Məlum olduğu kimi, ''Liverpul'' bir neçə gün öncə Yürgen Kloppun vətəni Almaniyaya yollanaraq ''Red Bull Arena''da ''Leyptsiq''lə yoxlama oyunu keçirmiş və 5:0 hesabı ilə qalib gəlmişdi.
Görüşdən öncə ''Leipzig People's'' jurnalının idman sahəsi üzrə baş redaktoru və ''Leyptsiq'' üzrə mütəxəssis Quido Şafer Kloppdan müsahibə götürüb. 58 yaşlı Şafer həm də sabiq futbolçudu və ''Maynts-05''də Kloppun komanda yoldaşı olub.
- Yaxşı görünürsən. Nə qədər arıqlamısan?
- 1-2 kq atmışam.
- Belə bir deyim var ki, dünya xoşbəxt insanlara məxsusdu. Sən də xoşbəxtsən?
- Çox güman ki, elədi. Həyat yoldaşım arzularımın qadınıdı. Arzulardakı kimi işim var və üstəlik arzuların klubunu çalışdırıram. Özüm bilərəkdən bu cür sıralama ilə dedim. Ulla (Ulla Sandrok - red.) mənim üçün bir həyat yoldaşından daha artıqdı.
- Əfsanəvi Günter Netser bir dəfə ''məni mən edən Hennes Vaysvayler olub'' açıqlamasını vermişdi. Ullanın həyatındakı rolu barədə bu cür demək olarmı?
- Bunu eşitmək istəyirsənsə, bəli, məni mən edən Ulladı və etməkdə də davam edir! Həyatımın ayrılmaz bir parçasıdı.
- Yeri gəlmişkən, Ullanın bir müddət öncə stadionda olarkən çox da tanınmayan bir bəyi oturduğu yerdən durğuzması doğrudumu?
- O, sadəcə, yaxınlaşaraq çox mədəni şəkildə həmin şəxsə yanlış yerdə oturduğunu və meydanı daha yaxşı görməyə imkan verən başqa boş oturacaqların olduğunu dedi.
- Və həmin şəxs İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt imiş?
- Bəli, Ulla onu tanınmamışdı. Amma tanısaydı da, bu heç nəyi dəyişməyəcəkdi və eyni cür davranacaqdı.
- 2 il öncə mənə verdiyin müsahibədə bildirmişdin ki, 2024-də müqavilən bitdikdən sonra 1 il fasilə götürəcəksən. Amma ötən ilin sonunda qəfil hər şey dəyişdi və yeni müqaviləyə imza atdın.
- Ulla mənimlə bir gün yeni müqavilə haqda söhbət etmək istədi və həqiqətən bu şəhərlə, fanatlarla 2024-də vidalaşmaq istəyib-istəmədiyimizi soruşdu. Sonra sualın cavabını özü verdi: xeyr, istəmirik!
- Sonra böyük populyarlıq qazanan ''yaxşı həyat yoldaşı olaraq, sənin qadının qalmağını istəyirsə, sən nə etməlisən? Qalmalısan'' ifadəsini işlətdin. Fanatlar da ''Danke Ulla'' mahnısını araya-ərsəyə gətirdilər.
- Düzdü, Ullanın ''Liverpul''da daha çox qalmağımızı istəməsi önəmli amildi. Amma bunu yeganə səbəb adlandırmaq düzgün deyil. Mən bu klubu və bu camiəni çox sevirəm. Birlikdə çox önəmli işlər görmüşük və hələ də görə bilərik.
- Elədisə, nə üçün 2024-də ayrılmaq istəyirdin?
- Ola bilər ki, havamı dəyişmək və yeni enerji toplamaq üçün belə düşünürdüm. Amma ''Liverpul''un baş məşqçisi olmağımla qürur duyuram. Böyük təzyiqə baxmayaraq, bunu bir yük olaraq görmürəm. Gecələr başımı yastığa çox rahat şəkildə qoyuram. Amma həyatım bir qayda olaraq stadionlarda, otellərdə və hava limanlarında keçir. Düzdü, bəzən səyahətlər arasında vaxt tapıb evə yollanıram. Artıq bu həyata alışmışam. Amma Ullaya yalnız tətil zamanı vaxt ayıra bilirəm və bu da məni qane etmir. Bu baxımdan istədiyim həyata ən tez 2026-dan sonra nail olacam.
- Məşqçi karyeranda neçə oyuna çıxdığını bilirsənmi?
- Xeyr.
- 1000-ə yaxınlaşırsan. İndiyə qədər heç bir klubdan qovulmamağın da maraqlı faktdı.
- Bəli, məncə də qovulmamışam.
- 2001-də faktiki bir gecənin içində ''Maynts-05''in baş məşqçisi oldun. Bəlkə də ilk üç oyunda uduzsaydın, karyeran tam başqa cür alınacaqdı…
- ''Belə olsaydı, nə olacaqdı'' kimi düşüncələrə qapılmağı xoşlamıram. Elə sənə də məsləhət görmürəm. Düzdü, hər kəsin şəxsi fikri var. Amma bunu ciddi söhbət saymıram. Mən indi telefonla bundesliqanın sabiq oyunçusu ilə danışıram. Məncə, söhbətimiz daha ciddi olmalıdı.
- Məşhur olmaq xoşuna gəlirmi?
- Məşhur olmağı yox, uğurlu olmağı sevirəm. ''Liverpul'' kimi klubda qələbələr və titullar qazandıqca istər-istəməz məşhurluğun artır, sevilməyə başlayırsan.
- Ralf Hassenyuttl ''Leyptsiq''də işləyərkən bir dəfə yeni il ərəfəsində şlyapa taxaraq dükana getmiş və onu heç kim tanımamışdı. O düzdü ki, insanlar səni hətta Şaxta Baba geyimində də tanımışdılar?
- Bəli. İnanılmaz olsa da, bu həqiqətdi. İnsanlar məni yerişimdən tanımışdı.
- Həmkarın və dostun David Vaqnerə karyerasının əvvəlində ''dürüst ol və özün kimi qal'' məsləhətini vermişdin. Bunu o özü etiraf etmişdi.
- Ümumiyyətlə, xoşuma gəlməyən bir şey olanda qarşımdakının kişi və ya xanım olmasından asılı olmayaraq, bunu onun üzünə deyirəm. Əsas odu ki, bunu dərhal edirəm. Çünki 2-3 gündən sonra kimə əsəbləşdiyimi unuduram gedir.
- Əsas titulların son anda əldən çıxdığını nəzərə alsaq, ötən mövsümə necə qiymət vermək olar?
- Qiymət verməyəcəm. Mükəmməl mövsüm keçirdik. Qətiyyən mənə ''axı bəzi vacib titullar əldən çıxdı'' cümləsini söyləmə! Düzdü, hər uduzulan final insanı üzür. Bunun əksini iddia edən yalan söyləyir. Amma ÇL finalının ertəsi gün ikimərtəbəli avtobusla Liverpulun küçələrində dolaşdıq və fanatlarımızla birlikdə mövsümü gözəl şəkildə qeyd etdik. Yəni tətilə tək mən və Ulla yüksək əhval-ruhiyyədə yollanmadıq.
- ''Leyptsiq''dən transfer olunan Nəbi Keyta və İbrahima Konatedən razısanmı?
- Keyta ilk mövsümlərdə zədələrdən çox əziyyət çəkdi. Amma bu problemləri geridə qoyub. Ötən mövsümü yaxşı və sağlam keçirdi. Nəbi mükəmməl oyunçudu və paltardəyişmə otağında da çox sevilir. Məmləkətinə daim formalarla dolu çantalar göndərir. Konate də yaşına rəğmən, çox təcrübəlidi. Öyrənməyə meyillidi və istiqanlıdı. Qısa müddətdə komandaya alışdı.
- Sadio Maneni sənin ''Liverpul''da həyata keçirdiyin ən uğurlu transfer saymaq olar. Hələ birillik müqaviləsi var idi. Onu buraxmaya bilərdiz.
- Bəli, saxlaya bilərdik. Manenin ''Liverpul''dakı hekayəsi sonsuza qədər davam edəcək. Möhtəşəm 6 il keçirdik. Birlikdə sevindik və üzüldük. Amma bir reallıq var ki, o artıq həyatında yeni bir şey sınamaq istəyirdi. Biz də onun bu istəyinə qarşı çıxmadıq. İşin maddi tərəfi də var idi.
- ''Enfild Roud''dan tam başqa bir dünya olan Bavyera bölgəsinə köçmək, açığı, mənə bir qədər məntiqli görünmədi.
- Bu işə qarışa bilmərəm. Bu, onun öz seçimidi. Sadionu sevirik və ona ən yaxşısını arzulayırıq. Həm də tam ayrılmayıb. Çünki Liverpulda evi var.
- ''Maynts-05''də oynayarkən çox hirsli və mübariz futbolçu idin. Hamını motivasiya edirdin.
- Məğlub olmağı sevmirdim və haqsızlığı qəbul edə bilmirdim. İndi daha sakit olduğumu düşünürəm. Bir şey olan kimi dərhal atılıb-düşmürəm. Hər şeyə çılğın reaksiya vermək onsuz da əlavə üstünlük vermir. Əksinə kənardan pis görünür və üstəlik konsentrasiyanın itməsinə səbəb olur.
- Futbolçu karyerandan məmnunsanmı?
- Təbii ki, bundesliqa təcrübəsi yaşamaq da pis olmazdı. Amma 2-ci bundesliqada 300-dən çox oyuna çıxdığımı nəzərə alsaq, karyeramdam razıyam. Əslində futbol mentallığım bundesliqada oynamaq üçün uyğun idi. Amma istedadım yalnız 4-cü liqaya uyğun gəlirdi. Bu ikisi birləşincə ortaya 2-ci bundesliqaya uyğun bir oyunçu çıxdı.
ƏLİ