Dünən bundesliqanın 27-ci turunda ''Bavariya'' doğma fanatları önündə ''Union''u 4:0 hesabı ilə darmadağın edərək 2 oyunluq qələbəsiz seriyaya son qoydu.
Bu qarşılaşmada bir sıra maraqlı göstəricilər qeydə alındı. ''Bavariya'' bundesliqada ümumilikdə 1935-ci oyununu keçirərək ''Verder''ə məxsus rekordu yenilədi və turnirin tarixində ən çox oyun keçirən komanda oldu. Münhenlilərin qapıçısı Manuel Noyer üçün də oyun əlamətdar oldu. Təcrübəli əlcək sahibi bundesliqada ümumilikdə 311-ci dəfə qələbəyə sevinərək bu baxımdan yeni rekordun müəllifi oldu. Əvvəlki rekord Oliver Kana (310) məxsus idi. Bundan başqa dubl edən Robert Levandovski bu mövsüm bundesliqadakı qolların sayını 30-a yüksəltdi. Son illərdə bir sıra rekordları alt-üst edən Leva ardıcıl 3-cü, ümumilikdə 5-ci dəfə 30 qol həddinə çataraq bu göstəricidə əfsanəvi Herd Müllerin rekordunu təkrarladı! Turnirin tarixində Levandovski ilə Müllerdən başqa daha 5 futbolçu bir mövsümdə 30 qol həddinə çatmağı bacarıb. Amma onlar bunu hərəyə yalnız bir dəfə ediblər. Söhbət Uve Zeeler (''Hamburq'', 1963/64, 30), Lotar Emmerix (1965/66, ''Borussiya'' D, 31), Yupp Haynkes (1973/74, ''Borussiya'' M, 30), Diter Müller (1976/77, ''Köln'', 34) və Pyer-Emerik Obameyanqdan (2016/17, ''Borussiya'' D, 31) gedir.