Qurban Qurbanov...
Qeyd-şərtsiz Azərbaycan futbolunun ən böyük dühalarından biri, bu ölkəni dünyada ən yaxşı səviyyədə tanıdan, ən yaxşı sözləri haqq edən, eyni zamanda təvazökarlığından zərrəcə çəkilməyən, gördüyü ən böyük işləri də vətənə borc kimi qəbul edən və anlayan adam kimi adam...
Açığı, sosial şəbəkələrdə, mediada onun haqda yazılan komplimentləri, səslənən difirambları oxumaq adama dəhşətli dərəcədə xoş gəlir. İlk növbədə ona görə ki, Qurban bəyin məşqçi və insan kimi formalaşması prosesi məhz bizim nəslin gözü önündə keçib, təfəkkür və düşüncə etibarı ilə dəyişmə mərhələlərini addım-addım izləmişik. Amma bundan da önəmli səbəb odu ki, Qurbanov başdan-ayağa müstəqil Azərbaycan futbolunun yetirməsidi. Bəli-bəli, SSRİ vətəndaşı kimi dünyaya gəlib, ancaq futboldakı bütün uğurları müstəqil Azərbaycanın adı ilə bağlıdı. O, rusiyalı həmkarımıza “ad-soyadımı Qurban Qurbanov kimi yazın” deyəndə də milli kadr idi, Qarabağ müharibəsindəki qələbədən sonra komandasını istisnasız hücum futbolu oynamağa məcbur edəndə də millidən də millidi. Bu mənada srağagün – o möhtəşəm və parlaq qələbədən sonra Qurbanovu müstəqillik dönəminin 10 ən böyük azərbaycanlısı adlandıran adamlarla da razıyam, ona heykəl qoyulmasını təklif edənlərlə də!
Qurban bəyin düşüncəsində dəyişiklik olduğunu şəxsən mən “Marsel”lə oyunların gedişində hiss etdim. Açıq-aşkar görünürdü ki, müharibədəki qələbə onun baxışlarını dəyişib, rəqibin ad-sanına baxmadan xoşbəxtliyi hücumda axtarır. Tezliklə özü də bu məqamı etiraf etdi, “mən artıq məğlub yox, qalib xalqın nümayəndəsiyəm” dedi və o yolla da yürüdü. Bu il isə artıq ötənilkindən də inamlı görünür.
Qurbanov təkcə oyunun məzmununa yox, ətrafda yaşananlara münasibətdə də dəyişib. Əvvəllər “Qarabağ” PFL-ə müraciətlə oyunlarının təxirə salınmasını istəyirdisə, indi əksi baş verir, futbol qurumları ona belə təklif ünvanlayır, baş məşqçi isə yaxın buraxmır. Əslində elə belə də olmalıdı, illərdi biz məhz buna çalışır, ölkədaxili yarışların təqvimini ayrı-ayrı komandaların maraqlarına görə “bazara çevirməməyə” çağırırdıq. Qurbanov sağ olsun, enində-sonunda bu həqiqəti qəbul etdi. “Ferentsvaroş” “Qarabağ” önünə təzə-tər çıxmaq üçün “Zalaeqerseq”lə çempionat oyununun təxirə salınmasına nail oldu. Amma nə qazandı? Heç nə - 3 qol buraxdılar, gücümüzü qəbul etdilər, yolumuzdan çəkildilər.
Fikrimcə, bu, Azərbaycan klub futbolunun ən parlaq qələbələrindən biri, bəlkə də birincisidi. Rəqibi öz evində, 19 min azarkeşin gözü önündə bütün komponentlərdə döymək, kötəkləmək, üstünlüyünə zərrəcə şübhə yeri qoymamaq çox nadir hallarda üzləşdiyimiz mənzərədi. Və mən onu da gizlətmirəm ki, ilk oyundakı 1:1-dən sonra “Qarabağ”ın pley-off perspektivi ilə bağlı nikbin düşünmürdüm. Kim nə deyir-desin, Çerçesov maraqlı komanda formalaşdırıb. “Ferentsvaroş” mənə zaman-zaman Rusiya yığmasının daha mükəmməl formasını xatırladırdı. Zahirən “ağır” oyunçulardan qurulan, amma istənilən vaxt “artırmağı”, meydana ağırlığını qoymağı bacaran komanda idi Macarıstan çempionu. Bu başqa məsələ ki, “Qarabağ” inanılmaz, komandalarımız üçün xarakterik olmayan pressinqlə rəqibi oyunboyu “boğdu”, nəfəs almağa qoymadı.
Qurbanov təkcə yaş yox, futbola baxış etibarı ilə də böyüyür, köməkçiləri ilə birgə indi rəqibləri daha yaxşı təhlil edir, əlinin altında müxtəlif oyun modelləri var və oyunun axarına uyğun dəyişiklik etməyi bacarır. Qurbanovun “Qarabağ”ı oyunboyu adamı həyəcanlandırır, bəzən öldürür-öldürür və dirildir, amma bütün hallarda bu komandanın oyununu izləmək hər kəsə zövq verir, ən azı ayın müəyyən günlərində özünü gerçək avropalı, Avropa futbolunun təmsilçisi kimi hiss edirsən. Bəzən tarixi paralellər aparmağa, Azərbaycan futbolunun hansı azarkeş nəslinin indiki qədər həyəcanla futbol izlədiyini müəyyənləşdirməyə çalışıram. Uzaqbaşı 1966-cı ili, “Neftçi”nin SSRİ çempionatının “bürünc”ünü qazandığı dönəmi xatırlamaq olar. Təbii ki, mən o dövrdə həyatda deyildim, eşitdiklərimə və oxuduqlarıma əsasən bu qənaətə gəlirəm.
Qurbanov Avropanın üç möhkəm ortababının çempionunun dizini yerə gətirdi. Təbii ki, növbə “Viktoriya”nındı. Hansısa qeyri-adi hadisə baş verməsə, Azərbaycan çempionu 5 illik fasilədən sonra növbəti dəfə ÇL-in qrupunda görünəcək. ÇL isə zirvədi. Azərbaycana da, Qurbanova da zirvə çox yaraşır! Biz artıq o himni eşitməyə hazırıq. Çox-çox ümid edirəm ki, bu il gözümüz yolda qalmayacaq!
HUŞƏNG