Uzun müddətdi, yaradıcı bir yarımmüdafiəçi transfer etmək istəyən, amma istəyinə çata bilməyən ''Qalatasaray'' sonda Xulio Ensisoya yönəlməli olub.
"Football-plus.az" xəbər verir ki, Bruno Fernandeş, Braim Dias, Camal Musiala kimi ulduzlardan əlini üzməli olan İstanbul nəhəngi 22 yaşlı Ensisoya görə ''Strasbur''a rəsmi təklif irəli sürüb.
Türkiyə mətbuatının yazdığına inansaq, ''Cim-Bom'' fransızlara birillik icarə üçün 5 milyon avro təklif edib. Amma müqavilədə məcburi transfer maddəsi yer almaq şərti ilə. Gələn yay ''sarı-qırmızılar'' daha 15 milyon avro ödəyərək paraqvaylını daimi əsasda transfer etməli olacaq. Yəni bu keçid kluba ümumilikdə 20 milyon avroya başa gələcək.
Həm oyun qurucusu mövqeyində, həm də cinahlarda oynamağı bacaran Ensiso texnikası, driblinqi, uzaqdan zərbələri ilə önə çıxır. Elə son mundialda da o özünü yaxşı tərəfdən göstərməyi bacardı və Türkiyəyə qarşı da inamlı oyun sərgilədi. Ensiso ötən mövsüm 43 rəsmi oyunda iştirak edərək aktivinə 12 qol, 9 məhsuldar ötürmə yazıb.
Danışıqlar prosesinin sonrakı mərhələsi ''Strasbur''un ''Qalatasaray''ın ilk təklifinə verəcəyi cavabdan asılı olacaq. Hələ ki, fransızlardan bir cavab gəlməyib.