Almaniya təmsilçisi ''Arminiya'' gənc türkiyəli yarımmüdafiəçi Burak İncə ilə yollarını ayırmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, bilefeldlilər 2004-cü il təvəllüdlü futbolçunu 2021/22-nin qış fasiləsində 1,3 milyon avroya ''Altınordu''dan transfer etmişdilər.
Komanda həmin vaxt bundesliqada çıxış edirdi. Amma bu transfer tərəflərdən heç birinə düşərli olmadı. 2016-cı ildə ''Altınordu'' Almaniyaya daha bir futbolçu - Çağlar Söyüncünü göndərmişdi. Mərkəz müdafiəçisinin ''Frayburq'' macərası uğurlu alınmış və o, daha sonra premyer-liqaya yollanmışdı. Burak İncə isə Almaniyada itib-batdı.
Demək olar, oynamaq şansı qazanmayan istedadlı futbolçu geridə qalan ilyarım ərzində yalnız 1-i start heyətində olmaqla cəmi 8 rəsmi oyuna çıxa bildi. 2025-ə qədər müqaviləsi olmasına rəğmən rəhbərlik onunla vidalaşdı. ''Arminiya'' özü də uğursuz performansla yadda qaldı. Komanda əvvəlcə elitanı, geridə qoyduğumuz mövsümdə isə 2-ci bundesliqanı tərk edərək 3-cü bundesliqaya yuvarlandı.
19 yaşlı futbolçuya ''İstanbul BŞ'', ''Konyaspor'', ''Hatayspor'', ''Qaziantep'', ''Kasımpaşa'' və ''Çaykur Rizəspor'' maraq göstərir.