“Mançester Yunayted” ser Aleks Ferqyusonun 2013-cü ildə gedişindən sonra hələlik heç cür axtardığı məşqçini tapa bilmir.
Həmin vaxtdan bəri ümumilikdə 7 çalışdırıcı bu postu tutsa da, yeganə ciddi uğur komandanın Joze Mourinyonun dönəmində Avropa Liqasında qalib gəlməsi oldu. “Ayaks”dakı işi ilə adından söz etdirən Erik ten Haq bu yay “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçdi. MY azarkeşlərinin müasir və hücumameyilli futbola üstünlük verən niderlandlı mütəxəssisə ümidləri çox böyükdü. Klubda “yeni şerif” ləqəbini alan Ten Haq bir neçə gün əvvəl yerli mediaya maraqlı müsahibə verib.
“Yunayted” karyeramın ən çətin layihəsidi”
- Hazırlıq prosesi necə keçir?
- Hər şey yaxşıdı. Cəmi 3 həftədi işə başlamışıq, 15 gündü, demək olar, bütün oyunçular komandaya qoşulub. Məncə, yaxşı çalışdıq. Futbolçular mənim və köməkçilərimin tələblərinə əla reaksiya verdilər. Bəzi standartları müəyyənləşdirirəm, komandanın necə oynayacağını onlara çatdırıram. Gördüyümdən razı qaldım.
- Futbolçular deyirlər ki, qaçış təmrinləri baxımından ən çətin mövsümöncəsi hazırlıqlardan biri oldu. Onların fiziki formasına xüsusi diqqət ayırdız?
- Əvvəlki mövsümlərlə müqayisədə tez başladılar, buna görə də dediyiniz amilə daha böyük önəm verməli olduq. Ancaq ən əsası müyyən oyun üslubunu aşılamağa çalışdım. Əlbəttə, bunun üçün vaxt lazımdı. Mövsümün startına qədər yeni üslub formalaşdıra bilmərik, amma nəticə verməyə hazır olmalıyıq.
- Söhbət hansı üslubdan gedir?
- Təşəbbüsün bizim tərəfdə olacaq hücum futbolunu sərgiləmək istəyirik. Məqsədimiz əla oyun nümayiş etdirməkdi, lakin hansısa səbəbdən alınmasa, yenə də lazımi nəticəni qazanmağı bacarmalıyıq.
- “Yunayted” “Ayaks”ınıza oxşayacaq?
- Belə düşünmürəm. MY son illərin “Ayaks”ından xeyli fərqlənəcək. Çünki yeni komandamda başqa oyunçulara sahibəm, həm də Premyer Liqada ayrı futbola üstünlük verilir. Ümumiyyətlə, sərgiləyəcəyiniz oyunu futbolçularınızın keyfiyyətləri müəyyənləşdirir. Onların identifikasiyasını dəyişə bilmərəm.
- Tələblərinizi oyunçulara necə çatdırırsız?
- İndi istəklərim çoxdu. Deyərdim ki, həddən artıq çoxdu. Çalışdırıcının həmişə müəyyən üsulları olur. İlk növbədə kollektiv və fərdi məşqlər, hər birinin öz hədəfi var. Nəticədə bütün məşğələlər vahid prosesə çevrilir. Komandanın öz strukturu, oyun üslubu, qalib gəlməyə kömək edən platforması olmalıdı.
- Bu nə qədər vaxt aparar? Aydın məsələdi ki, hazırda titullar real görünmür. Bəs mövsümü “4-lük”də bitirmək?
- Hədəfimiz hər oyunda qələbə qazanmaqdı. “Yunayted”in işə yanaşma tərzi yalnız bu cür olmalıdı. Mövsümə də belə düşüncə ilə başlayacağıq.
- Sizcə, bu çətin işdi?
- İndiki layihəni nəzərdə tutursuz? Həzz alıram, buna görə də postu tutmağa razılaşdım. Bilirəm ki, işim asan olmayacaq, ancaq bundan sevinc və enerji alıram. Məni əhatə edən bütün insanlarla birgə uğur qazanmaq üçün platforma yaradırıq.
- Başqa məşqçilərin bacarmadığı vəzifənin öhdəsindən gələcəyinizə niyə bu qədər əminsiz?
- Buna çox inandığımı deməliyəm. Mənim üçün böyük çağırışdı, amma işlədiyim yerdən asılı olmayaraq, həmişə komandalarımdan maksimumu sıxmağı bacarmışam. Bəli, MY karyeramın ən çətin layihəsidi, bunu başa düşürəm. Lakin bacaracağıma inandığıma görə burdayam.
- Ralf Ranqnik deyib ki, MY-nin MS ilə “Liverpul”a çatması üçün 2-3 “transfer pəncərəsi” lazımdı. Bu fikirlə razısız?
- Belə açıqlamalar verməyəcəm. Sadəcə, hazırda komandada yer alan futbolçulardan maksimumu almaq istəyirəm. Məncə, ən yaxşı nəticə qazanmaq, ən güclü turnirlərdə iştirak etmək “Yunayted”in qanındadı. Çünki məhz bu yolla yeni səviyyəyə çıxa bilərsiz.
- Lisandro Martinesi transfer etdiz. Mövsümə start heyətdə başlayacaq, yoxsa uyğunlaşması üçün vaxt verəcəksiz?
- Eynilə Martines kimi, bütün futbolçuların komandanın çıxışına töhfə vermək imkanı olacaq. O, heyəti gücləndirmək üçün alınıb.
- Transferinin səbəbi nədi? Pressinq vaxtı irəli çəkiləcək müdafiədə xəttini gücləndirməlidi?
- Əslində heyətdə güclü futbolçularımız var, sadəcə, bizə daha geniş heyət lazımdı. MY-nin ötənilki çıxışını qiymətləndirdim və belə qərara gəldim ki, müdafiənin sol tərəfində müəyyən problemlər var. Lisandro isə solaxaydı, bu ona topa sahibolma baxımından üstünlük verir. Məncə, komandaya həmçinin cənubi amerikalı futbolçulara xas ruh və aqressivlik gətirəcək. Martinesin “Yunayted”ə və yeni üslubumuza əla uyğun gələcəyini düşünürəm.
“Ronaldonun yüksək səviyyəli oyunçu olduğuna heç kimin şübhəsi yoxdu”
- Bəs Harri Maquayr önə çıxacaq müdafiə xəttində və aqressiv pressinqdə özünü yaxşı tərəfdən göstərə biləcək?
- Fikrimcə, hə. Əla mərkəz müdafiəçilərimiz var, Harri onlardan biridi. Daha çox sol stopper kimi oynayır, ancaq sağ tərəfdə də çıxış edə bilər, çünki işlək ayağı sağdı.
- Bəs kapitanlıq sarğısı ilə bağlı müzakirələr oldu? Mətbuatda Maquayrın bu statusu itirəcəyi yazılırdı. Futbolçular arasında səsvermə keçirmək haqda düşünmüsüz?
- Xeyr. Kapitanlıq məsələsində həmişə özüm söz sahibi oluram. Mənim üçün komandadakı birlik çox vacibdi. Güvənə biləcəyim lider qrupu olmalıdı. Kapitan çox vacib şəxsdi, Harridən razıyam.
- Adətən, bu statusa sahib futbolçu həmişə meydana çıxır. Yəni ki, Maquayrı start heyətin üzvü görürsüz?
- Bəli, bu cür düşünürəm. Harri ötən mövsüm oynamağa layiq olduğunu sübut etdi, məncə, yeni “futbol ili”ndə də bunu bacaracaq. İngiltərə millisində neçə oyunu var? 60? Karyerası həqiqətən zəngindi, ona böyük ümidlər bəsləyirəm. Ancaq daxili rəqabət də möcvuddu, bu, “Yunayted” kimi klub üçün çox vacibdi. 11 futbolçu ilə kuboklar qazanamq mümkünsüzdü. Bizə güclü və geniş heyət lazımdı, xüsusən də təqvimi çox çətin görünən növbəti mövsümdə. Çünki qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də döyüşkən heyətə ehtiyac var. Əsasən kəmiyyəti yox, keyfiyyəti nəzərdə tuturam.
- Amma ötən mövsüm Maquayr üçün çox çətin alındı. Ümid edirsiz ki, kapitanlıq sarğısı onun özünəinam hissini artıracaq?
- Bəli, köməyi ola bilər. Harrini bacardığım hər yerdə müdafiə edəcəm. Lakin meydanda hər şeyi özü sübut etməlidi, bunun üçün bütün lazımi keyfiyyətlərə sahibdi. Təkrar edirəm, keçmişdə artıq yüksək səviyyəli futbolçu olduğunu təsdiqləyib.
- MY bu yay artıq 3 futbolçunun transferini rəsmiləşdirdi. Lakin hədəfləriniz bununla bitmir. Heyətə qatmaq istədiyiniz futbolçular arasında Frenki de Yonq da var. Mümkün keçidlə bağlı nə fikirdəsiz?
- Daha əvvəl dediyim sözləri təkrarlaya bilərəm: meydanın mərkəzində əla oynamağı bacaran futbolçu axtarırıq, bu, doğru seçim olmalıdı. Əslində sözügedən mövqe üçün tələb etdiyimiz səviyyəyə çata biləcək oyunçu çox deyil. Transferi reallaşdıra bilməsək, problemi heyətdə olan futbolçuların köməyi ilə həll edəcəyik. Kimisə həmin mövqedə sınamalı olacağıq.
- De Yonqu bu yay transfer edə bilməsəz, gələn yayı gözləyəcəksiz, yoxsa başqa futbolçu alınacaq?
- Say olsun deyə, oyunçuya ehtiyacım yoxdu, yalnız sistemə uyğun gələnləri komandada görmək istəyirəm. Bu rola uyğun gələn ifaçıların siyahısını hazırlamışıq. Futbolçunun keçidi real görünən kimi gedişimizi edəcəyik.
- Turne vaxtı Ronaldo ilə danışdız?
- Banqkokdakı söhbətimizdən bu yana heç bir yenilik yoxdu.
- Kriştianonun komanda ilə birgə hazırlıq prosesini buraxdığını nəzərə alsaq, formaya düşməsi üçün mövsümü onsuz başlamaq variantını gözdən keçirirsiz?
- Belə ehtimal var, ancaq o, fərdi məşqlər edir. Ronaldonun kim olduğunu hamımız bilirik. O, böyük peşəkardı və yaxşı formada olacaq. Bu məni ən az narahat edən məsələdi.
- Bəs 37 yaşında pressinq etməyi xoşlayan komandada müntəzəm oynaya biləcək?
- Kriştianonun bunu bacaracağını düşünürəm. Karyerası ərzində hər şeyin öhdəsindən gələ biləcəyini göstərib.
- Ronaldo komandanın inkişafına mane olmayacaq?
- Xeyr, ona öz tələblərimi çatdırdım. Müəyyən üslubda oynamaq istəyirik, top-futbolçu bu işdə öz töhfəsini verə bilər. Kriştianonun yüksək səviyyəli oyunçu olduğuna isə heç kimin şübhəsi yoxdu.
- Bəziləri düşünür ki, Ronaldodan maksimum xeyir görmək üçün 2 hücumçu ilə oynamaq lazımdı. Bundan ötrü adət etdiyiniz 4-3-3 sxemini dəyişməyə hazırsız?
- Bu məsələdə hansı futbolçulara sahib olduğunuzu nəzərə almalısız. Təbii ki, çoxlu qol vuran oyunçular vacibdi. Komandanı onların ətrafında qurursuz.
- MY ötən mövsüm məhsuldarlıq planında yaşadığı problemi həll edə biləcək?
- Düşünürəm ki, bunu bacaracaq futbolçularmız var, yoxlama matçları da bunu göstərdi.
“MY kimi klubda oynayırsansa, əlindən gələni etməlisən”
- Ceydon Sanço və Markus Reşford İngiltərə millisinin son oyunlarına dəvət almadılar. Sizcə, təyinatınız onlarda yeni motivasiya yarada biləcək?
- Məncə, hə. İstənilən futbolçu dünya çempionatında oynamağı arzulayır, bu turnir isə 4 ildən bir keçirilir. Belə fürsətlər az olur, buna görə də oyunçular bu anlara xüsusi dəyər verirlər. Onlar bunu unutmamalı və yığmaya çağrılmadıqlarına reaksiya verməlidilər.
- Con Merto (MY-nin idman direktoru – red.) ilə münasibətiniz və klubun transfer bazarındakı işi haqda nə deyə bilərsiz?
- Əməkdaşlığımızın həqiqətən çox yaxşı olduğunu düşünürəm. Eyni sözlər icraçı direktor Riçard Arnolda da aiddi. Onlarla özümü çox rahat hiss edirəm.
- Komandanın problemlərini həll etməklə bağlı konkret ideyalarınız var?
- Hansı strategiyaya və oyun üslubuna sadiq qalmalı olduğumuz, həmçinin top-klubun necə təşkil edilməsi məsələlərində konkret təsəvvürə sahibəm. Bu ideyaları müzakirə etdik və strukturlu şəkildə əməkdaşlıq, həm də komandanın sərgiləyəcəyi oyun haqda razılığa gəldik. İndi təkcə reallaşdırmaq qalır.
- Martines heç də ucaboy müdafiəçi deyil (boyu 175 sm olan argentinalı hazırda Premyer Liqanın ən bəstəboy stopperidi – red.). Bunun çempionatda problem yaratmayacağına əminsiz?
- Düzdü, hündürboy deyil, ancaq hava mübarizələrində yaxşı təsir bağışlayır. Bu səbəbdən problemin yaranacağını düşünmürəm. Əlbəttə, doğru balansı tapmaq lazımdı, amma Martinesin mövqe seçimləri əladı, bu onun əsas üstünlüklərindən biridi.
- Niderland çempionatında çıxış etmiş 3 futbolçunu transfer etdiz. Bunu strategiya adlandırmaq olar?
- Xeyr, ingilis oyunçuların alınmasını da istəyirdim. Transfer məsələlərində yalnız bir əsas meyar mövcuddu: qiymət ilə keyfiyyətin uyğunluğu. Ancaq görünür ki, yerli futbolçular çox bahadı, bunu siz də inkar edə bilməzsiz.
- Ronaldonun müqavilə müddəti 2023-cü ilin yayında bitəcək. Komandada yalnız birmövsümlük qalacağını bilsəz, bu sizə çətinlik yaratmayacaq?
- Bu mövzuda yaxşı məlumatım var. Kriştianonun sözləşməsi daha birillik artırıla bilər, məgər belə deyil?
- Yəni ki, növbəti mövsümdən sonra da komandada qala bilər?
- Bəli, amma özümün klubla 3 illik müqaviləm var, bu isə futbol üçün qısamüddətli sözləşmə sayılır. Başqa sözlə, vaxt itirmək olmaz, qələbə qazanmağa başlamalıyıq. Buna görə də çox da uzağa baxmıram. Strategiya, müəyyən edilmiş proses var. Düzdü, bir qədər zaman aparacaq, ancaq qalib ruhlu komanda olduğumuza əvvəlcədən əmin olmalıyıq.
- Məşqlərdə Ceydon Sançoya qarşı çox tələbkar görünürdüz. Sonra isə o, matçda əla təsir bağışladı. Ona konkret nə etdiz?
- Sadəcə, bacarığa sahib olduğunu, potensialını reallaşdırmaq üçün çox işləməli olduğunu dedim. Bu, təkcə Ceydona yox, bütün futbolçulara aiddi. Hər birinə konkret nə gözlədiyimi söyləyirəm. Standartlarım yüksəkdi. Burdasansa və “Yunayted” kimi klubda oynayırsansa, əlindən gələni etməlisən.
- Krujkanı tullayan məşqçilərdənsiz?
- Nə?
- İngiltərədə belə deyirlər. Başqa sözlə, futbolçularınızın üstünə qışqırırsız?
- Bu, çalışdırıcının əl ata biləcəyi vasitələrdən biridi, ancaq vaxtın böyük hissəsi adi ritmdə keçir. Bəzən isə fərqli üsullara müraciət etməli olursuz.
- Ferqyusonda fen idi, bəs sizdə?
- Gördüyünüz kimi, fendən istifadə etmirəm (gülür).
- Qıraqdan elə görünür ki, sanki indidən futbolçuların gözünün odunu almısız və komandada nüfuz sahibi olmusuz...
- Nəticə tələb olunursa, problemlərdən biri odu ki, sizə vahid kollektiv lazımdı. Təşkilatçılıq, əməkdaşlıq və intizam yüksək səviyyədə olmalıdı.
Paltardəyişmə otağında intizam yoxdusa, bu, meydanda da təkrarlanacaq. Belə məsələlərə çox ciddi yanaşıram. Fikrimcə, futbolçular özləri də bir-birinə qarşı tələbkar olmalıdı. Uğur qazanmaq istəyirlərsə, vahid komanda yaratmalıdılar. Sadəcə, hərdən bəzi düzəlişlər etmək lazım gəlir.
- Ser Alekslə söhbətləşmək imkanınız oldu?
- Bəli.
- Sizə nə söylədi?
- Danışdığımız öz aramızda qalacaq.
- Bu söhbət sizdə hansı təəssürat yaratdı?
- Ser Alekslə həyat, xüsusən də futbol haqda fikir mübadiləsi aparmaq həmişə əladı.
RƏŞAD YUSİFOV