Avropada futbolun sürətlə inkişaf etdiyini heç kim dana bilməz.
Mən UEFA-nı, onun futbola yanaşmasını, xüsusilə də qaranlıq əlaqələri çox da sevmirəm. Amma ortada çox böyük bir həqiqət var ki, onu da etiraf etmək məcburiyyətindəyəm. Bu həqiqət də ondan ibarətdi ki, Avropada futbolun inkişafında, populyarlaşmasında, böyük biznesə çevrilməsində UEFA-nın həyata keçirdiyi siyasətin böyük rolu var. Məhz bunun nəticəsində UEFA-nın bayrağı altında keçirilən yarışlar özünü doğruldur, sürətlə sevilir və markaya çevrilir. Kimsə mübahisə etməz ki, Çempionlar Liqası hazırda dünyanın ən məşhur brendidi. Bu yarışa maraq təkcə Avropa qitəsinin sərhədləri çərçivəsində deyil. Asiyada, Amerikada, Afrika və Avstraliyada da Çempionlar Liqasını maraqla izləyirlər. Sözsüz, bu böyük maraq UEFA-ya böyük gəlir gətirir.
Həmin gəlirlərin ədalətli bölünüb-bölünməməsi mübahisəli məsələdi, bu öz yerində. Sizin də yadınızdadı ki, bu yaxınlarda Avropanın böyük klubları UEFA-ya qarşı üsyan bayrağını açmış, öz turnirlərini yaradacaqlarını bildirmişdilər. Nəticənin necə olduğunu hamımız gördük. UEFA-ya meydan oxuyan klublar geri çəkildi, sonda elə Avropa futbol qurumunun dediyi oldu. Düzdü, klublar da müəyyən güzəştlər əldə etdi. Amma mahiyyətcə dəyişən bir şey yoxdu. Yenə də söz sahibi UEFA-dı, bütün klublar onun çaldığı havaya oynayır. Bu yazıda kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq fikrində deyiləm. Sözümün canı UEFA bayrağı altında keçirilən turnirlərin nüfuzunu, bu yarışların ətrafında dövr edən milyonların miqyasını bir daha hörmətli oxucularımızın diqqətinə çatdırmaqdı.
UEFA-da yetərincə ağıllı adamlar oturub. Onlar yaxşı başa düşür ki, oyun nə qədər çox olarsa, gəlir də o qədər artacaq. Elə həmin ağıllı kişilər Avropada klublar arasında ciddi səviyyə fərqinin olduğunu da yaxşı görür. Hamını gətirib Çempionlar Liqasında oynatmaq olmur. Belədə həm turnirin nüfuzu zədələnir, həm də oyunlara maraq azalır. Bu üzdən Avropanın top-çempionatlarından təkcə qızıl medalçılar yox, daha aşağı yer tutanlar da qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə ilə təmin olunur. Təbii ki, onlar da nisbətən zəif ölkələrin çempionlarının yerni dar etmək bahasına bu şərəfə layiq görülür. Loru dillə desək, UEFA həmin o ortabab çempionları bir-birinin canına salır. Deyir ki, bir-birinizi qırın-çatın, sonda sağ qalanı Çempionlar Liqasının qrupunda oynamaqla mükafatlandıracağıq. Azərbaycan çempionu “Qarabağ” da bu amansız mübarizədən dişiylə-dırnağıyla qalib çıxmağa çalışdı. Özü də bunu pis bacarmadı.
“Qarabağ” bu yerə gələnə kimi Polşa, İsveçrə və Macarıstan çempionlarını yolundan kənarlaşdırdı. Çexiya çempionu Bakıda öz qapısı qarşısında keçilməz sədd yaratdı, cərimə meydançasının həndəvərindən uzaqlaşmadı. Məlum məsələydi ki, çexlər “Qarabağ”dan çəkinir. “Viktoriya” nə “Lex”dən güclü idi, nə də “Ferentsvaroş”la “Sürix”dən. Siz də razılaşarsız ki, Misli premyer-liqası adını çəkdiyim komandaların çıxış etdiyi çempionatların heç birindən güclü deyil. Nəinki güclü deyil, bizim çempionatı və onun iştirakçılarını Avropanın ortababları ilə müqayisə etmək belə mümkünsüzdü. Bizim çempionatdan çıxıb belə ölkələrin ən güclüləriylə başabaş mübarizə aparmaq, onları sıradan çıxarmaq heç də az iş deyil. Artıq neçənci mövsümdü ki, qalan klublarımızın avrokuboklardakı çıxışı sözlərimi təsdiqləyir. Bütün bunları hamımız yaxşı bilirik, təkrarçılıq etmək istəmirəm.
Təəssüf ki, “Qarabağ” axırıncı aşırımı uğurla adlaya bilmədi. Çempionlar Liqasının qrupuna düşmək üçün cəmi 45 dəqiqə gücümüz çatmadı. Yazının əvvəlində vurğuladığım kimi, UEFA-da oturanlar da bütün bu nüansları bilir. Söhbət təkcə “Qarabağ”dan getmir. Çempionlar Liqasında oynamağa layiq olan, amma amansız rəqabətdən çeşidli səbəblər üzündən qalib çıxa bilməyən xeyli klub var. Bu məqam da UEFA-nın əlinə əlavə fürsət verib. Ağıllı başlar oturub düşünüb, həmin klubların sırasına Avropanın aparıcı futbol ölkələrinin güclü, lakin Çempionlar Liqasında oynamayan təmsilçilərini əlavə edib. Belədə ortaya Çempionlar Liqasından azca zəif görünən Avropa Liqası yaranıb. UEFA-nın son illərdə apardığı islahatlar sayəsində Avropa Liqasının nüfuzu da, iştirakçılarının səviyyəsi də xeyli yüksəlib. Biz buna üzülməməli, doğru hədəflər müəyyənləşdirməliyik. “Qarabağ”ı asıb-kəsməklə deyil. Qarşımızda iki yol var. Gəlin, işıq gələn tərəfə gedək...
AMAL