Azərbaycan futbolu xirtdəyə kimi problemin içindədi.
Təsəvvür belə etmək çətindi ki, biz bu mövsümün gedişində hansı hadisələrlə üzləşəcəyik. Premyer-liqanın yeni mövsümünün startına iki həftədən bir qədər artıq vaxt qalıb. AFFA-nın bəh-bəhlə elitaya buraxdığı “Kəpəz”lə “Turan “Tovuz”un maliyyə problemləri hələ də həll olunmayıb, bu iki klubun büdcəsi təsdiqlənməyib. Çünki pulun hardan gələcəyi bəlli deyil. Gah ortaya Futbolun İnkişaf Fondunu atırlar, gah da icra hakimiyyətlərinin adını çəkirlər. Amma ortada konkret heç nə yoxdu. Bu gedişlə olana da oxşamır. Tovuzlular Bakıya, AFFA-nın bazasına sığınıb və təlim-məşq toplanışının ilkin mərhələsini orda keçirib. “Kəpəz”in dərdi də eynidi. Yaşar Vahabzadənin çalışdırdığı komanda heyəti formalaşdırmağa çətinlik çəkir. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdədi. Allah göstərməsin, sabah həmin tribunalardan biri çöksə, faciə də qaçılmaz olacaq.
Bakıdan Şamaxıya köçürülən “Şamaxı”nın da problemləri az deyil. Zaur Axundovun dönəmində birtəhər başını girələyən “Şamaxı” hamıdan gec hazırlığa başladı. Özü də komandanın ətrafında uzun müddət baş məşqçi ilə bağlı qeyri-müəyyənlik yaşandı. Rəsmi baş məşqçi kimi Rüstəm Əliyev təsdiqlənsə də, “Şamaxı”nın heyətindəki azsaylı futbolçular Cavid Hüseynovun rəhbərliyi altında məşq keçirdi. Sonradan başa düşdülər ki, Cavidin premyer-liqada komanda çalışdırmaq üçün lisenziyası yoxdu. Dövriyyəyə daha bir məşqçi saldılar. İndi Vüqar Əsgərlinin adı kağız üzərində baş məşqçi kimi gedəcək, onun səlahiyyətlərini isə Cavid Hüseynov həyata keçirəcək. Rüstəm Əliyev də səbri çatana qədər “Şamaxı”nın düşərgəsində gününü keçirəcək, aldığı məvacibin xətrinə susmağa çalışacaq. Amma çətin ki, onu orda uzun müddət yola verələr. Biz belə ssenarilərdən o qədər görmüşük ki...
Hələ Tovuzdakı və Gəncədəki stadionların işıqlandırma sistemiylə bağlı problemləri də var. Eşitdiyimə görə, Gəncə stadionun təmiri üçün AFFA-da oturanlar yarım milyon manata yaxın smeta hazırlayıb. Özü də söhbət heç də əsaslı təmirdən yox, kosmetik işlərin görülməsindən gedir. Bu pulu ala bilsələr, Gəncə şəhər stadionunun uçuq-sökük yerlərini yamayacaqlar, divarlarına da əhəng sürtəcəklər. Ad olsun ki, stadion təmir olunub, “Kəpəz” rəqiblərini doğma meydanda qəbul edə bilər. “Turan Tovuz”un isə “işıqpulu” problemi var. Projektorların hər dəfə işə salınması bir ətək pul edə bilər ki, bu rəqəm də mövsümün sonuna qədər toplanıb, kluba ayrılan büdcənin yarısını “göyə sovurar”. Adam bilmir gülsün, yoxsa ağlasın. Bölgələrdə futbolun olmasının, Azərbaycan futbolunun iri addımlarla irəli getməsinin imitasiyası bülə biabırçılıqla yekunlaşmalıdı. Başqa variant mümkün deyil.
Sadaladığım problemlər şəxsi fantaziyamın məhsulu deyil. Azərbaycan futbolu ilə az-çox maraqlananlar, eləcə də “Turan Tovuz”la “Kəpəz”in sadiq azarkeşləri bunlardan xəbərdardı. Özü də bütün məsələlərlə bağlı müzakirələr ötən həftənin cümə günü AFFA-nın inzibati binasında da aparılıb. Yox, başbilənlərin belə şeylər vecinə deyil. Soruşanda da cavab gözləyənləri yola verəcəklər. Bu ürəkağrıdan problemlərdən PFL prezidenti Ramin Musayev də danışıb. Yeni mövsümün püşkatma mərasimindən sonra mətbuat konfransı keçirib, həmkarlarımın suallarını cavablayıb. Bir-bir də bu problemlərə toxunulub, səmimi etiraflar edilib. Hələ sözarası Hakim və Hakim-İnspektorlar Komitəsinin yeni sədri barədə də danışılıb. Musayev Rəhim Həsənovun gedişinə təəssüfləndiyini gizlətməyib, hakimliyimizin bu itkisinə görə sabiq sədr Frits Stuxliki də tənqid edib. Mən də ötən yazımda bu məqama toxunub, Rəhim Həsənovun hakimliyə qaytarılması üçün AFFA-nın əməli addımlar atacağına ümidli olduğumu yazmışdım.
Maraqlıdı ki, bu qədər problem futbol ictimaiyyəti və azarkeşlərimizin, o cümlədən də mətbuatın müəyyən qisminin vecinə də deyil. Gözləyirdik ki, ictimai müzakirələrə həmin problemlər çıxarılacaq, səlahiyyət sahiblərindən həlli tələb olunacaq. Amma təəssüf ki, belə olmadı. Püşkatma mərasimindən sonra müzakirə olunan məsələlərin heç biri böyük kütlənin diqqətini cəlb etmədi. Təkcə Ramin Musayevin Polşa “Lex”i haqda dediyi sözlərdən başqa. Hamı əlinə bir qılınc alıb PFL prezidentini qılınclamağa, polşalıların nüfuzunu qorumağa başladı. Görünən odu ki, bizə ciddi məsələlərin müzakirəsi, problemlərin həlli yollarının axtarılması lazım deyil. Bizimki odu ki, Ramin Musayevin ağzını güdüb, lağlağı etməyə mövzu axtaraq. Çox təəssüf!
AMAL