“Yunayted” ənənəvi şam yeməyini ləğv etdi - Varan azarkeşlərə müraciətdə nələr dedi?

17.05.2024 22:50
Aktual
Bu yay avrokuboklara qatılması sual altında olan “Mançester Yunayted” mövsümün bitməsi münasibəti ilə təşkil edilən ənənəvi şam yeməyini ləğv edib.

“Football-plus.az” xəbər verir ki, bu qərar komandanın formasındakı eniş, həmçinin mayın 25-də “Mançester Siti” ilə keçiriləcək İngiltərə kubokunun finalına daha yaxşı hazırlaşmaq niyyəti ilə izah olunur.

Klub hər mövsümün sonunda “Old Trafford”un ərazisində ənənəvi şam yeməyi təşkil edir. Mərasimdə müxtəlif mükafatlar, o cümlədən ser Mett Basbinin adını daşıyan mövsümün ən yaxşı oyunçusu, həmçinin ən yaxşı gənc oyunçu mükafatları təqdim olunur. Şam yeməyində klubun kişilərdən və qadınlardan ibarət əsas komandaları, akademiyanın oyunçuları, məşqçi heyəti, klub əməkdaşları, azarkeşlər və sponsorlar iştirak edir. Əvvəlcədən tədbir mayın 20-nə planlaşdırılmışdı, ancaq baş məşqçi Erik ten Haq və klub rəhbərliyi ilə müzakirələrdən sonra şam yeməyi final ərəfəsində mümkün yayındırıcı amil kimi ləğv olunub. Bununla belə, oyunçular klubun tərəfdaşlarının, məşqçilərinin və azarkeşlərinin səsverməsi əsasında sahibini tapan mükafatları alacaqlar.

Maraqlıdı ki, komanda 2021/22 mövsümündə Ralf Ranqnikin rəhbərliyi altında arzuolunmaz nəticələr göstərəndə də belə tədbir keçirilməmişdi.
Bu arada mövsümün sonunda “Yunayted”dən azad agent kimi ayrılacaq Rafael Varan azarkeşlər üçün vida müraciəti yayıb:
“Bu xüsusi klub üçün oynadığım, formasını daşıdığım gözəl illər idi. “Mançester Yunayted”in oyunçusu kimi ilk dəfə “Old Trafford”a qədəm qoyanda az qala ağlımı itirəcəkdim. Möhtəşəm atmosfer var idi. Kluba, azarkeşlərə vuruldum. Bunun nə olduğunu anlamaq üçün “Mançester Yunayted”də oynamaq lazımdı. Uşaqlarım üçün bura doğma evdi. Mənim üçün isə həyatım boyunca xüsusi yer kimi qalacaq. Azarkeşlər “Uembli”ni ziyarət edəndə bunu bütün həyatları boyunca xatırlayırlar. Bu anı (ötən mövsüm qazanılan Liqa kubokunu nəzərdə tutur – red.) onlarla bölüşmək möhtəşəm idi. Mürəkkəb mövsüm keçirməyimizə baxmayaraq, gələcəyə nikbin baxıram. Yeni sahiblər kliba dəqiq plan və əla strategiya ilə gəlib. Bu mövsümdəki son ev oyununda vidalaşmaq üçün sizi “Old Trafford”da gözləyirəm. Şübhəsiz, mənim üçün çox emosional gün olacaq”.


Xatırladaq ki, fransalı müdafiəçi 2021-ci ildən bəri “qırmızı şeytanlar”ın şərəfini qoruyur. O, “Yunayted”in heyətində keçirdiyi 93 oyunda iki qol vurub və bir məhsuldar ötürmə verib.