Farsların bir maraqlı məsəli var, məzmunu belədi ki, vərdişi tərgitmək xəstəliyə səbəb olur.
Mənim də çoxdankı vərdişim var – hər səhər Rusiya mediasına göz atmadan dayana bilmirəm. Əsas hədəfim də o olur ki, görüm yenə haqqımızda nə hətərən-pətərən yazıblar. Dünən “Sport-Ekspress”in “ÇM-2022 proydyot bez Rossii” manşetini görəndə çiçəyim çırtladı. Deməli, İdman Arbitraj Məhkəməsi Rusiya Futbol İttifaqının əvvəlcədən martın 24-nə təyin olunan, ancaq Rusiyanın Ukrayna təcavüzü üzündən FİFA-nın ləğv etdiyi Polşa ilə oyunun təxirə salınması ilə bağlı tələbini növbəti dəfə geri çevirib. Bu isə o deməkdi ki, ilin son aylarında Qətər səhralarında keçiriləcək dünya çempionatında rus futbolçuların gül camalını görməyəcəyik. Əslində 2014-də Krımın işğalından sonra dünya futbol ailəsi DÇ-2018-in təşkilatçılıq hüququnu Rusiyadan almalıydı. Bu gün Ukraynada öldürülən minlərlə günahsız adamın qanı həm də FİFA-nın vicdanına yazılmalıdı.
Burası aydındı, mənim demək istədiyim başqadı. Bu gün də Azərbaycanın futbol ailəsinə ruslardan ötrü sinov gedənlərin, hər imkanda onları dəstəkləyənlərin sayı-hesabı yoxdu. İndi deyəcəyim sözlərin belələrinin vicdanını oyadıb-oyadacağını bilmirəm. Amma demək mənim borcumdu. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması sizin üçün heç nədisə, qoy olsun. Onlarla şəhərimizi, yüzlərlə kəndimizi daş-kəsək şəklində azad etməyimiz heç nədisə, qoy olsun. Sadəcə və sadəcə...
Bu günü martın 23-ü yox, fevralın 26-sı bilin, metronun “Xətai” stansiyasından çıxıb, yazla qışın sərin-qarışıq havasından uda-uda Xocalı qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsinin önünə baş çəkin. Orda 366-cı alayı yadınıza salın, kövrələ bilirsizsə, kövrəlin, kövrələ bilmirsizsə, sərlövhəyə çıxardığım sözləri dəfələrlə təkrarlayın və uzaqlaşın.
ORXAN