Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"

18.07.2026 15:32 40
Ölkə futbolu / Aktual
Əvəzedicilər Liqasında da 2026/27 mövsümünün başlama tarixi müəyyənləşib. Peşəkar Futbol Liqasının saytında yer alan xəbərdən məlum olur ki, yeni mövsümdə turnirdə premyer-liqada çıxış edən bütün klubların əvəzedici komandaları mübarizə aparacaq. Yarışa avqustun 21-də start veriləcək.

Bu xəbərlə həm də o da aydın oldu ki, vaxtaşırı ləğv olunacağı gündəmə gələn çempionat azı daha bir il ömür sürəcək. Başqa məqam isə bütün klubların əvəzedici komandalarının iştirakıyla bağlıdı. Axı xatırlayırsızsa, ötən mövsüm AFFA-nın qərarı ilə premyer-liqaya yüksələn “Karvan-Yevlax” və “İmişli”yə güzəşt edilmiş, həmin kollektivlər bu liqada təmsil olunmamışdı. Görünür, bu dəfə hansısa güzəştdən söhbət getmir. Bütün elita təmsilçiləri komanda formalaşdırmalı, yarışda iştirak etməlidi.

Təbii ki, belədə ağla ötən il güzəştdən yararlanan “İmişli” və 1-ci liqada çempion olan, yeni “futbol ili”ndə premyer-liqada çıxış etmək hüququ qazanan “Şəfa” gəlir. Düzdü, Aran təmsilçisi artıq əvəzedici komanda qurub, Rahid Usubovu bu kollektivin baş məşqçisi postuna təyin edib. Ancaq bakılılardan bu istiqamətdə hansısa xəbər almamışıq.

Bəs, sözügedən komandaların cari durumu necədi? Klublar bu vəzifənin öhdəsindən gələ biləcəklərmi? Bu suallarla Rahid bəyə və “Şəfa”nın mətbuat xidmətinin rəhbəri Heybət Məmmədova müraciət etdik.

Rahid Usubov:

“Artıq yeni komanda formalaşdırmışıq. Heyətdə xeyli futbolçu var. Qarşıdakı günlərdə daha bir neçə oyunçuyla güclənə bilərik. Bu yaxınlarda təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Hər şey qaydasındadı. Ciddi problem yoxdu. İşimizin öhdəsindən gəlməyə çalışacağıq. Kollektivdə böyük ehtimalla legioner olmayacaq. Ancaq əsas komandadan hansısa səbəbdən bizim heyətə gələcək əcnəbi futbolçulara bacardığımız qədər şans verəcəyik”.

Heybət Məmmədov:

“Bəli, premyer-liqaya gələn hər bir komanda kimi bizim üçün də əvəzedicilərin çempionatına hazırlaşmaq çətindi. Amma qaydalara əməl etməliyik. Yaxın vaxtlarda əvəzedici komanda ilə bağlı qərarlarımızı və planlarımızı açıqlayacağıq".

KƏNAN BAHADIR