Rusiyanın Ukraynaya hərbi təcavüzünün bu ölkənin futboluna ciddi zərbələr vurduğu məlumdu.
Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya komandalarının bütün turnirlərdən qeyri-müəyyən müddətə kənarlaşdırıldığını bəyan etmişdi. Rusiya Futbol İttifaqı (RFİ) bu təşkilatların qərarına etiraz əlaməti olaraq martın 7-də İdman Arbitraj Məhkəməsinə (İAM) üz tutmuşdu. İddia ərizəsində məsələyə qısa zamanda baxılmasını və sanksiyaların müvəqqəti də olsa dayandırılmasını istəyən RFİ rəhbərliyi UEFA və FİFA-nın qərarının heç bir hüquqi əsasının olmadığını vurğulamışdı. Lakin İAM rusların ilkin tələbini geri çevirmişdi. Bu qərar isə sanksiyaları qüvvədə saxlamışdı.
İsveçrənin Lozanna şəhərində yerləşən məhkəmə RFİ-nin şikayətinə baxılması prosesini davam etdirirdi. Amma bu instansiya rusların etirazını yenə geri çevirib. RFİ DÇ-2022-nin pley-off mərhələsinin martın 24-nə təyin olunan, lakin FİFA-nın qərarı ilə ləğv edilən Rusiya – Polşa matçının təxirə salınmasını istəsə də, bu xahiş də əsassız sayılıb. Beləliklə, Rusiya yığmasının Qətərdə ilin son aylarında keçiriləcək mundialda iştirakı mümkün olmayacaq.
İAM rusların şikayətini növbəti dəfə geri çevirdi
Dünya futbolu


