Ötən yay uzun müddət ''Neom''la danışıqlar aparan və Səudiyyə Ərəbistanına keçidi son anda baş tutmayan Barış Alpər Yılmazın adı yenə transferdə hallanmağa başlayıb.
''Qalatasaray'' və Türkiyə yığmasının üzvünə premyer-liqa təmsilçiləri - ''Tottenhem'', ''Fulhem'', ''Everton'', eləcə də Liqa-1 təmsilçisi ''Monako'' maraq göstərir. Hətta Türkiyə mətbuatının yazdığına inansaq, ''Everton'' 35 milyon funt sterlinqlik rəsmi təklif ilə ''Qalatasaray''ın ''qapısını döyüb''.
Düzdü, universallığı ilə seçilən Barış komandasının önəmli üzvlərindən biridi. Ancaq digər tərəfdən 26 yaşlı vingerin satılması ''Qalatasaray''ın maddi cəhətdən əlini gücləndirə və Rafael Leao, Can Uzun kimi futbolçuların transferi üçün qaynaq yarada yarada bilər.
Barış özü də bir gün özünü vətəndən kənarda sınamaq istədiyini heç vaxt gizlətməyib. Amma burda hər şey rəhbərliyin qərarından asılı olacaq. Çünki Barışın ''sarı-qırmızılar''la 2028-ə qədər müqaviləsi var. 2021-dən ''Qalatasaray''da olan Barış Alpər Yılmaz geridə qoyduğumuz mövsümdə 49 rəsmi oyunda iştirak edərək aktivinə 12 qol, 16 məhsuldar ötürmə yazıb.