Kazbek Tuayevin universallığı - KÖŞƏ

28.04.2022 22:10 1 230
Manşet / Yazarlar
"Öyrənmək heç vaxt gec deyil" deyirlər. Mən də fikirləşirəm ki, yaşımın bu vaxtında yenidən öyrənməyə başlayım. Nə olsun ki, 41 yaşımı tamamlayıb, 42-yə doğru addımlamaqdayam. Yenə də öyrənməyə ehtiyacım var. Öyrənməli, özümdə çatışmayan nələr varsa, onları təkmilləşdirməli və sürətlə inkişaf etməliyəm. Başqa yolum yoxdu. Bununla həm maddi baxımdan rifahımı daha da yaxşılaşdıra bilərəm, həm də məşhurlaşaram, şan-şöhrətin ləzzətini dadaram.

Nə öyrənməliyəm? Xarici dillər, yoxsa kompüterdə daha yaxşı işləməyi? Yox, əzizlərim. Onu da deyim ki, kompüteri çoxdan öyrənmişəm. Bilgisayarla tanışlığımın tarixi azı 22 il əvvələ gedir. Həmin vaxt ciddi məbləğ ödəyib, hazırlıq kurslarına getmişəm. Hətta kursu müvəffəqiyyətlə bitirmək barədə sertifikat da almışam. İstəyən olsa, göstərə də bilərəm. Dil biliklərim də pis deyil. Rus və türk dillərini yaxşı bilirəm. Həm yazıram, həm də danışıram. Üstəlik, qazax dilini də bilirəm. Zarafat deyil, 50 ay Qazaxıstanda yaşamışam. İngilis dilində də çulumu sudan çıxaracaq səviyyədə danışıb, anlaşa bilirəm.

Amma bunların heç biri mənə arzuladığım səviyyəyə çatmağa yetmir. Kimdi bizi irəli çəkib, bilik və bacarığımızı yoxlayan? Biz kasıb, lakin məğrur kişilərin oğullarıyıq. Ona görə də elə kasıb və məğrur ömür sürürük. Həyatımızı dəyişmək istəyiriksə, daha nələrsə öyrənməli, "artırmalıyıq". Mən artıq qərarımı vermişəm. Bəli, dostlar. Fikrim qətidi. Bundan sonra Kazbek Tuayevdən öyrənəcəm. Ümid edirəm ki, məndə də alınacaq.
Bilirəm ki, bu sözlərimi oxuyub güləniniz də var, təəccüblənəniz də. Deyirsiz ki, başıma hava gəlib, heç 42 yaşına doğru gedən, artıq çəkisi "göz oxşayan", saçları bəyazlanmış biri bundan sonra futbol oynamağı öyrənə bilər?! Əlbəttə, bilməz. Mən Kazbek Əliyeviçdən futbol oynamağı öyrənməyəcəm. Heç onun özü də indi bunu bacarmır. Kiməsə futbol oynamağı öyrədəcək yaşda da deyil. Mən ondan danışarkən adam tərifləməyi öyrənəcəm.

Veteran futbolçumuzun son müsahibələrindən birini oxuyandan sonra bu qərara gəlmişəm. Adam müsahibəsinin əvvəllində Elxan Məmmədovu tərifləyib. İddia edib ki, Elxan bəy FİFA-nın prezidenti olmağa layiq kadrdı. Kimin buna şübhəsi var? AFFA İcraiyyə Komitəsinin ağsaqqal üzvü sonra sözlərinə Canni İnfantino ilə bağlı xoş sözlər də əlavə edib ki, arada inciklik olmasın. Sonrası daha maraqlıdı. Kazbek Əliyeviç keçid edib Qurban Qurbanova. Hələ macal tapıb ölkə başçısı İlham Əliyevə də minnatdarlığını dilə gətirib. Ən sonda isə gənclər və idman naziri Fərid Qayıbov yada düşüb. Son "bir kaç kəlmə"də gənc nazir tərif payını alıb.

Bunu hər adam bacarar? Mən inanmıram. Amma ona inanıram ki, öz üzərimdə yaxşı çalışsam, Kazbek Əliyeviçdən öyrənə bilərəm. Getdim öyrənməyə!

AMAL