Slovakiyada toplanış keçən ''Beşiktaş'' dünən birdən-birə iki yoxlama oyununda qüvvəsini sınayıb.
İstanbul nəhəngi əvvəlcə Avstriya təmsilçisi ''Mattersburq'', bir neçə saat sonra Polşa təmsilçisi ''Vidzev'' ilə qarşılaşıb. 35 dəqiqəlik hissələrdən ibarət olan hər iki oyun ''Pappelştadion''da keçirilib. Avstriyalılara qarşı oyun uğurlu alınıb. Fəallığı ilə seçilən və ilk yarıda bir neçə epizodda fanatların alqışını qazanan yeni transfer İlhan Fakılının ikinci hissənin əvvəllərində vurduğu baxımlı qol görüşdə yeganə olub. Amma ''Vidzev'' ilə oyun uğursuz alınıb. Baxmayaraq ki, komanda polşalılarla oyuna nisbətən güclü heyətlə çıxıb.
Hər halda bu dəfə start heyətində Calo, Uduoxai, Ndidi, Olaytan, Çernı, Mustafa Həkimoğlu kimi isimlər yer alıb. Amma ''Vidzev'' hər hissədə vurduğu bir qolla 2:0 hesablı qələbə qazanıb. Beləliklə, ''Beşiktaş'' bu yay ilk dəfə məğlub olub. Komanda 4 hazırlıq oyunundan 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, Əmirhan Topçu zədə, Orkun Kökçü ilə yeni transfer Kassum Uattara tam hazır olmadıqları üçün oyunlarda iştirak etməyiblər.
Yeni transferlərdən Salih Özcan ilə qapıçı Doğan Aləmdar da artıq Slovakiyadadı. Onlar oyunları meydanın kənarından izləyiblər.
''Beşiktaş'' iyulun 14-də də bir gündə iki oyun keçirəcək. ''Qartal'' Slovakiya təmsilçiləri - ''Maljenitse'' və Trnava ''Spartak''ı ilə qarşılaşacaq.