Bizi ümidləndirən, sevindirən “Sabah” Belqraddan üzgün qayıtdı.
“Partizan” səddini keçmək mümkün olmadı. Masazır təmsilçisi avrokubokların debütantı olsa da, qitəmiqyaslı yarışlara yetərincə iddialı qatılmışdı. RFŞ üzərində hər iki oyunda qazanılan qələbə Murad Musayevin və onun komandasının çətin sınaqlara yaxşı hazırlaşmasının göstəricisi idi. Əzmkarlıq, qələbə istəyi yüksək səviyyədə idi. Bunun üzərinə heyətdə səviyyəli futbolçuların cəmləşməsini və komandanın yaxşı baş məşqçisinin olmasını gələndə gələcəyə ümidlə baxmaq üçün əsaslar var idi. Məhz elə bu səbəbdən “Partizan”la oyun ərəfəsində “Sabah”ın mərhələ adlamaq perespektivinə yetərincə inamlı yanaşır, bu tapşırığın çətin də olsa, real göründüyünü düşünürdüm. Lap az qalmışdı. Təəssüflər olsun ki, xırda nüanslar böyük uğurun gəlməsinə imkan vermədi.
Hər şey ondan başladı ki, “Partizan”la ilk oyunun startına dəqiqələr qalanda “Sabah”ın əsas futbolçularından biri sayılan, bir çox çətin məqamlarda komandanın yükünü çiyinlərində daşıyan Mikels meydana çıxmaqdan imtina etdi. Bəli, hər bir futbolçu klubunu dəyişmək istəyinə düşə bilər, daha çox qazanmağı arzulayar. Amma Mikelsin “Partizan”la, heç olmasa, “Bank Respublika Arena”dakı oyunda meydana çıxmaq istəməməsi peşəkarlığı bir kənara qoyuram, heç mənəviyyata da sığan hərəkət deyildi. Ən azı səni ikinci liqa klubundan gətirib avrokubok həyəcanı yaşadan, boynuna medal asan, çempionluq uğrunda yarışmağın həzzini hiss etdirən klubla və onun azarkeşləriylə normal şəkildə vidalaşmaq üçün kiçik bir fədakarlıq etməyə dəyərdi. Di gəl ki, Mikelsdə bu mənəvi keyfiyyətləri görmədik. Yaxşı ki, həmin axşam “Sabah”ın digər futbolçuları onun yoxluğunu hiss etdirmədi. Bəlkə də Mikels “Partizan”a qarşı meydana çıxsaydı və Aleksey İsayevin 69-cu dəqiqədə qaçırdığı penaltini vursaydı, indi bu sətirləri yazmayacaqdım. Şübhəsiz, Mikels “Sabah”la vida görüşündə topun başına keçər, “nöqtə”dən “çərçivə”ni dəqiq nişan alardı. Belədə “Sabah”ın azarkeşləri də onu alqışlarla yola salardılar.
Düzdü, 2:0 hesablı qələbə də pis deyildi. Amma razılaşmaq lazımdı ki, 3:0 hesabı daha əzəmətli üstünlükdü, onun psixoloji təsiri də böyükdü. Həm məğlub, həm də qalib tərəf üçün 3:0 hesabı xeyli ciddi görünür. Qaliblərin cavab oyununda azı iki dəfə səhv etmək imkanı olur. Məğlublar isə bu böyük hesabın gətirdiyi psixoloji təzyiqdən əziyyət çəkir, fərqin aradan qaldırılmasının mümkünsüz olduğu ilə barışıb, meydana ümidsiz çıxırlar. Necə ki, “Sabah” “Partizan”la Belqraddakı oyunda müdafiədə məhz iki dəfə kobud səhv etdi və həmin səhvlər qapımıza vurulan qollarla nəticələndi. Murad Musayevin komandası Masazırda meydandan sildiyi, dünyanı dar etdiyi rəqibindən Belqradda nə üçünsə çox çəkinirdi. Halbuki cavab oyununa hesabda üstün yollanan biz idik. Serbləri Bakıda üstələyib, evə iki cavabsız qolla məğlub yola salmışdıq. Həmin təzyiqi davam etdirmək lazım idi. Təəssüflər olsun ki, İsayevin Bakıdakı “qəhrəmanlığını” Jarl Marqarita Belqradda təkrarladı. Qroningenli hücumçu artıq 2-ci dəqiqədə “Sabahı” önə çıxaran qolu vura bilərdi. Bu zərbə “Partizan” üçün öldürücü olacaqdı. Jarl, demək olar ki, təkbətək çıxdığı epizodda inamlı davranıb, “çərçivə”yə dəqiq zərbə vursaydı, serblər bu şokdan ayıla bilməyəcəkdi.
“Partizan”nın bizi məyus etdiyi epizodların heç birisi Marqaritanın qaçırdığı epizoddandan daha real deyildi. Futbolda belə bir deyim var ki, qapıçının qaytardığı topu uzaqlaşdırmaq müdafiəçilərin borcudu. Çünki ilk zərbəni qaytaran qapıçı onsuz da mövqeyini itirir, topa reaksiya vermək imkanına malik olmur. Müdafiəçi rəqibini qabaqlamalı, topu uzaqlaşdırmalıdı. Təəssüf ki, “Partizan”ın ilk qolunda “Sabah”ın müdafiəçiləri bunu bacarmadılar. İkinci qolda isə “canlı sədd”in qurulmasında səhvə yol verildi. Daha çevik, amma cüssəsi o qədər də iri olmayan Amin Seyidovu “canlı sədd”ə qoyub, yaxın küncü onun bağlayacağına ümid etmək yanlış qərar idi. Amini cərimə meydançasına hücumçulara mane olmağa göndərmək, onun əvəzinə gövdəsi daha iri olan futbolçulardan birindən “divar” əvəzi istifadə etmək lazım idi. Təcrübəli Natxo da bu boşluğu gördü və ondan maksimum istifadə etdi. Topun yaxın küncə ünvanlandığını görən İmanov reaksiya göstərməyə çalışdı, amma buna hazırlıqlı olmadığı üçün müdaxiləsi uğursuz oldu.
Namik Ələskərovun penaltini inamsız yerinə yetirməsi “Sabah”ın mərhələ keçə bilməməsində həlledici məqam kimi görünür. Amma məlum məsələydi ki, meydan sahibləri doğma meydanda “lotoreya”nı udmağa daha yaxın olacaqdılar. Buna görə də məsələni vaxtında bitirmək, cütün taleyini 90 dəqiqə ərzində həll etmək lazım idi. Eybi yox, atalarımız keçənə güzəşt deyiblər. Sağlıq olsun, “Sabah” gələn mövsüm daha təcrübəli olar, belə səhvlərə yol verməz.
AMAL