''Beşiktaş''ın Vinçentso İtalyano ilə Avropa arenasında uğurlu oyunlar seriyası davam edir.
Avropa Liqasında çıxış edən İstanbul nəhəngi 2-ci təsnifat mərhələsində ''Midtüllann''ı evdə 1:0, səfərdə 2:0 yendikdən sonra bu dəfə Çexiya təmsilçisi ''Hradets Kralove'' ilə qarşılaşdı. Rəqib meydanında uzun müddət qol vura bilməyən ''qartal'' 72-ci dəqiqədə yeni transfer Kassum Uattaranın qırmızı vərəqə alması ilə azlıqda qaldı. Amma komanda xarakter nümayiş etdirərək azlıqda qələbə qolunu vurmağa müvəffəq oldu.
Ötən mövsümü icarə əsasında ''Kalyari''də keçirən və geri döndükdən sonra şans qazanmağa başlayan Semih Kılıçsoy 80-ci dəqiqədə qələbə qolunun müəllifi oldu.
''Ağ-qaralar'' yeni məşqçi ilə 3-cü rəsmi oyunda da qol buraxmadılar. Yeni transferlərdən olan qapıçı Aleksander Nübel bu 3 qarşılaşmada ''çərçivə''yə gələn 13 zərbənin hamısını dəf etməyi bacarıb! Bununla da ''Beşiktaş'' avrokuboklarda 261-ci oyunda yubiley - 100-cü qələbəsini qazandı.
''Beşiktaş'' ''Qalatasaray'' (340 oyun, 121 qələbə) və ''Fənərbaxça''nın (303 oyun, 120 qələbə) ardından avrokuboklarda 100 qələbə həddinə çatan 3-cü Türkiyə təmsilçisi oldu.