Dünya çempionatına vəsiqə qazana bilməyən Nigeriya yığmasını qarşıda iki yoxlama oyunu gözləyir.
"Football-plus.az" xəbər verir ki, “Superqartallar” iyunun 3-də Polşa, 10-da isə Portuqaliya ilə qarşılaşacaq.
Bu arada baş məşqçi Erik Şellin yığmanın iki aparıcı üzvünü – Viktor Osimhenlə Ademola Lukmanı heyətə salmaması maraq doğurub. Təbii ki, məşqçi bu duruma açıqlıq gətirmək məcburiyyətində qalıb. O, yerli kanallardan birinə verdiyi açıqlamada əvvəlcə bəzi futbolçuların viza problemi yaşadığını və bu üzdən müəyyən çətinliklərlə qarşılaşdıqlarını bildirib.
Şell Osimhenə çatdıqda isə sözün əsil mənasında “bomba partladıb”:
“Osimhenin klubunu dəyişməsi ehtimalı böyükdü. Hazırda diqqətini bu məsələyə yönəldib. Diqqətini yığmaya yönəldə bilməyən futbolçunun oyuna çıxmaması və evdə qalması daha məqsədəuyğundu”.
Baş məşqçinin bu açıqlaması “Qalatasaray” cəbhəsində aydın səmada şimşək effekti verib. Çünki nigeriyalı ulduzun hansısa klubla danışıq aparması barədə Türkiyə və Avropa mətbuatında heç bir məlumat yoxdu. Yeni fakt ortaya atılandan sonra türkiyəli həmkarlarımız məsələni araşdıraraq belə desək, tunelin sonunda “Çelsi” tərəfdən işıq gəldiyini müəyyənləşdiriblər. Ancaq ola bilər ki, London nəhəngi Osimhenlə gizli danışıqlar aparır.
“Qalatasaray”ın özünə isə hələlik heç bir rəsmi təklif irəli sürülməyib. Türkiyə çempionu yeni mövsümdə də Osimhenlə bağlı ciddi planlar qurur və iddialara inansaq, onu 150 milyon avrodan aşağı qiymətə satmayacaq. İddiaların artdığını və vəziyyətin cızından çıxdığını görən Osimhen durumu “malalamaq” məcburiyyətində qalıb. O, “instaqram”ın hekayə bölümündə etdiyi paylaşımda bunları yazıb:
“Erik Şell ilə son müsahibəsində mənlə bağlı dediyi sözlər haqda telefonla danışdım. Təəssüf ki, bəzi sözləri konteksdən çıxardılıb və şişirdilib. “Qalatasaray”a böyük hörməti var və oyunlarımızı da tez-tez izləyir. Hansısa problem yaratmaq niyyəti olmayıb. Xahiş edirəm, bu mövzudakı dedi-qodulara güvənməyin”.
“Qalatasaray”ın göz bəbəyi hesab olunan və geridə qoyduğumuz mövsümdə 33 rəsmi oyunda 22 qol, 8 məhsuldar ötürməlik performans sərgiləyən 27 yaşlı futbolçunun “sarı-qırmızılar”la 2029-a qədər müqaviləsinin olduğunu da xatırladaq