''Borussiya'' fanatları hələ də bundesliqanın son turunda başverənlərin şokundan ayılmayıb.
Xatırladaq ki, ''arılar'' 3-cü turda debütant ''Verder''ə qarşı ev matçının 88-ci dəqiqəsinə qədər 2:0 hesabı ilə öndə olsalar da, qalan qısa müddətdə 3 top buraxaraq inanımaz şəkildə məğlub oldular. Halbuki 1963-cü ildən keçirilən bundesliqanın tarixində 88-ci dəqiqədən sonra 3 qol buraxan komanda olmamışdı. Həmin unudulmaz matçda ''Borussiya''nın ikinci qolunu vuran portuqaliyalı sol cinah müdafiəçisi Rafael Gerreyro Almaniya mətbuatına qısa müsahibə verib. Komandada 7-ci mövsümünü keçirən 28 yaşlı futbolçu məğlubiyyətə izah tapmağa çalışıb.
- İlk növbədə bilmək istəyirik ki, oyundan sonrakı gecə gözünə yuxu getdimi?
- Təbii ki, belə oyunda məğlubiyyəti qəbul etmək çətin olur. İlk baxışdan belə görünürdü ki, vəziyyətə nəzarət edirik və qələbə bizim olacaq. Amma son 5-6 dəqiqədə hər şeyi əldən verdik. Evə qayıtmaq çox çətin oldu. Yolda fanatların sifət cizgilərini görmək ağır idi. Hamısı çox üzgün görünürdü. Amma inanın ki, biz heç də onlardan az üzgün deyildik.
- Karyeranda daha öncə belə məğlubiyyət olmuşdumu?
- Bir neçə il öncə məhz elə ''Verder''lə ev oyununda 2:3 geridə olarkən son anlarda 2 qol vurub 4:3 qalib gəldiyimiz oyun yadımdadı. Amma evdə son dəqiqələrdə qollar buraxıb bu şəkildə uduzdugumuz bir oyun xatırlamıram. Ümumiyyətlə, ''Borussiya'' kimi klubun son dəqiqələrdə 3 qol buraxıb uduzmağa ixtiyarı yoxdu!
- Bilirik ki, məntiqli izah tapmaq çətin olacaq. Amma yenə də çox maraqlıdı, 88-ci dəqiqədən sonra ''Borussiya''ya nə oldu? Nə baş verdi?
- Həqiqətən də izah tapmaq çətindi. Mənim bu suala normal izahım yoxdu! Həmin gün ''Borussiya''nın meydanda olan hər futbolçusu ikinci qoldan sonra təxminən belə düşünürdü: vəssalam, oyun bitdi, ''Verder'' qalan müddətdə bizə heç nə edə bilməyəcək və qələbəni qoruyacağıq. Amma hər şey başqa cür oldu. Futbolda da, həyatda da bəzən belə gözlənilməz şeylər olur. Düzdü, hakim də bəzi epizodlarda başqa cür qərarlar qəbul edə bilərdi. Amma günahı özümüzdə axtarmalıyıq. Çünki son anlarda oyun qarşılıqlı hücumlar şəraitində keçirdi və bizim də qol vurmaq üçün çox gözəl fürsətimiz oldu. Bu nəticəyə görə yalnız biz məsuliyyət daşıyırıq.
- Həqiqətən də sənin ikinci hissədə vurduğun qoldan sonra oyunu izləyən istənilən şəxs düşünərdi ki, qələbə sizin olacaq. Hər şey buna doğru gedirdi. Axı 2:0-ı qorumaq nə üçün sizə bu qədər çətinlik yaratdı?
- Fikrimcə, bizə çətinlik yaradan məqam o oldu ki, topa nəzarəti heç cür ələ keçirə bilmədik. Bu baxımdan həqiqətən də çox çətin qarşılaşma oldu. ''Verder''in tempi yüksək idi. Ora-bura qaçırdıq, amma topu almağı bacarmırdıq. Üstünlük onların tərəfində olduğu üçün geri çəkilməyə məcbur olduq. Bu üzdən qapımız önündə təhlükələr yaranırdı. ''Verder'' tək 0:2-dən sonra yox, oyunboyu topa nəzarət edirdi. Onlar bizi topsuz qaçmağa məcbur etdilər və bu üzdən sona yaxın yorulduq. Yorulmaqla yanaşı, düşündük ki, bu andan sonra uduzmağımız mümkün deyil. Bu psixoloji rahatlıq da əks təsirini göstərdi. Biz yanıldıq. ''Verder'' qol və qollar vurmaq üçün özündə güc tapdı. Hərçənd birinci qolu buraxandan sonra hələ də düşünürdük ki, ''Verder''in bundan artığına gücü çatmayacaq. Amma 90-cı dəqiqədən sonra ağlasığmaz və izaholunmaz şəkildə daha 2 top buraxdıq. Yəni dediyim kimi topa nəzarət edə bilməmək və hədsiz dərəcədə rahatlaşmaq ''evimizi yıxdı''. ''Verder''in oyunçuları isə əksinə, sona qədər də inanırdılar ki, matçın axarını dəyişə bilərlər.
- 3-cü qolu buraxdıqdan sonra beynində nələr baş verirdi? Nə haqda düşünürdün?
- Sadəcə, şokda idim. Çünki oyun bitmək üzrə idi və ''Verder''in etdikləri mümkünsüz bir şey kimi görünürdü. Emosional anlar idi. Amma etiraf etmək lazımdı ki, onların 3-cü qolu həqiqətən də baxımlı alındı.
- Komanda belə məğlubiyyətin öhdəsindən necə gələcək?
- Təbii ki, hər birimiz üzgünük. Belə məğlubiyyətlərdən sonra başıuca gəzmək, gülümsəmək çətindi. Amma digər tərəfdən mövsüm hələ yeni başlayıb. Unutmayaq ki, liderlə aramızda cəmi 3 xallıq fərq var. Digər görüşlərdə bunun əvəzini çıxmağa və başverənlərin təsadüf olduğunu sübut etməyə çalışacağıq.
ƏLİ RAUFOĞLU