Bakıda V Beynəlxalq Etnosport Forumuna start verilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif və 14 ölkədən nümayəndələr iştirak ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında tədbir iştirakçılarını salamlayıb və onları Bakıda görməyə şad olduğunu bildirib. Nazir Azərbaycanın müxtəlif forumlara və yarışlara ev sahibliyi etdiyini xatırladıb:
"Bundan sonra yerli idman növlərini inkişaf etdirmək istəyirik. Sizi nazirlik adından salamlayır, Bakıda görməyə şad olduğumu bildirirəm. Azərbaycana xoş gəlmisiniz. Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar təşkil olunub. Bizim təşəbbüsümüzlə zorxana idman növü Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarınının proqramına salınıb. Ölkəmizdə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı da baş tutub. Azərbaycanda 100-dən artıq idman qurğusu mövcuddu. Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək".
Ardınca Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxış edib. O, əsas məqsədlərinin insanlığın ümumi dəyərlərini saxlamaq, sülhə və həmrəyliyə töhvə verməkdən ibarət olduğunu diqqətə çatdırıb:
"İndi dünyada müharibədən danışılır. Biz çalışdıq ki, bu forumla insanlıq və xalqlar üçün rəngarəng tədbir təşkil edək. Hər bir xalqın mədəniyyəti dəyərlidir və hörmətə layiqdir. Dünya qara yox, daha rəngarəng olmalıdır. Hər bir ölkənin və xalqın idman növləri inkişaf etməlidir. İstəyirik ki, digər xalqlar və mədəniyyətlər bunu tanısınlar. Bugünkü forumda ənənəvi idmanların keçmişini və gələcəyini müzakirə edəcəyik. Əvvəlki forumlarda da bu idman növlərinin inkişafına töhvə vermişik. Etno idman növlərinin inkişafında sülh və həmrəylik önəmli rol oynayır. Bu sahədə işləmək istəyən bütün alimləri də işə cəlb edirik. Biz təqaüd proqramlarını da işə salmışıq. Fəlsəfə doktoru mükafatları verilməsi prosesləri işə başlayıb. Bəzi universitetlərdə tətqiqatçılarımız da var. Biz üzvlərimizin sayını artırmaq istəyirik. Amma ehtiyat edirik. Çünki qoşulmaq üçün səbəb olmalıdır. Hər forumun məzmunu da çox vacibdir. Çoxlu ölkə və millətin nümayəndələrini bir araya gətirmək böyük uğurdur. Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Ona, gənclər idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Növbəti forumumuz Türkiyədə olacaq. Bir daha iştiraka görə sizin hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatacaq.