Yay transfer dönəminin ən fəal klubu olan “Sabah” dayanmaq bilmir. Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərlan Əhmədli, Vanderson Silva, Tərzin Cahangirov, Erik Ramos və Elgün Nəbiyevlə yollarını ayırıb, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Cavid Tağıyev, Kevin Kubemba, Amadu Diallo, Hendrik Eksteyn kimi futbolçularla heyətini gücləndirən paytaxt təmsilçisində yeni adların olacağı gözlənilən idi.
Bir neçə gün əvvəl qəzetimizə müsahibə verən Elşad Əhmədov transfer çalışmalarının böyük ölçüdə başa çatdığını desə də, bir neçə yeni gənc adların olacağını istisna etməmişdi. Artıq həmin futbolçuların adlarına aydınlıq gəlib. Bunlar Abbas Ağazadə ilə Anar Panayevdi. Hər ikisi ilə 3 illik anlaşma əldə olunub.
1999-cu il doğumlu Abbas “Qəbələ”dən dəvət olunub. Bu klubun akademiyasında yetişən bəstəboy yarımmüdafiəçi U-21-in üzvü sayılır və son mövsümü birinci divizionda mübarizə aparan MOİK-də keçirib.
Anar isə “Anji”nin futbol məktəbində yetişib. Ağazadədən bir yaş kiçik olan Panayev də yarımmüdafiəçidi.
HƏBİB