Erik Ten Haq hələ ki “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə keçməsə də, artıq növbəti mövsümün planını qurub.
"Football-plus.az" xəbər verir ki, o, komandanın yeni mövsümə hazırlıq prosesinə planlaşdırılan vaxtdan iki həftə tez başlamasına qərar verib.
“Mirror” qəzetinin məlumatına görə, niderlandlı mütəxəssis fiziki formasından narazı olduğu MY-nin oyunçularının onun üstünlük verdiyi oyun üslubuna uyğunlaşması üçün daha çox məşq etməli olduqlarını hesab edir. Komandanın mövsümə iyulun 4-də, premyer-liqanın startına bir ay qalmış başlaması nəzərdə tutulurdu. Lakin Ten Haq futbolçuların məzuniyyətinin müddətini qısaltmaq və məşq prosesinə iyunun 20-də başlamağı lazım bilib.
“Yunayted”lə bir neçə həftə əvvəl müqavilə imzalayan məşqçi hazırda “Ayaks”a başçılıq edir. O, Amsterdam klubundan mövsümün sonunda ayrılacaq.