konfransını keçirdilər. Hanı nəticəsi? İndki rəhbərlik də deyir ki, hər şeyi sıfırdan başlayacağıq. Təşkilat 3 ildi fəaliyyət göstərir, yeni rəhbər sıfırdan başlayacağını deyir. Absurd deyil?
- Artıq 27 ildi AİJA-nın prezidenti və Milli Olimpiya Komitəsinin üzvüsüz. Ancaq nədənsə ötən ayın 26-da nazirliyin təşkil etdiyi “İlin yekunları” tədbirinə dəvət olunmamışdız. Halbuki əvvəlki illərdə sizi daim həmin mərasimlərdə görmüşük. Səbəbini bilirsiz?
- Milli Olimpiya Komitəsi yaranandan onun üzvüyəm. Çingiz Hüseynzadə ilə münasibətimiz daim yaxşı olub. Bir neçə dəfə AİPS-in konqreslərinə bir yerdə getmişik. Onu da qeyd edim ki, hər dəfə AİPS-in konqreslərinə yollananda səfər xərclərimiz MOK tərəfindən qarşılanıb. “İlin yekinları”na dəvət olunmamağıma gəlincə, səbəbini bilmirəm. Nazirlə görüşümüz olmuşdu. Mənə elə gəlir ki, işimizdən razı qalmışdı. Bizi xoş qarşılamışdı. Sən demə, yalandan üzümüzə gülüb. Nəticə ortadadı.
- Adətən, sizin kimi insanlara dövlət tərəfindən xüsusi diqqət ayrılır. “Əməkdar jurnalist” olsaz da, prezident təqaüdü alanlar arasında adınız yoxdu…
- İstər 65, istərsə də 70 illyim qeyd olunanda AİJA-nın İcraiyyə Komitəsi adından Gənclər və İdman Nazirliyinə təqdimat yazılıb. Orda illər ərzində fəaliyyətim, xidmətlərim qeyd edilib və prezident təqaüdünə təqdim olunmağım xahiş olunub. Məktuba cavab gəldi ki, istəyiniz nəzərə alınacaq. Ancaq bu günə kimi səs-soraq yoxdu. İndiyədək müxtəlif problemli məsələlərin həlli ilə bağlı nazirliyə yüzlərlə məktub göndərmişik. Ancaq cavab verən yoxdu. Ola bilsin, yaltaqlığı bacarmadığımdan, onlara yaxın bölgələrdən olmadığımdan mənə belə soyuq münasibət göstərirlər.
- Qızınız Nərgiz Mahmudzadə bu il AİPS-in Avropa üzrə İcraiyyə Komiəsinin üzvü seçildi. Təşkilatın bütün rəsmi sosial şəbəkələri ona etibar olunub. Bir ata kimi onun seçilməsində rolunuz olub?
- Əvvəlcə başqa bir məsələyə toxunmaq istəyirəm. AİPS-in Avropa təşkilatının vitse-prezidentlərindən biri rəhmətə getmişdi. Həmin vaxt onun yerinə birillik kimisə seçmək lazım idi. Onda nazirliyin hazırkı mətbuat katibi Qabil Mehdiyev yanıma gəlib onun namizədliyini irəli sürməyimi istədi. Ona “AİJA-nın fəaliyyətində heç bir rolun yoxdu. Nə köməyin dəyir, nə də baş readktor olduğun qəzedə belə təşkilatın gördüyü işlər barədə məlumat verirsən. Sənin namizədliyini vermək ayıb olar” dedim. Onda məndən incik düşdü. Ötən il keçirilən son seçkidə Nərgiz xanım namizədliyini irəlü sürmüşdü. Namizədlərin hər birinə çıxış üçün söz verildi. Nərgiz xanım ingilis dilində yüksək səviyyədə bildiyindən çox gözəl çıxış etdi, təşkilatın fəaliyyətindəki çatışmazlıqları qabartdı. 39 ölkədən 36-nın səsvermə hüququ var idi. Onlardan da 31-i ona səs verdi. Yeni üzvləri, demək olar, hamı təbrik etdi. Təmsil etdikləri ölkələrin nazirləri belə telefonla, “vatsap”la İcraiyyə Komitəsinin üzvlərinə təbriklər göndərdilər. Təəssüf ki, Azərbaycandan bir nəfər də Nərgiz xanımı mötəbər təşkilatın İcraiyyə Komitəsinə üzv seçildiyinə görə təbrik etmədi. Nazirlik bizdən Ayan adlı xanımı da özümüzlə Romaya aparmağı xahiş etmişdi. Onun nə səsvermə, nə də danışmaq hüquq var idi. Sadəcə, kənardan müşahidə edirdi. Konkret olsaq, onu məndən Qabil Mehdiyev xahiş etmişdi. Qayıdanda yazdılar ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası konqresdə təmsil olunub. Məhz Romadakı konqresdə təşkilatın bütün sosial şəbəkələrdə, saytda moderatorluğu Nərgiz xanıma tapşırıldı. Qabil bəy barəmdə yalan dolu müsahibə vermişdi. Həmin vaxt yaşımı, statusumu nəzərə alıb ona cavab vermədim. Bundan ruhlanan Mehdiyev özünə yaxın mətbu orqanda məqalə yazdırıb ki, guya postumdan getmək üçün yarım milyon manat istəyirəm. Bəzi saytlarda həmin materialı yaydı. Təbii ki, bunlar hamısı şər və böhtandı.
- Yubileyinizi harda qeyd etməyi planlaşdırısız?
- Ən böyük mükafatım Allahın bəxş etdiyi bu həyatdı. Yəqin ki, ailə üzvlərimin, nəvələrimin əhatəsində.
RƏŞAD