Bəhlulla Diallo müqavilə bağladı, Eksteyn artıq Bakıdadı
Mövsüm bitən kimi “təmizlik” işlərinə start verilən “Sabah”dan 7 futbolçunun ayrılmasından sonra əsas diqqət komandanın gücləndirilməsinə yönəlib. Bir neçə gün öncəyə qədər dörd futbolçunu – Ruslan Abışov, Kevin Kubemba, Cavid Tağıyev və Məhəmməd Mirzəbəyovu rənglərinə bağlayan “tələbələr” dayanmaq bilmir.
Növbəti transfer Bəhlul Mustafazadə olub. Son mövsümdə “Qəbələ”nin uğurları üçün tər tökən və adından söz etdirən gənc müdafiəçinin xaricə yollanacağı gözlənilsə də, Bəhlul “Sabah”da peyda oldu. Buna qədər elitada “Sumqayıt”ın da şərəfini qoruyan 22 yaşlı müdafiəçi yeni klubuyla 3 illik müqaviləyə imza atıb. Bakılılar Mustafazadəyə görə “Qəbələ”yə müəyyən vəsait ödəsələr də, məbləğ açıqlanmır. Əsas yığmanın baş məşqçisi Nikola Yurçeviçin də diqqətini çəkən futbolçu “Sabah”da “27” nömrə altında oynayacaq.
Dünən isə daha bir keçid rəsmiləşdi. Söhbət Amadu Diallodan gedir. 25 yaşı olan və hücum xəttində çıxış edən futbolçu əslən qvineyalı olsa da, Fransada doğulub və futbolun sirlərinə orda yiyələnib. Onunla ikiillik anlaşma əldə olunub. Diallo karyerası ərzində Fransanın “Monako B”, Belçikanın “Namur”, “Vayt Star”, “Serkl Brügge” komandalarının uğurları üçün tər töküb. Sonuncu iş yeri isə Fransanın aşağı dəstə təmsilçisi “Red Star” olub. 2018/19 mövsümündə bu komandada 26 oyunda forma geyib və 3 qola imzasını yazdırıb. Qeyd edək ki, Amadu vaxtilə Qvineyanın U-23 millisinə cəlb olunsa da, əsas yığmada oynamaq ona qismət olmayıb.
Lakin bu hələ son deyil. Ortaya hansısa problem çıxmasa, “tələbələr” bu gün növbəti transferini açıqlayacaq. Bu, bir müddət öncəyə qədər “Qarabağ”ın da diqqət mərkəzində olan Hendrik Eksteyndi. Ötən mövsüm “Kayzer Çifs”in şərəfini qoruyan yarımmüdafiəçi “Sabah”la müqavilə bağlayacaq. Dünən öyrəndik ki, Eksteyn tibbi müayinədən keçmək üçün dünən Bakıya gəlib və bu gün münasibətlər rəsmiləşəndən sonra məşqlərə başlayacaq. 28 yaşlı cənubi afrikalı futbolçu sonuncu mövsümdə “Kayzer Çifts”in formasında 19 oyunda meydana çıxıb ki, 1 qola imzasını yazdırıb. Sonuncu dəfə aprelin 23-də forma geyib. 2015-ci ildə Cənubi Afrika millisinin heyətində iki yoldaşlıq görüşünün həyəcanını yaşadığını da maraq üçün qeyd edək.
HƏBİB