Belarusun Millətlər Liqası çərçivəsində yığmamıza uduzması bu ölkədə birmənalı qarşılanmayıb.
Bəzi idman saytları həm baş məşqçi Georgi Kondratyevi, həm də futbolçuları qınayıb.
Pressball.by:
"Belaruslar oyuna “2-ci nömrə” ilə qoşularaq, azərbaycanlılara top verib, əks-hücumlar axtarışındaydı. Azərbaycanlılar ilk hissənin ortasında fiziki cəhətdən yoruldu. Bundan istifadə edərək rəqibi daha çox öz qapısına doğru sıxıb, ələ düşən fürsətləri dəyərləndirmək olardı. Millidəki fəaliyyətinə görə az tənqid olunmayan Canni de Byazi fasilədə yetirmələrinə necə təsir etdisə, paltardəyişmə otağından qayıdan azərbaycanlılar meydana sanki final matçına çıxmışdı. Onlar ilk 10 dəqiqədə belarusları topsuz qoydu. Tədricən üstünlüyü ələ akan meydan sahibləri istəyinə nail olaraq qapımıza yol tapdı. Qoldan sonra rəqib nəfəsini dərdi və matçın taleyini həll etdi. Qapımıza vurulan qolların yetişməsində futbolçumuz Artyom Bıkovun da "rol"u danılmazdı. Birinci qolda o bərabər mübarizədə Emreliyə uduzdu. Nəticədə rəqib futbolçu uzaq küncü mahircəsinə nişan aldı. İkinci qolda Bıkov son müdafiəçi kimi işinin öhdəsindən gəlmədi. O, Şeydayevlə mübarizədə soyuqqanlı davranaraq onun qarşısını ala bilmədi. Bundan istifadə edən hücumçu rahat cərimə meydançasına soxulub Pavlyuçenkonu məyus etdi.
Ədalətli yanaşsaq, Georgi Kondratyev Braziliya millisini çalışdırmır. Amma onu fransızlar və ya norveçlilərlə də oyun gözləmirdi. Qazaxlar heç vaxt Belarus millisini məğlub edə bilməyib. Azərbaycan yığması da alınmaz qala deyildi ki, onu heç olmasa, bir dəfə fəth etməyəsən.
Belarus millisinin uğursuzluğunda bəxtsizlik elementi var? Bəlkə də. Bu, FİFA reytinqində 129-cu yerdə qərarlaşan komandaya məğlubiyyətə əsas verirmi? Bəxtlə əlaqələndirsək, o zaman Allah göstərməsin, San Marinoya da məğlub olsaq, eyni izahatı verəcəyik”.
ABDULLA İSMAYILOĞLU