“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Vurğun Hüseynov Azərbaycanın sayılıb-seçilən futbolçulardandı. “Sumqayıt”ın kapitanı Tovuz futbolunun yetirməsidi. Doğma “Turan”la yanaşı “Qəbələ”də forma geyən mərkəz müdafiəçisi 2013-cü ildən bəri “Sumqayıt”a sadiqdi. “Gənclik şəhəri”nin təmsilçinin heyətində 200-ə yaxın oyun keçirən Vurğun Hüseynov 14 dəfə milli komandanın formasını geyinib. Onunla söhbətimizə ənənəvi sualımızdan başladıq. Futbola gəlişindən başlayıb, bir çox maraqlı məqamlara toxunduq.
- Vurğun bəy, ilk sualımız futbola gəlişinizlə bağlıdı. Necə oldu ki, futbolu seçdiz? İlk addımlarınızı hansı məşqçilərin rəhbərliyi altında, harda atdız?
- Futbolla məşğul olmağa 12 yaşımdan başlamışam. Ona qədər də həyətdə-məktəbdə futbol oynamağı çox xoşlayırdım. Amma atam istəyirdi ki, mən dəsrlərimə fikir verim, gələcəkdə ali təhsil alım. Mənim dərslərimlə daha yaxşı hazırlaşmağım üçün əlavə müəllimlər də tutmuşdu, onların yanına hazırlığa gedirdim. Hazırlıq məşğələləri də elə məktəbimizdə keçirilirdi. Məşğələ vaxtı məktəbin stadionundan futbol oynayanların, topu səsi gəlirdi. Bu zaman da mənim fikrim dağılırdı, ürəyim futbol oynayanların yanında qalırdı. Həddindən artıq istəyirdim ki, onların yanında olum. Kəndimizdə məhlələr arası yarış olanda yaşsa məndən böyüklər də gəlib məni futbola çağırırdılar. Atam isə buna qarşı çıxırdı, israrla tələb edirdi ki, dərslərimi oxuyum. Atamdan yaşca böyük əmim vardı, onun sözündən heç kim çıxmazdı. Bir dəfə əmim bizə qonaq gəlmişdi. Mən də ona yaxınlaşdım, vəziyyəti danışdım. Dedim ki, atam məni hazırlığa göndərir, istəyir ki, dərslərimi yaxşı oxuyum. Mənim fikrim isə futbol oynayanların yanındadı, buna görə də oxuya bilmirəm. Sağ olsun, əmim atamla danışdı. Ona dedi ki, mənimlə işi olmasın, qoy futbola gedim. Yalnız bundan sonra atam mənimlə razılaşdı. Məni Tovuzda Həsən müəllimin yanına apardı. Beləcə Həsən müəllimin yanında futbol oynamağa başladım, futbolçu kimi də ilk addımlarımı “Turan”da atdım.

- Sözsüz ki, siz Tovuz futbol məktəbinin yetirməsi sayılırsız. Tovuzdan xeyli istedadlı futbolçu çıxmasını nəylə əlaqələndirmək olar? Ənənələr güclüdü, yoxsa yerli camaatın futbola sevgisi buna təsir edir?- Mən fəxr edirəm ki, məhz Tovuz futbol məktəbinin yetirməsiyəm. Hər bir tovuzlu uşağın arzusu futbol oynamaq, “Turan”ın formasını geyinmək olur. Bizim rayonumuz əsl futbol bölgəsidi. Siz də bunu bilirsiz. Tovuzun futbol ənənələri çox güclüdü. Bununla yanaşı yerli əhalinin futbola olan sevgisi əhəmiyyətli rol oynayır. Bir sözlə, demək olar ki, Tovuzda futbol baxımıdan hər şey bir-birini tamamlayır. Allah Sakit Alıyevə rəhmət eləsin. O rəhmətlik də bir çox tovuzlu gəncdin futbolçu kimi püxtələşməsində, premyer-liqa klublarında oynamasında böyük əziyyət çəkib.
- Uzun fasilədən sonra “Turan Tovuz” elitada oynayır, böyük futbol Tovuza qayıdıb. Sizcə, bunun rayonda futbolun inkişafına necə təsiri olacaq?- Tovuza böyük futbol çox yaraşır. Özünüz də görürsüz ki, “Turan Tovuz”un oyunları zamanı şəhər stadionunun tribunaları necə dolur, yerli əhali futbola böyük maraq göstərir. Bu da əvvəlki sualın cavabında dediklərimin əyani sübutudu. Tovuz əsl futbol şəhəridi. Komandanın elitaya qayıtmasıyla həm uşaqların, həm də valideynlərin futbola marağı artacaq. Valideynlər uşaqlarını futbola yönəldəcəklər. Həm də stadiona gələn azyaşlı uşaqlar futbolçuları canlı görüb, azarkeşlik etdikdən sonra onlara oxşamağı arzulayacaqlar. İndinin özündə də “Turan Tovuz”un aşağı yaş qruplarının məşqlərində qələbəlik yaşanır. Nə qədər çox uşaq məşqlərə qatılsa, o qədər də çox futbolçu çıxma şansı var. Kütləvilik olan yerdə məşqçilərin seçim imkanları da artır. Əminəm ki, “Turan Tovuz”un premyer-liqada oynaması qərb bölgəsində futbolun inkişafına böyük töhvə verəcək.
- Karyeranızı bitirdikdən sonra məşqçi olmağı düşünürsüzmü? Məşqçi olsaz, harda çalışmağa üstünlük verərsiz: Sumqayıtda, yoxsa Tovuzda?- Açığı hələ bu barədə ciddi şəkildə düşünməmişəm. Hal-hazırda futbol oynayıram, “Sumqayıt”da forma geyinirəm. Əsas məqsədim də yaxşı formada qalmaq, zədələnməmək və komandama fayda verməkdi. Fikrim yalnız öz işimdə, komandamın məşqlərindədi. Bu barədə karyeramı bitirdikdən sonra düşünüb, yekun qərara gələ bilərəm. İşdi, məşqçi olsa, hardan yaxşı təklif alsam, orda da işləyərəm (gülür).
- Sonda soruşmaq istədiyimiz odu ki, futbolda ilk addımlarını atan azyaşlılara və onların valideynlərinə təcrübəli bir futbolçu kimi nə demək istərdiz?- Valideynlər həm öz övladlarına, həm də onların məşqçilərinə qarşı həssas olmalıdılar. Uşaqları düzgün istiqamətləndirmək vacibdi. Məşqçilərə isə etimad göstərmək lazımdı. Onların işinə əngəl törətmək, etimadsızlıq göstərmək olmaz. Sözsüz ki, əziyyətsiz heç bir iş olmur. Hansısa bir işdə uğur qazanmaq istəyirsənsə, zəhmət çəkməlisən, öz üzərində çalışmalısan. O cümlədən də futbolda belədi. Futbolçu olmaq üçün çox əziyyət çəkməli, məşqlərdə tər tökməlisən. Əsas şərtlərdən biri də səbirli olmaqdı. Hər bir futbolçu öz vaxtını gözləməlidi. Məşqçinin etimadını qazanmaq lazımdı, vaxtı çatanada məşqçilər futbolçuya özünü göstərmək üçün şans verir. Həmin anı gözləməli, hazır olmalısan. Hər tərəfli hazır olmalısan ki, məşqçi şans verəndə özünü sübut etməyi bacarasan, etimadı doğruldasan. Onda uğur qazanmaq heç də çətin olmayacaq.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.