''Trabzonspor'' son günlər danışıqlar apardığı ''Benfika''nın 23 yaşlı cinah müdafiəçisi Sidni Lopes Kabralın transferini tamamlayıb.
Klubdan verilən rəsmi açıqlamada bu futbolçu ilə beşillik müqavilə imzalandığı qeyd olunub. Kabralın illik qazancı 1,3 milyon avro təşkil edəcək. Daha öncə bu transferin qaradənizlilərə 10 milyon avroya başa gələcəyi qeyd olunurdu. Sonra 8 milyon avro iddia edilmişdi. Amma bu məbləğlərin heç biri doğru çıxmadı.
''Bordo-mavililər'' Kapo Verde yığmasının üzvünə görə ''Benfika''ya 7 milyon avro ödəyəcək. Bu məbləğ qarşı tərəfə 3 hissəyə bölünərək ödəniləcək. Bundan başqa Kabralın sonrakı satışından əldə olunacaq məbləğin 20 faizi də lissabonlulara çatacaq. Kabral ötən mövsümə ''Eştrela''da başlasa da, qışda ''Benfika''ya keçmişdi.
Qarşıdakı mundialda Kapo Verde yığmasının aparıcı üzvlərindən olacağı gözlənilən Kabral 2025/26-da meydana çıxdığı 28 rəsmi oyunda 6 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib.