AFFA İcraiyyə Koməsi müjdəni verdi.
Növbəti mövsüm divizionu 3 yeni komanda rövnəqləndirəcək. Üçü də bölgə təmsilçisidi. Yəni ki, divizionun, daha doğrusu, Azərbaycan futbolunun arealı bir qədər də genişlənəcək. Nə deyirik, xeyirli-uğurlu olsun!
Amma divizion üçün müraciət edənlərin heç də hamısına "buyurun" deyilməyib. Konkret "Xan Lənkəran"la qayda-qanunun dili ilə danışılıb. Bravo, eşq olsun! Həmişə belə! Əlbəttə, qayda-qanuna ilk növbədə onu müəyyənləşdirənlər əməl etməlidi. Ki, başqalarına nümunə olsun. Qayda-qanunun yanından keçmək həvəsinə düşməsinlər. Amma axı bunun əksini də az görməmişik. Qayda-qanunlar futbolumuzu idarə edənlərin tüpürcəyindən o qədər islanıb ki...
İşlərinə yarıyanda, özlərinə lazım olanda tüpürcək yarışına girişiblər. Qərarlarını əsaslandırmaq üçün də dəridən-qabıqdan çıxmayıblar. Vallah, heç də az deyil belə nümunələr. Çempion komandaların haqqına tüpürüb, aşağıdan yuxarı istədiklərini dartıblar.
Yenə tüpürün, cənablar! Vallah, heç nə olan deyil. Bir az danışıb susacaq qayda-qanun aşiqləri. "Xan Lənkəran" divizionun tələblərini qarşılaya bilirsə, "şlaqbaum"u qaldırın, gəlsin. Divizion daha da rövnəqlənsin. Hadi bakalım, kolay gəlsin!
KƏNAN HƏSƏNOV