Çempionlar Liqasının son mövsümündə fırtına kimi əsən “Qarabağ” srağagün Avropa Liqasında mübarizəni dayandırdı. Vitse-çempion artıq yola Konfrans Liqasında davam edəcək. Klubun əsas fanklubu “İmarət” uğursuzluğun günahını kimdə görür? “Qarabağ” bu oyunla Konfrans Liqasında uğur qazana bilər?
“Football-plus.az” bu suala cavab tapmaq üçün fanklubun fəallarından Elnur Quliyevlə əlaqə saxlayıb:
“Komanda sona kimi mübarizə apardı və normal oyun da göstərdi. Sadəcə, oyunçuların bir-birini tanıması və birlikdə oynaması üçün vaxt az olub. Məsələn, Riçard Almeyda və Reynaldo komandaya yeni gələndə heç də yaxşı oynamırdılar. Hətta bəzən düşünürdük ki, bunları haradan tapıb gətiriblər. Amma 6 aydan, yaxud yarım mövsümdən sonra onlar öz həqiqi güclərini göstərməyə başladılar. Ümid edirəm ki, Konfrans Liqasında uğurlu çıxış edərlər. Təbii ki, “Qarabağ” üçün bunu müəyyən mənada uğursuzluq saymaq olar. Çünki “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş bir komandadı. Amma digər tərəfdən, “böyük beşliy”ə daxil olan ölkələrin komandaları da bu turnirdə oynayır, uğur qazanmağa çalışırlar. Yeni futbolçuların səviyyəsinə gəlincə, bir futbolçu 10-15 oyunda iştirak etməlidi ki, onun səviyyəsi və komandaya nə dərəcədə uyğun olduğu barədə düzgün fikir formalaşdırmaq mümkün olsun”.
İSRAYIL XEYRULLAYEV