Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı

11.07.2026 12:47 45
Dünya futbolu / Aktual
Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” dünən təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

“Football-plus.az” klub saytına istinadla xəbər verir ki, komanda səviyyəsinə görə 4-cü liqada yarışan “Sandhauzen”lə qarşılaşıb. 8 qolun vurulduğu oyunda “qırmızı iblislər” qalib gəlib – 5:3.

İsti hava şəraitinə rəğmən, 2382 tamaşaçının tribunalardan izlədiyi görüş hərəsi 30 dəqiqədən ibarət olan 4 hissə davam edib. Toplanışa bazar ertəsi qatılan Mahir ikinci 30 dəqiqənin startında - hesab 1:1 ikən meydana çıxıb. Hücumçu məhsuldar hərəkətlə yadda qalmayıb.

Xatırladaq ki, “Kayzerslautern” 2-ci bundesliqanın yeni mövsümündə ilk matçını avqustun 8-də keçirəcək. “Qırmızı iblislər” həmin oyunda ötən mövsüm 1-ci bundesliqanı tərk edən “Volfsburq”un qonağı olacaq.

KƏNAN BAHADIR