Məlum olduğu kimi, “Turan Tovuz” heyətini Stiv Beusnard ilə gücləndirib. Fransalı futbolçu “Monpelye”nin yetirməsidi. O, son mövsümdə “Pau”nun heyətində 27 oyun keçirib. Beusnard karyerası ərzində həm də “Bezye” və “Ayaçço”nun formasını geyib. İş ondadı ki, bu keçid azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Ona görə ki, fransalının nə az, nə çox 34 yaşı var!
Düzdü, o, yetərincə təcrübəli futbolçusu. Çünki 2003-cü ildən bəri yaşıl meydanlardadı. Lakin bu məqamın “Turan Tovuz”a faydalı olub-olmayacağı sual altındadı. Çünki o, indiyə qədər avrokuboklarda forma geyməyib. Belə demək mümkündüsə, Fransanın aşağı liqalarında ömür sürüb. Son 6 ilini keçirdiyi “Pau”da meydana çıxdığı 176 matçda 10 qol, 8 məhsuldar ötürmə müəllifi olub.
Görünür, baş məşqçi Kurban Berdıyev mərkəz yarımmüdafiəçisinin xidmətindən yararlanaraq premyer-liqada uğur qazanmaq eşqinə düşüb. Əlbəttə, Beusnardın komandaya faydalı olacağını düşünmək mümkün olardı. Lakin “bozqurd”un mövsümlərarası fasilədə cəmi üç transfer etməsi nəinki onun, ümumiyyətlə, kollektivin yeni “futbol ili”ndə iddialı olacağı yönündə fikirləri özündən uzaqlaşdırır.
Görək, “Turan Tovuz” qalan günlərdə növbəti transferlərini həyata keçirəcək, yoxsa yeni mövsümə köhnə heyətlə başlamaqla böyük risk alacaq?
KƏNAN BAHADIR